Avropalı diplomatlar "Yeni Azərbaycan"ın məqaləsinə susdular!Hakim Yeni Azərbaycan Partiyasının (YAP) nəşr orqanı olan "Yeni Azərbaycan" qəzetində diplomatik korpus təmsilçilərinin İctimai Palata (İP) rəhbərliyilə görüşünə həsr olunmuş maraqlı məqalə dərc olunub. “Vətəninfo.az”ın məlumatına görə, "Diplomatik sifariş: müxalifət, "Eurovision"a hazır ol" adlı yazıda avropalı diplomatlar, xüsusilə də Almaniya "Eurovision 2012"-yə qarşı düşmənçilik intriqası aparmaqda, bu məqsədlə müxalifətdən yararlanmaqda ittiham edilir.
Məqaləni unikal bir kollaj bəzəyir. Bu kollajda mərkəzdən Almaniya tarixinin iki ən önəmli siması - Otto fon Bismarkla, 1933-45-ci illər arasında Almaniyada hakimiyyətdə olmuş faşist Adolf Hitlerin, yanlarda Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle və almaniyalı nazir Markus Löninqin, aşağıdan isə Əli Kərimli, Rəsul Quliyev və İsa Qəmbərin şəkilləri yer alıb.
Məqalədə deyilir:
“Aprelin 24-də Müsavat partiyasının qərargahında ATƏT, Aİ, ABŞ, Türkiyə və Avropa ölkələrinin diplomatları radikal müxalifət partiyalarının və bəzi müxalifyönlü QHT-lərin rəhbərləri ilə görüş keçirib. Görüşdən sonra Müsavat partiyasının sədri İsa Qəmbər və AXCP sədri Əli Kərimli mətbuata heç bir informasiya yükü olmayan açıqlama veriblər. Lakin müxalifətdəki mənbəmiz 3 saat ərzində qızğın müzakirələrin getdiyini bildirib. Belə ki, görüşdə Azərbaycanda gedən ictimai-siyasi proseslər, keçirilmiş son mitinqlərin nəticələri, “siyasi məhbus” olduqları iddia edilən müxalifət fəallarının azad olunması, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər, söz azadlığı ilə bağlı vəziyyət, mülkiyyət hüququ və digər məsələlər müzakirə olunub.
Mənbəmiz bildirib ki, müxalifət nümayəndələri artıq iki dəfə razılaşdırılmış mitinq təşkil etdiklərini qeyd edərək mayın 6-na təyin olunmuş aksiyanın şəhərin mərkəzində keçirilməsi üçün Azərbaycan hökumətinə təzyiq göstərilməsini xahiş ediblər.
İsa Qəmbər deyib ki, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər, partiyaların maliyyələşməsi ilə bağlı məsələ müzakirə olunarkən onların rəyi soruşulmayıb. Nəticədə Müsavat partiyası və AXCP maliyyələşmədən kənarda qalıblar. Bununla əlaqədar İsa Qəmbər və Əli Kərimli xarici diplomatlardan “İctimai Palata”nın maliyyələşməsi və AXCP ilə Müsavata yardımların ayrılmasını xahiş ediblər.
İndi bəlli olur ki, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər müzakirə olunan zaman dağıdıcı müxalifətin funksionerləri partiyalara verilən ianələrin köçürmə yolu ilə həyata keçirilməsi, habelə partiyaların müvafiq dövlət orqanına maliyyə hesabatı verməsi və məlumatı mətbuatda dərc etməsi ilə bağlı müddəalara niyə kəskin etiraz edirdilər.
Maraqlıdır ki, görüşdə iştirak edən ATƏT-in Bakı ofisinin nümayəndəsinin “Siyasi partiyalar haqqında” Qanunun Avropa standartlarına uyğun olması barədə fikri müxalifətçilərin etirazlarına səbəb olub.
Daha sonra onlar diplomatlardan “Eurovision” öncəsi Azərbaycan iqtidarına təzyiqləri artırmağı, müxalifətin həbsdə olan fəallarının buraxılması istiqamətində iş aparmağı və Avropa Şurasının yaz sessiyasında Azərbaycana qarşı sərt bəyanatın qəbul edilməsini, sənəddə müxalifətə dəstək ifadə olunmasını xahiş ediblər”.
"Yeni Azərbaycan" öz etibarlı mənbəsinə istinadən davam edir:
"Almaniyanın səfiri Herbert Kvelle müxalifətə olduqca “qiymətli tövsiyələr” verib. Əvvəla, o, maliyyələşmə ilə bağlı məsələnin həllinə yardım göstərəcəyini deyib. Sonra isə “İctimai Palata” ilə Rəsul Quliyevin sədri olduğu Açıq Cəmiyyət Partiyasını barışdırmaq təklifi ilə çıxış edib. Kvelle “Əli-İsa-Rəsul” birliyinin yaranmasını arzu etdiyini deyib.
Qeyd edək ki, sözügedən yazı ilə bağlı görüşdə iştirak edən diplomatic korpuslarla əlaqə saxladıq. Lakin nədənsə avropalı diplomatlar bu məsələ ilə bağlı susmağa üstünlük verdilər.
Oral MƏDƏNÇİ