Bakıda planlaşdırılan dəhşətli teraktın qandonduran detalları: hədəf nə olub? – ŞOK

Bakıda planlaşdırılan dəhşətli teraktın qandonduran detalları: hədəf nə olub? – ŞOK

Azərbaycanda artıq neçənci dəfədir terror cəhdinin qarşısı alınır. Xüsusi xidmət orqanlarının sayıqlığı və peşəkarlığı ölkəni dəhşətli fəlakətlərdən qoruyur. Zaman-zaman belə cəhdlər olur. Gah şəxslər, gah mülki obyektlər, gah da diplomatik korpusların yerləşdiyi binalar terrorçuların qanlı planlarından son anda xilas edilir.

Təəssüf, onlardan bəziləri reallaşdırılır. Bu il yanvarın 27-də Tehran şəhərində Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdı. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdu. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdı.

Bu ilin mart ayında Bakıdakı hipermarketə edilən hücumun, əslində, bir terror aksiyası olduğuna dair iddialar var. Həmin basqında da bir mühafizəçi həlak olmuş, bir neçə nəfər yaralanmışdı.

2023-cü il martın 28-də Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında güllələndi. Ona qarşı sui-qəsd cəhdində iştirak edən şəxslərin İrandan təlimat aldıqları deyilir.

Mart ayında Bakının mərkəzində daha bir silahlı insident olmuşdu. Bu atışmanın kriminal aləmin "razborkası” olduğu deyilir. Amma bu hadisə də terrorla əlaqələndirilir.

Beləliklə, son 7 ayda Azərbaycanda (səfirlik binası da məxsus olduğu ölkənin ərazisi sayılır – red.) 4 terror və sui-qəsd cəhdi olub. İki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Azərbaycan terror təşkilatlarının, terroru dəstəkləyən bəzi ölkələrin hədəfindədir. Zamanında Ermənistan xüsusi xidmət orqanları Bakıda və bir neçə bölgədə böyük tələfatla müşayiət olunan terror hadisələrinə müəlliflik ediblər. 1994-96-cı illərdə Bakı metrosunda üst-üstə yüzlərlə insanın həlak olmasına səbəb teraktları unutmamışıq.

Son illər bizə əsas təhdid isə qonşu İran İslam Respublikasından gəlir. İran terroru dəstəkləyən, himayə edən ölkələrin sırasında öndə gəlir.

İyulun 10-da Dövlət Təhlükəsizlik Xidməti məlumat yaydı. Məlumatda deyilirdi ki, Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılıb. Onun Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xan olduğu müəyyənləşib.

DTX-nin yaydığı rəsmi məlumatda bildirilir ki, Favzan Musa Xan digər şəxslərlə qabaqcadan əlbir olub. Onların Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

Bu məlumatı oxuduqca adam anlayır ki, çox böyük faciədən xilas olmuşuq. DTX-nin məlumatında bir məqam diqqət çəkir. Deyilir ki, həmin dəstə dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və s. törətməyi planlaşdırıb. Bu, təkcə Azərbaycanın deyil, onun müttəfiqlərinin də hədəf seçilməsi deməkdir. Çoxmiqyaslı bir terror planından söhbət gedir.

DTX-nin məlumatında terrorçularla bağlı xeyli məlumat olsa da, onların məskunlaşdıqları mənzildə gizli çəkilişlə əldə edilən kəşfiyyat məlumatları ictimailəşsə də, hədəf seçilən ölkə və onun səfirliyi haqda heç nə deyilmir.

Globalinfo.az son 10-15 ildə Azərbaycanda baş verən analoji əməliyyatları araşdırıb, bəzi ipucları əldə edib. Məlum olub ki, xüsusi xidmət orqanları 2008-ci ildən üzübəri belə terror cəhdlərinin qarşısını dəfələrlə alıb. Ötən dövrlə analogiya aparıldıqda bütün əlamətlər yenə üst-üstə düşür.

Maraqlıdır, terrorçular bilir ki, Bakıdakı bəzi xarici ölkə səfirlikləri çox yaxşı qorunur. Bu halda nədən hər dəfə belə uğursuz və qeyri-peşəkar cəhdlər edirlər?

Azərbaycan xüsusi xidmət orqanları da son illər öz fəaliyyətində peşəkarlığı artırıb. Həm kadr bazasını, həm texniki təchizatı gücləndirib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində ölkəmizdə, paytaxt Bakıda bir terror hadisəsi belə olmadı. Bizdəki məlumatlara görə terrora cəhd edilib, lakin qarşısı zamanında alınıb.

DTX-nin yaydığı videoda da görünür ki, terroru planlaşdıran şəxslər deyirlər ki, daha əvvəldə bu cür cəhdlər olub və həmin cəhdlərin müəllifləri hazırda həbsdədirlər.

Xatırladaq ki, 2008-ci ildə "Hizbullah” Bakıda səfirliklərdən birini partlatmaq istəyib. Bu məqsədlə təşkilat livanlı Əli Karakini və Əli Najem Ələddini Bakıya yollayıb. 15 il öncəki olayla bağlı məlumatı oxuyanda bugünkü ilə necə üst-üstə düşdüyü açıq görünür. "Hizbullah”ın bu iki veteran terrorçusu da Bakıda özək yaradıb, terakt həyata keçirmək istəyib. Bu qorxunc plan deşifrə edilərək, qarşısı alınıb.

DTX-nin yaydığı məlumatda, əslində, çox ciddi və dərin məlumatlar var. Biz bu qədərini yaza bildik. Bəzən dövlətin milli təhlükəsizlik maraqları jurnalist maraqlarını üstələyir.

İrəliləyən günlərdə əlavə məlumatlar verməyə çalışacağıq.

Globalinfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az