Azərbaycanda 40 yaşından sonra qadın insan yerinə qoyulmur?

Azərbaycanda 40 yaşından sonra qadın insan yerinə qoyulmur?

Xumarə Cəfərova

İsveç

Bu gün Azərbaycan qadınının şəninə çox gözəl sözlər söyləyən, analığı, qadınlığı namus simvolu adlandıran, əslində isə qadınlardan kölə, fahişə kimi istifadə edən kişilərədir sözüm... Kimdi sizin üçün Azərbaycan qadını?... Əgər doğrudan da qadın sizin gözünüzdə namus simvoludursa, bəs niyə bu gün Azərbaycanda 40 yaşından sonra qadın insan yerinə qoyulmur? Deyəcəksiz belə deyil? O zaman gəlin bittə-bittə sizə bunları anladım. Azərbaycan qadını işə qəbul olunarkən ilk növbədə onun gözəlliyinə, bədən quruluşuna , gənc olmasına diqqət yetirilir. Nə savad, nə bacarıq, nə də istedad önəmli sayılmır. Əsasən belə hallar işə katibə götürərkən özünü biruzə verir. Yaş həddi 18-25 arasında olmalıdir. Çox az hallarda 35 yaşını aşmış katibə görərsiniz. Azərbaycan kişilərinin düşüncələrinə görə katibənin vəzifəsi, telefonlara cavab vermək və şef üçün çay gətirməkdir. Çox zaman sahibkarlar bu vəzifədən massajer kimi və məşuqə kimi istifadə də edirlər. Çox az hallarda telekanalların aparıcılarını 30 yaşdan yuxarı görərsiniz. Məhz bu səhv fikir ucbatından bu gün Azərbaycan televiziyalarının verilişləri həddindən artıq səviyyəsizdir. Universiteti ela qiymətlərlə bitirən və çox da gözəl olmayan qızların əvəzinə, məktəbi təzə bitirmiş, hələ həyatdan bixəbər olan qızlara üstünlük verir iş sahibləri. 30 yaşdan sonra gərək çox güclü "daydayı" olsun ki, bu qadın normal bir işlə təmin olunsun. Bu gün Azərbaycanın mötəbər yerlərində 40 yaşını ötmüş qadın çox az görmək olar. Nə banklarda, nə hansısa bir tanınmış şirkətlərdə nəinki yaşlı hətta yaşı azacıq ötmüş qadın çox az taparsınız. Əlbəttə əgər gəncəcik qızlar varsa, nəylərinə lazımdir 40 yaşında "qari"? Əgər təsadüfən 40 yaşdan sonra belə şirkətlərdə qadınlar çalışarsa, bilin ki, o qadınlar uzun illərin işçiləridir. Bu səbəbdən bu qadınları bəzən işdən çıxarmağa cəsarət edə bilməsələr də, onların vəzifəsini heç bir səbəb olmadan aşağı endirərlər. İşdən çıxarılma qorxusu yaşayan belə qadınlar, digər cavan qadınlardan fərqli olaraq, gərək işinə fövqəladə diqqətli olsun ki, onu vəzifəsindən azad etməyə şef bəhanə tapmasın. Azərbaycan qadını ailəsində də təzyiqlərə məruz qalır. Beləki illərcə sevdiyi həyat yoldaşının gözündə 30-35 yaşdan sonra öz cazibəliyini itirər və bu qadın artıq uşaq baxıcısı, aşbaz, ev təmizləyicisi kimi funksiyaların daşıyıcısına çevrilər. Kişilər özlərinə asanlıqla cavan məşuqə tapar və çox hallarda da arvadlarını boşayıb, cavan qızla evlənər. İllərcə evdə oturmağa, həyat yoldaşına, uşaqlarına qulluq etməyə məhkum olmuş belə qadınlar, sizcə bəlli yaşdan sonra boşanıb nə etməlidir? Ya qəpik-quruş qazanmaq üçün xadimə işləyəcəklər, ya da...

