Azərbaycan Türkiyədəki seçkilərə niyə müdaxilə edir?
Azərbaycanın son 30 illik müstəqillik dönəmində Türkiyədə çox sayda president və parlament seçkiləri olub. Bu seçkilərə münasibət və maraq isə Amerikada və ya Rusiyada keçirilən seçkilərdən qat- qat aşağı olub.İndiki dönəmdə isə bu seçkiləri Azərbaycan əhalisinin bütün təbəqələri izləyir. Bunu ilk baxışda əslində alqışlamaq olardı. Çünki, Azərbaycan cəmiyyətinin Türkiyəni tanıması baxımından və Türkiyədəki seçkilərin Azərbaycanda da azad seçkilərə yol açması və yönətimin seçki ilə dəyişməsi praktikası baxımından faydalı olardı. Lakin biz nə izləyirik?
Seçki kampaniyası başladığı dövrdən, müxtəlif yazılarla, TV və İnternet kanalları vasitəsilə Azərbaycanda hər məsələnin uzmanı olan saysız hesabsız siyasi "liderlər”, jurnalistlər, siyasi şərhçilər və eynilə hakimiyyət və qeyri hakimiyyət yönümlü mətbuat, bir sözlə, cəmiyyətdə üzdə olmağa çalışan qüvvələrin hamısı vahid cəbhə ilə Türkiyədəki mövcud rejimin müdafiəsinə qalxaraq ölkədə təməl haq və azadlıqları, şəffaflığı, Atatürk ilkələrini və ölkənin fundamental maraqlarını ifadə edən qüvvələrə qarşı yalan və iftira kampaniyasına başlamışlar. Əgər məqsəd bu seçkiləri analiz etmək, dəyərləndirmək və hansı qüvvələrin daha başarılı olacağını mülahizə etmək məqsədilə aparılan debatlar olsaydı, onu da ikiəlli alqışlamaq olardı. Ancaq ortadakı tablo, yəni Millət İttifaqı və onun Presidentliyə namizədi K.Kılıcdaroğluya qarşı aparılan çirkin kampaniya, Qarabağdakı və Ermənistandakı anti-Azərbaycan düşmən qüvvələrə qarşı aparılan mübarizədən heç nə ilə fərqlənmir və əksinə, daha geniş vüsət alaraq, təbliğat altında qalan əhalinin əksəriyyətini də əhatə edən mövzuya çevrilmişdir. Vahim bir səhnə ilə üzləşmişik. Özünü qardaş sayan bir ölkənin mətbuat və TV kanalları qardaş ölkənin birliyini və bütövlüyünü pozmağa yönəlmiş, Türk millətinin qəbul etmədiyi irqçı, fasist ifadələrlə, kimliyini və şəxsini linç edən ibarələrlə on milyonlarla insanın daşıdığı dəyərləri ifadə edən K. Kılıcdaroğluya qarşı ağlasığmaz kampaniyaya girmişlər. Bu çıxışları edən şəxlər bunun məsuliyyətini dərk edirlərmi? Bu cür adamlara çanlı efir verən TV kanalları və mətbuat orqanları bu çıxışlara görə məsuliyyət daşımırlarmı? Bu bir çinayətdir və Türkiyəyə qarşı və Türk millətinə qarşı yönəlmiş cinayətdir. On milyonlarla insanın heysiyyatına və şərəfinə toxunan iftira kampaniyasıdır.
Nə baş verir və niyə ümumilikdə seçkilərə maraq göstərilməyən Azərbaycanda Ataturkün mirası olan CHP-nin Presidentliyə namizədi Kamal Kılıçdaroğluya qarşı aparılan bu kampaniya hardan qaynaqlanır?. Əsində, sağlam məntiq Azərbaycan cəmiyyətinin dünyəvi Atatürk partiyasını dəstəklədiyini deyərdi. Lakin, görünən odur ki, bütün bu kampaniyalar Azərbaycandakı mövcud hakimyyətin xeyir duasının olduğu mühitdə baş verir. Olmasaydı,mətbuatda hər bir məsələyə müdaxilə edən hakimiyyət ən azı qəzetlərdə gedən təhqiredici yazılara izn verməzdi.
