Avropadan Ermənilərə ard-arda iki Qarabağ silləsi
Dünən Avropanın ayrı-ayrı məkanlarında Qarabağ münaqişəsi, Azərbaycan
torpaqlarının işğalı ilə bağlı iki mühüm sənəd qəbul olunub. Bunlardan
biri ATƏT-in Parlament Assambleyası (PA), digəri Almaniya hökuməti
tərəfindən qəbul olunub.
ATƏT-in Parlament Assambleyası (PA) iyulun 5-9-da keçirilən Helsinki
sessiyasının nəticələri üzrə yekun bəyyanamə qəbul edib. Bu barədə Trend
ATƏT-in saytına istinadən məlumat verir. Bəyannamə münaqişələr
nəticəsində qaçqın və məcburi köçkün olmuş Azərbaycan, Gürcüstan,
Moldova və Ukrayna əhalisinin təhlükəsizliyin və şərəf və ləyaqətə
hörmətin təmin edilməsi şərtilə evlərinə qayıtmasının ayrılmaz hüquqları
olduğunu bir daha təsdiq edir. Həmçinin bu fəaliyyətlərin həyata
keçirilməsi üçün lazımi şəraitlərin yaradılmasının zəruriliyi
vurğulanır.
Yekun bəyannamənin 4-cü maddəsində ATƏT regionunda həlli uzanan
münaqişələrin sülh və danışıqlar yolu ilə nizamlanması üzrə səylərin
fəallaşdırılmasının, güc tətbiqindən çəkinməyin və ölkələrin ərazi
bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmanın zəruriliyi qeyd edilir.
Bəyannamə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada münaqişələrin bu
ölkələrin bütün əhalisi üçün sabit, firavan və demokratik gələcəyin
təmin edilməsi məqsədilə Helsinki Yekun Aktının və beynəxalq hüququn
prinsiplərinə riayət etməklə uzunmüddətli sülh yolu ilə həllinin
axtarışı üzrə səyləri dəstəkləyir.
Yekun bəyannamə münaqişənin toxunduğu bütün tərəfləri, o cümlədən
Azərbaycana da toxunan münaqişələrin hərtərəfli və siyasi nizamlanmasına
nail olmaq naminə, xüsusilə, dövlətlərin suverenliyinə və ərazi
bütövlüyünə aid beynəlxalq norma və prinsiplər əsasında danışıqlar yolu
ilə həlli axtarışlarında xoş niyyətlə iştirak etməyə çağırır.
Xatırladaq ki, ATƏT-in Parlament Assambleyasının iyulun 7-də Helsinkidə
keçirilən yay sessiyasında Milli Məclisin deputatı, Assambleyanın Siyasi
məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin
hazırladığı "ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki
prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul edilib. Qətnamədə Azərbaycan,
Gürcüstan, Moldova və Ukraynada mövcud olan münaqişələrin yalnız
beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin
ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri
əsasında həllinin vacibliyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinin yerinə yetirilməsinin, münaqişələr nəticəsində
məcburi köçkün düşmüş insanların doğma yurdlarına qeyd-şərtsiz
qaytarılmalarının zəruriliyi qeyd edilir. 19 maddədən ibarət qətnamədə
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığı prinsipləri dəstəklənir.
Bundan başqa Almaniya Federal Respublikası (AFR) Ermənistanı işğalçı
kimi tanıyıb. Belə ki, publika.az "Vesti Kafkaz” saytına istinadən xəbər
verir ki, bu barədə fikirlər AFR hökumətinin 11-ci hesabatında yer
alıb. "Ermənistan beynəlxalq hüquqa əsasən Azərbaycana aid olan Dağlıq
Qarabağ və digər ərazilərdə insan hüquqlarının vəziyyətinə görə
məsuliyyət daşıyır. Bu ərazilər 1994-cü ildə atəşkəs müqaviləsi
imzalanandan bu yana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan
torpaqlarıdır. Bu gün yüz minlərlə azərbaycanlı məcburi köçkün bu
rayonlara qayıda bilmirlər”, – deyə hesabatın 204-cü səhifəsində qeyd
olunub.
Hesabatda açıq şəkildə bildirilir ki, Almaniyanın Xarici İşlər Nazirliyi
erməni tərəfinin inadla təqdim etdiyi "Qarabağ dövlət quruluşu” haqda
miflərə inanmır. Rəsmi Berlin yaxşı bilir ki, işğal olunmuş ərazilərdə
insan haqlarının vəziyyətinə qondarma "DQR” yox, məhz Ermənistan
məsuliyyət daşıyır.