Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv ola bilər? - Siyavuş Novruzovdan AÇIQLAMA
"Qarabağın azad olunması Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əməyidir. Bu məsələdə bizə heç kim dəstək olmayıb. Düzdür, mənəvi dəstək verilib, amma Azərbaycan özü neçə illərdir, buna hazırlaşırdı. Cənab Prezident həm iqtisadi, həm də hərbi, siyasi cəhətdən bütün imkanları tam səfərbər etmişdi. Cənab İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edirdi, ayrı-ayrı ölkələrə köməklik göstərirdi. BMT-də əleyhimizə məsələ qaldırılanda hər birinin qarşısı alındı. Çünki cənab Prezident qabaqcadan bütün bunları görürdü və məsələlərin hamısını həll etdi. Rusiyanın əlində imkan olsaydı, heç vaxt Qarabağ məsələsinin həllinə yol verməyəcəkdi. Çünki bu, Ermənistanla Azərbaycana təzyiq etmə metodlarından biridir. Buna görə də heç kim düşünməsin ki, Rusiya nəyəsə dəstək verdi, ya vermədi. Azərbaycan öz gücünə 1 gün ərzində anti-terror əməliyyatı həyata keçirərək Qarabağı separatçılardan təmizlədi. Növbədə isə digər mərhələlərdir. Hazırda NATO Parlament Assambleyasındayıq. Burada ciddi müzakirələr gedir. Bundan sonrakı işimiz hansı birliyə, hansı təşkilata, hərəkata qoşulacağımızdır. Azərbaycan dünyanın müstəqil siyasət yürüdən az sayda ölkələrindən biridir. Bu, Ulu Öndərin qoyduğu yoldur ki, cənab Prezident davam etdirir. Hansı təşkilata üzv olmaq lazımdırsa, ehtiyacımız varsa, ona üzv olacağıq. Hansı lazım deyilsə, bizi buna heç kim məcbur edə bilməz...”
Bu sözləri Pravda.az-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Avrasiya İqtisadi Birliyinə üzv olacağı barədə iddialara münasibət bildirərkən deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda sülh yaratdıqdan sonra, demək olar, bütün məsələlər öz qaydasına düşəcək: "Cənab Prezidentin addım-addım, qarış-qarış apardığı siyasət çox düzgün, yerində olan siyasətdir. Cənab İlham Əliyev hər şeyi əvvəlcədən görür, deyir və o istiqamətdə də gedirik. Dünyada müxtəlif təşkilatlar var. Asiya, Şərqi Avropa və digər ölkələrdə başqa-başqa təşkilatlar mövcuddur. Hansısa təşkilata üzv olmaq, yaxud olmamaq məsələnin həlli deyil. Əsas budur ki, müstəqil dövləti, onun əhalisini qoruyasan, onun maraqlarına xidmət edəsən. Bu gün də bu, Azərbaycanda var. Hazırda Avropada nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşlər keçirir, Azərbaycanla bağlı məlumatları onlara çatıdırırıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyində iştirak edir. Enerji asılılığından azad olublarsa, hər halda Azərbaycan haqqında öz fikirlərini ortaya qoymalıdırlar. Çünki bunu Azərbaycan edib, istər Şərqi Avropanı, istər Yunanıstanı, İtaliyanı və digər ölkələrin hamısını asılılıqdan xilas edib. Rumıniya, Serbiya və digərlərini yaşıl enerji ilə təmin edirik. Görüşlərimiz keçirilir, nümayəndələri məlumatlandırırıq. Əsas işlərimiz bununla bağlıdır. Görək, gələcəkdə nə olur...