Hakimiyyətin bu yollarla Türkiyədəki mövcud rejimin seçki gedişinə dəstək verməsi isə bilavasitə Azərbaycanı çətin duruma salan qəbuledilməz haldır və iki dövlət arasında inamsızlığa aparan gedişdir. Eyni səhvi Erdoğan Misirlə bağlı etdi. Misir president Mursi devrildi və yeni President seçildi, amma Erdoğanın dini təməllərə söykənən Morsi-Sİsi kampaniyası Türkiyəni yaxın şərqdə və Aralıq dənizində indiki duruma saldı və Türkiyənin bölgədə izolyasiyasına və Yunanıstanın güclənməsinə gətirdi. Yaxşı,əgər Kilicdarogli sabah xalq tərəfindən seçildi, o zaman Azərbaycan höküməti hansı durumda qalacaq, nə edəcək? Bu haqda düşünürlərmi? Seçkilərin nəticəsindən asılı olmayaraq, artıq məlumdur ki, bu cür yanaşma Azərbaycana ancaq zərər gətirəcək və qardaşlıq münasibətlərinə ləkə salacaqdır. Azərbaycanın bu cür hərəkəti Erdoğan hökümətinə qarşı dirənən əhalinin ən azı 50 faizinin etirazına və Azərbaycana qarşı soyuq münasibətə səbəb olacaqdır. Bu cür kampaniya heç AK partinin şərəfli üzvlərinin də xoşuna getmeyecekdir. Çünki bu açıq aşkar daxili işlərə qarışmaq, ölkənin birliyinə və bütövlüyünə qarşı yönəlmiş hərəkətlərdi. Azərbaycanın Türkiyədəki movcud rejimə dəstəyinin Türk millətinin seçiminə heç bir təsiri yoxdur, əksinə bu kampaniya Azərbaycanın uzun müddətli maraqlarına zərbə vuracaq.
Azərbaycandakı kampaniyadan Türkiyədə hər kəsin xəbəri vardır. AK partinin umuruna deyil, çünki onların düşüncəsi və metodları Türkiyədə hamıya məlumdur. Bu yazının məqsədi onları açıqlamaq deyil. CHP və Millət ittifaqı isə bütün bunları bilərək böyüklük göstərir, hələ ki, reaksiya göstərmir,amma təbii ki seçkilərdən sonra seçilib seçilməyindən asılı olmayaraq, bu cür yanaşmanın Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmasına xidmət etdiyini açıq –şəkildə Azərbaycana bildirəcəklər. Azərbaycan cəmiyyəti bilməlidir ki, Türk dövləti təksə mövcud iqtidardan ibarət deyil, Türk dövləti Azərbaycandan fərqli olaraq, iqtidarlı-müxalifətli olaraq dövlət sayılır və ana müxalifət lideri Türkiyə qanunlarına görə dövlətin Prezidenti və Millət Məclisinin sədri yanında oturan üçüncü şəxs olur. Ana müxalifət liderini axmaq, xəyanatgar, satqın, PKK-çı, erməni,Azərbaycan düşməni adlandırmaq Türk dövlətini aşağılamaqdır. Bu cür ifadələri Türkiyədəki hüquq sistemi və Kılıcdaroğlunun Erdoğan daxil heç bir rəqibi də qəbul etməz. Bunlar Azərbaycan üçün utancverici ifadələridr. Və məsuliyətsizliyin və başıpozuqluğun ifadəsidir.
Xalq arasında belə primitiv təbliğat aparılır ki,” Erdoğan gedərsə Azərbaycan batar”, "Azərbaycan tək qalar”. "Ermənilər gəlib torpaqları yenidən işğal edər”... Erdoğanın 44 günlük müharibə dövründə rolu önə çəkilir. Heç kim müharibə zamanı Erdoğanın göstərdiyi qətiyyəti və cəsur addımları qulaqardına vurmur və unutmur. Ancaq bu cür təbliğatın Azərbaycan dövlətinə və onun ordusuna olan inamı azaltmağa yönəldiyini və xalqı ümidsizliyə sürüklədiyini bu təbliğatı aparanlar dərk edirlərmi?
Türkiyənin 78 illik seçimlə dəyişən yönətim sistemi vardır. Seçimin nəticələrini də daxili siyasət müəyyən edir. Seçimlərdə isə müasir dünyanın qaydası ilə siyasi partiyalar yarışır. Azərbaycan cəmiyyətində isə yarışa girən əsas rəqibə qarşı anti-erməni propogandası aparılır. Yoxsa Azərbaycan başbilənlərinə görə Türkiyə siyasi sistemini dəyişməlidr? Qurtuluş savaşının qəhrəmanı İsmət İnönü də 11 il iqtidardan sonra seçimlə dəyişdi. Demokratik seçkiləri də özü təşkil etdi. O İstiqlal savaşı Qəhrəmanı idi.