Yaxşı yadımdadır. Azərbaycan kanallarının birində (ad çəkmək istəmirəm) qadınlarla bağlı bir proqramım vardı. Analar günü üçün bir veriliş hazırlayırdım. Türkiyə səfirinin həyat yoldaşı ilə görüşmək üçün səfirliyə gedirdim. Səfirliyin önündə diqqətimi sıra ilə düzülmüş avtobuslar çəkdi. Mən bu avtobuslardan birinə yaxınlaşdım və içindəki sərnişinlərin 80% qadın olduğunu gördüm. Müxtəlif yaş kateqoriyalarına aid idilər. İçəri keçib, bu qadınlarla dialoqa girdim: Türkiyəyə gəzməyə gedirsiz, deyə soruşdum. Bu axmaq sualımdan sonra onların istehzalı gülüşlərilə üzləşəcəyimi heç ağlıma gətirmədim. İçlərisində hardasa, 40 yaşlı qadın kinayə ilə dedi :

 "Alverə gedirik qadası". 

Özümü saxlaya bilmədim, yenə dil uzunluq etdim: 

-Neçə müddətlik gedirsiniz?- deyə soruşdum. Həmin qadin yene mənə :

 - " Baxır alverin kəmiyyətinə və keyfiyyətinə, nə vaxt yaxşı pul qazanarıqsa, o zaman qayıdacağıq".

 Qadının bu sözündən sonra, avtobusun içindeki digər qadınlar qəhqəhə ilə güldülər. Bu gülüşdə mən həyatın ezabını, acısını duydum. Daha başqa sual verə bilmədim. Tez avtobusdan endim. Enərkən, orta yaşlı bir kişi avtobusa qalxdı və anladığım qədər avtobusdakı qadınlardan birinin həyat yoldaşı idi. Qadın, həyat yoldaşına uşaqlardan muğayat olmağı, dərslərinə, yeməklərinə fikir verməyi dönə dönə tapşırırdı. Bu mənzərə məni bir anlıq sarsıtdı və bu günə qədər həmin qadını unuda bilmirəm. Səfirlikdə işimi bitirib, verilişi hazırlamaq üçün iş yerimə getdim. Amma ağlımdan bir an da olsa, o səhnə çıxmadı. Səhəri gün yenə səfirliyin qarşısına getdim və avtobus sürücülərindən birinə yaxınlaşdım. Özümü təqdim edib, ondan Azərbaycan qadınlarının Türkiyəyə alverə getməsi ilə bağlı müsahibə götürmək istədiyimi bildirdim. Sürücü türk idi və gözləmədiyim qədər çox səmimi suallarıma cavab verdi. O zaman mən hər şeyi anladım. Bu qadınların çoxu ərləri tərəfindən tərk edilmiş, işsiz, pulsuz qalıb, alver adıyla Türkiyəyə gedərək fahişəliklə məşğul olurdular. Bu qadınlar yavruları ac qalmasın deyə bu yola gedirdilər. Sürücü bunları mənə anlatdıqca dəhşətə gəlirdim. Mən ona sual verdim ki, bes axı o qadınların içində elələri də var ki, ərləri onları yola salır. Sürücü mənə həmin qadınların ərlərinin illərdir iş tapa bilmədiyini, bu səbəbdən də xanımlarını Türkiyəyə "alverə" göndərmək məcburiyyətində qaldıqlarını söylədi və əlavə etdi ki, onlar orada 1 ay qalır, yetəri qədər pul qazanıb, geri qayıdırlar və pulları bitdikdən sonra isə yenə gedirlər. O gündən mənim gözümdə əxlaqsız qadın obrazı tamamilə itdi...Məcburiyyət qarşısında qalıb, balalarına bir qarın yemək pulu qazanmaq üçün məşəqqətli yollar keçən cəfakeş analara sadəcə yandım və yandıqca, yandım... O əhvalatdan artıq uzun illər keçib. Mən bu gün tez-tez bir çox azərbaycanlıların Avropa qadınları haqqında söylədiyi yersiz böhtanlarının şahidi oluram və onlara üzümü tutub deyirəm:

- Avropada fahişə yoxdur! Çünki bu qadınların balalarını dolandırmaq üçün bütün imkanları var. Çünki Avropada iş sahibləri bir qadını işlə təmin edərkən onun nə yaşına baxar, nə gözəlliyinə, nə də bədən quruluşuna. Yetər ki işinin öhdəsindən vicdanla gəlsin. O üzdən burada kompleksli qadına da təsadüf etməzsiniz, çünki, yaşı 40-dan yuxarı olan qadınlara "get saçından, başından utan" deyən kişilər də yoxdur!..



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az