Azərbaycanda mediaya daha bir QADAĞA

Azərbaycanda mediaya daha bir QADAĞA
Azərbaycanda yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların razılıq olmadan yayılması qadağan olunur.

Miq.az Trend-ə istinadən bildirir ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, bununla əlaqədar "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişikliklər edilir.

Komitənin sədri Rafael Hüseynov bildirib ki, qanununun hazırkı variantına görə, cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir.

R.Hüseynov deyib ki, bu qanuna əlavənin edilməsini nəzərdə tutan dəyişikliyə görə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və "İnformasiya əldə etmək haqqında" qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yayılmasına yol verilməyəcək. Bu, informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallardan biri sayılacaq. Qanuna edilən bu dəyişikliyin məqsədi "Kütləvi informasiya vasitələri haqqında" qanunu Cinayət-Prosessual Məcəlləsinə uyğunlaşdırmaqdır.

R.Hüseynov deyib ki, bu dəyişikliklər KİV-in işini məhdudlaşdırmaq demək deyil. Onun sözlərinə görə, dəyişikliklərin edilməsində məqsəd həm də bəzi mətbuat vasitələrində hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş formada verilərək mövzunun daha arzuolunmaz nəticəyə çatmasının qarşısını almaqdır. Qanuna təklif olunan dəyişikliklər Azərbaycanda insan hüquqlarına hörmətin çərçivəsinin daha da artırılmasına xidmər edəcək.
Müzakirələrdən sonra qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az