Türkiyədəki indiki yönətim 21 ildir hökm sürür. Dünya təcrübəsinə baxsaq, 21 illik hakimiyyət heç də yenilik və inkişaf gətirməz. O artıq inkişafa maneə olar və keçmişlə öyünər. Bunu tarixin gedişi sübut etmişdir. Türkiyənin həm iqtisadi və həm də beynəlxalq sahədə düşdüyü vəziyyət, bu vəziyyəti bilənlərə çox yaxşı məlumdur. Son 21 ildə Türkiyə eksperiment səhnəsinə çevrilmişdir. Türk dövlətinin üç əsas dayağı olan ordu, universitetlər və hüquq sistemi yıpradılmış və dövlətin bel sütünları laxlamış hala düşmüşdür. Orduya qarşı kumpas davaları ordunu yaman günə qoymuş,şərəfli generallar həbs edilmiş, Türk Silahları qüvvələri Baş Qərərgah Rəisi terrorçu adı ilə tutuqlanmışdlr. Ordunun əksər təsisatları əlindən alınmış, hərbi təhsil sistemi dini təmayüllü siyasi rəhbərliyin arzularına uyğun qurulmuşdur. Universitelər, media və hüquq sistemi təlimatla işləyən strukturlara çevrilmişdir. Dünyəvi məktəblər imam –hatib okullarına çevrilmiş, 5 yaşındakı uşaqların Quran kurslarına göndərilməsi adi hal almışdır. İqtisadi fəlakət göz qabağındadır. Mərkəz Bankasının nağd pul rezervləri hər suala cavab verir. Kənd təsərrüfatı və heyvandarlıq dağıdılmış, ölkənin minlərlə gəncləri, alimləri və həkimləri və iş adamları xarici ölkələrə daşınır. Türkiyə beyin köcünü yaşayan ölkələr arasında öndə gedir. Dini təriqətlər meydan oxuyur. Saymaqla bitmir. Bunu orda yaşayanlar bilir, Antalyaya istirahətə gedənlər yox. Amma bununla bərabər kimin seçilməsini Türk milləti seçimlə bildirəcək.
Türkiyənin Azərbaycanla bağlı siyasəti təkcə soydaş sevgisi ilə deyil, Türkiyənin bölgəsəl maraqları ilə də müəyyən edilir. Türkiyə ilə Azərbaycanın birliyi və müttəfiqliyi iklili münasibətlərin dərinliyindən asılı olacaqdır. Bu ilk növbədə xalqlarımız arasında hədsiz əlaqələrin inkişafından asılı olacaqdır. Hələ ki bu birlikdən danışmaq tezdir,çünki çox sayda problemlər var. Biz hələ AB ölkələri arasındakı münasibətlərin yarısına da çıxmamışıq. İndiki aparılan təbliğat bu münasibətləri daha da geriyə atılmasına xidmət edir.
Türkiyə güclü olursa Azərbaycan da güclü olur. Bizə güclü Türkiyə lazımdır. Azərbaycanın bel bağlamaq istədiyi heç bir şəxsin və ya şəxsiyyətin möcüzəli çubuğu yoxdur.Türk milləti dəyişim istəyirsə, demək köhnə sistemlə yaşaya bilmir. Yeni yönətimin gəlməsi Türkiyəni ancaq gücləndirəcək. Elə, Erdoğan hakimiyyətə gəldiyi ilk 5 ildə də Türkiyə əlbəttə çox gücləndi. Türkiyə-Azərbaycan münasibətləri partiya üstü məsələdir. Bunu həm Erdoğan höküməti və həm də müxalif qüvvələr təsdiq edir. Azərbaycan isə bunu partiya məsələsinə çevirmişdir. Onun nəticələri isə ilk növbədə Azərbaycana zərbə vuracaqdır. Belə gedərsə, Türkiyə hər zaman Azərbaycanın yanında olmaya da bilər.
Yaddaşı zəif olanlar üçün xatırlatmağa dəyər ki, 2009-cu ildə Bursada Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayraqları zibil vedrələrinə atılanda və Ermənistanıa diplomatik münasibətlər qurmaq üçün protokol imzalayıb hayırlı olsun deyende, onların qarşısını alan indiki çirkin kampaniyaya məruz qalan CHP və onun liderləri idi. CHP,bütün parlamenti və xalqı ayağa qaldırdı və sonra bu işlərə MHP də qoşuldu. AK partinin o zamankı yanaşması o idi ki, "Qarabağ məsələsinin həlli yolu yoxdur, olsaydı bu 15 il ərzində həll olunardı, bu çox karışıq məsələdir. Biz Ermənistanla münasibətlər qurmalıyıq”. Həqiqətin iki üzü yoxdur, bir üzü var..
Elxan Mehdiyev
Beynəlxalq məsələlər üzrə siyasi ekspert