Azərbaycan Bəstəkarlar İttifaqında "dəyirmi masa"

Azərbaycan Bəstəkarlar İttifaqında "dəyirmi masa"

"Veteninfo.az" xəbər verir ki, dekabrın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bu qurumun IX qurultayının yekunlarına həsr edilmiş “dəyirmi masa” keçirilmişdir. 

Tədbirdə ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək dekabrın 14-dən 18-dək Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının növbəti, IX qurultayının keçirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, qurultay çərçivəsində ölkənin bir sıra mədəniyyət salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət müxtəlif janrlarda rəngarəng konsert proqramları təşkil edilmişdir. Yekun konserti isə dekabrın 18-də axşam Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında olacaqdır. 

Firəngiz Əlizadə qurultay ərəfəsində çap edilmiş nəşrlər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bu kitab və toplulara ABİ-nin tarixi, 5 illik fəaliyyəti, Azərbaycanını görkəmli bəstəkarlarının həyat və yaradıcılığına həsr edilmiş ətraflı məlumatlar və bu qurum tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlər haqqında materiallar daxil edilmişdir. 

Diqqətə çatdırılmışdır ki, ABİ-nin IX qurultayında xarici ölkələrdən də nümayəndələr iştirak etmişlər.

Tədbirdə Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev, Tatarıstan Bəstəkarlar İttifaqının sədri Rəşid Kalimulin, Ukrayna Mədəniyyət Nazirliyinin incəsənət şöbəsinin müdiri Mixail Şvet və digərləri çıxış edərək qurultay çərçivəsində təqdim edilmiş konsert proqramlarından məmnun qaldıqlarını bildirmişlər. Vurğulanmışdır ki, bu gün zəngin Azərbaycan musiqisi, muğamı, operası xarici ölkələrdə də sevilərək dinlənilir. Qonaqlar müasir Azərbaycan bəstəkarlarının əsərlərində korifey sənətkarların musiqi ənənələrini uğurla davam etdirdiklərini və konsertlərdə müxtəlif janrlarda səslənən əsərlərin gənc nəsil tərəfindən peşəkarlıqla ifa olunduğunu bildirmişlər. Təqdim olunan konsert proqramlarının rəngarəngliyini, qurultayda müxtəlif ölkələrdən xarici qonaqların iştirakını xüsusi vurğulayan qonaqlar bunu Azərbaycan mədəniyyətinin, musiqisinin dünyada tanıdılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirmişlər. 

“Dəyirmi masa”da Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayı çərçivəsində təşkil edilmiş konsert proqramları ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. 

Tədbir çərçivəsində musiqişünasların ABİ-nin 5 illik fəaliyyətinə və Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığına həsr etdikləri kitabların sərgisi açılmışdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az