Aviqdor Libermanın ölkəmizə səfərinin yekunlarını “Vətəninfo.az”saytına şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Azərbaycan xarici münasibətlərində tərəfdaş seçimində müstəqildir. Diqqəti daha çox cəlb edən məsələnin Azərbaycanla İsrail arasında olan hərbi əməkdaşlıq olduğunu vurğulayan ekspert qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə görə qərb ölkələri Azərbaycana və Ermənistana modern silah satmır. “Amma, Ermənistan modern silahları Rusiyadan havayı alır. Belə olan təqdirdə Azərbaycan hansısa ölkədən modern silahlar almağa məhkumdur. Biz də bu silahları ya Türkiyədən, ya da İsraildən ala bilərik. Hazırda isə Azərbaycan hərbi silahları İsraildən alır. Azərbaycan öz təhlükəsizliyi üçün bu addımı atmalıdır”-deyə, qeyd edib.
Ekspert əlavə edib ki, İsraillə əməkdaşlıqda bir qədər ehtiyatlı olmaq lazımdır:“İsrail hazırda bir sıra ölkələrlə münasibətlərini gərginləşdirib. İrana isə həbi hücüm həyata keçirmək planı var. Əgər İsrail İrana zərbə endirərsə, İranla Azərbaycan arasında gərginlik yaşana bilər. Arazın o tayında olan soydaşlarımız cənub tərəfə keçə bilər. Bu da Azərbaycanla əlavə problemlərin yaşanmasına gətirib çıxarar”-deyə, bildib. Mavi Mərmərə olayından sonra İsraillə Türkiyə arasında münasibətlərin gərginləşdiyini bildirən E.Şahinoğlu qeyd edib ki, eyni zamanda Liberman qatı Türkiyə əleydarı kimi də tanınır. “ Düşünürəm ki, burada iki məsələ nəzərə alınmalı idi. İsrail Azərbaycan rəsmiləri ilə iki məsələdə razılığa gəlməli idi. Türkiyə ilə strateji müttəfiqliyi kənara qoyub, İsraillə münasibətləri həmin səviyyəyə qaldırmaq çətin məsələdir. Çünki, İsrail Türkiyə ilə münasibətləri pozub. İkinicisi isə İsrail İrana zərbə vurmağı planlaşdırırsa, Azərbaycanın da maraqlarını nəzərə almalı idi”-deyə əlavə edib. “İsrailin bügun ən böyuk səhvlərindən biri Türkiyə ilə münasibətlərini hələ də nizamlamamasıdır. Bu gələcəkdə Azərbaycanla İsrail münasibətlərinə zərər vura bilər”-deyə, ekspert fikrini tamamlayıb.
Ramilə