Azərbaycanlı iş adamının qətlinin ilkin motivləri məlum olub
Ukrayna
Azərbaycanlıları Konqresinin Xerson vilayəti üzrə sədr müavini, iş adamı
İlham Tağıyevin qətli ilə bağlı vilayət prokurorluğunda cinayət işi
qaldırılıb və hadisənin ilkin motivləri məlum olub.
Xerson vilayəti üzrə Ukrayna Azərbaycanlıları
Konqresinin sədri Əlimərdan Kərimov APA-ya açıqlamasında bildirib ki,
əslən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən
olan, 1956-cı il təvəllüdlü Tağıyev İlham Tağı oğlu Xerson şəhərində iri
mağazalar şəbəkəsinə malik olub. İlkin ehtimallardan biri cinayətin
onun biznesi ilə əlaqəli olmasıdır.
Ə. Kərimov deyib ki, İ. Tağıyevin mağazalarında
çalışan bəzi şəxslər tərəfindən ona qarşı təxribat törədildiyi güman
edilir: "Prokurorluqdan bizə verilən məlumata görə, digər ehtimal
bununla əlaqəlidir. Belə ki, həmin axşam onun maşınında külli miqdarda
pul olub və bunu onun biznesində iştirak edən bəzi şəxslər bilib”.
Ə. Kərimov qeyd edib ki, Azərbaycanın
Ukraynadakı səfirliyi məsələ ilə yaxından maraqlanır və Ukrayna Baş
Prokurorluğu bu qətlin tezliklə açılmasına söz verib. Bu gün iş adamının
nəşi Azərbaycana göndərilib və o, sabah Culfa rayonunda dəfn olunacaq.
Qeyd edək ki, İ. Tağıyev avqustun 17-nə keçən
gecə Xerson şəhərində qətlə yetirilib. İş adamının meyitii ona məxsus
"Mercedes” markalı avtomobildə tapılıb.