Azərbaycana qarşı qaz hücumu- QAPALI GÖRÜŞ
Azərbaycana qarşı qaz təxribatı: Gürcüstanla razılaşma əldə olunmadı
14:34
Gürcüstanın paytaxtı Tbilisidə bu ölkənin hökumət rəsmiləri və SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqlar keçirilir.
"APA-Economics" xəbər verir ki, müzakirə predmeti Gürcüstana nəql olunan qazın qiymətidir.
Görüş KİV üçün qapalı şəraitdə keçirilir.
Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və onun birinci müavini, energetika naziri Kaxa Kaladze təmsil edir.
Xatırladaq ki, ötən gün K. Kaladze bildirib ki, Rusiya tərəfi Gürcüstana nəql olunan qaza görə Azərbaycandan daha ucuz qiymət təklif edir. Lakin baş nazirin müavini qiyməti açıqlamayıb. Bununla yanaşı, o qeyd edib ki, Rusiya tərəfinin təklif etdiyi qiymət SOCAR-a təqdim olunub.
15:54
Tbilisidə Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və baş nazirin müavini, energetika naziri Kaxa Kaladze arasında qaz danışıqları başa çatıb. Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, görüşün başa çatmasının ardınca jurnalistlərə açıqlama verən Kaxa Kaladze Azərbaycanın Gürcüstanda qaz qıtlığını aradan qaldırmaq imkanında olmadığını bir daha bildirib.
"Qaz qıtlığını bu il Azərbaycandan alınan qazla aradan qaldırmaq mümkün olmayacaq”-Kaladze deyib. Onun sözlərinə görə, buna baxmayaraq tərəflər kommersiya istehlakçıları üçün yeni tarif planı üzərində işə başlayıblar.
Kaladze deyib ki, Azərbaycandan qaz nəqlini artırmaq üçün tərəflərin müvafiq investisiyalarla texniki baxımdan dəstəklədiyi yeni müqavilə lazımdır. Və tərəflər buna hazırdır. Onun sözlərinə görə, söhbət SOCAR-ın iştirakı ilə qaz nəqlinin artırılmasından gedir. Kaladze 2016-cı ildə birgə layihə çərçivəsində qaz kəmərinin tikintisinin başlayacağını deyib. 2019-cu ildən isə "Şahdəniz” müqaviləsinin ikinci fazası işə düşəcək.
Miq.az