Baba Vəziroğlu ağ önlüklü məktəbli formasına etiraz edənlərə: “Uşaqlara necə gözəl yaraşır, fərqlilik yox idi, kasıb-varlı bilinmirdi...”
Səliqə ilə tikilmiş qara paltarın üstündən geyinilən ütülü ağ önlük, paltarın qollarını və boynunu bəzəyən ağ krujeva, arxaya doğru yığılmış uzun saçlara bağlanan ağ bant - illərdir, beynimizdən silinməyən məktəbli obrazı. Hətta qış aylarında ağ önlük qara rənglə əvəz olunurdu. Yuxarı sinfə keçəndə bu səliqəli məktəb formasını özümüzdən aşağı sinifdə oxuyanlara ötürürdük. Beləcə 11 ili tamamlayır, "Son zəngi” də elə həmin forma ilə başa vururduq. İllər keçdi, unudulan hər şey kimi bu ənənə də unuduldu. Hər məktəbin öz geyimi, hər sinfin ayrı rəngi... Dama-dama "yubka...” İllərdir, hələ də öz milli məktəb formamızı tapa bilməmişik. Şagirdlər hər il başqa rəngdə, valideynlər stressdə... Bir neçə gün öncə bəzi orta məktəblərdə 11-ci sinfi başa vuran şagirdlər "Son zəng”də xatirələrdən silinməyən həmin məktəbli obrazını bir neçə saatlıq da olsa, qaytardılar. Məktəblilərin sosial şəbəkələrdə yayılan görüntüləri müsbət rəylərlə qarşılansa da, buna etiraz edənlər də oldu. Ağ önlüyü Sovet dövründən qalma ənənə kimi qiymətləndirənlər təklif edirlər ki, ölkədə standart yeni məktəbli geyimləri olmalıdır, işğalçı Sovetin ənənəsi bizə lazım deyil...
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Əməkdar incəsənət xadimi, tanınmış nəğməkar şair Baba Vəziroğlu bildirib ki, o da köhnə illərin məktəbli formasının tərəfdarıdır.