Bakıdakı məşhur klinikaya basqın - Reanimasiyadakı xəstələri sürüyərək çölə çıxardılar

Bakıdakı məşhur klinikaya basqın - Reanimasiyadakı xəstələri sürüyərək çölə çıxardılar
Noyabrın 5-də Çobanzadə küçəsi, 24/05 ünvanında yerləşən "Nigar” klinikasına bir qrup şəxs tərəfindən basqın olub.
 
Onlar xəstəxanaya soxularaq həkimləri, müalicə üçün qəbula gələnləri, hətta reanimasiyada olan xəstələri belə sürüyə-sürüyə küçəyə çıxarıblar.
 
Xəstəxananın qapılarını qıraraq bütün mühasibat və bank sənədləri, möhür, hətta xəstəlik tarixçələri belə götürülüb, kompüterlər sıradan çıxarılıb.
 
Bu şikayətlə virtualaz.org-un redaksiyasına "Nigar” klinikasının təsisçisi, ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazov müraciət edib.
 
Onun sözlərinə görə, bunu edən ortağı İlham Məmmədovdur. Bir neçə ortaq şirkətləri olduğunu deyən iş adamının sözlərinə görə, o, bu xəstəxananın da 33% ortaqlığını tələb edib. Ş.Şahbazovun razılaşmadığını gördükdə, bu addımı atıb.

Xəstəxanadan köçürülən xəstələrin aqibəti məlum deyil. Nizami rayon məhkəməsi bu şəxslərin xəstəxanadan çıxarılması ilə bağlı qərar çıxarsa da, özəl xəstəxananın qanuni rəhbəri binanın həndəvərinə buraxılmır.

"İlham Məmmədovla 1998-ci ildən ortaqlığımız var, birlikdə bir neçə şirkət açmışıq. Bir müddət normal işləsək də, sonradan İ.Məmmədov mənə məxsus olan payı ələ keçirməyə başladı. Birlikdə açdığımız "Riyad Farm” şirkətini batırdı. İki ilə yaxındır ki, məni təqib edir. Ortaq olduğum şirkətlərdən bir ildir ki, 1 manat da olsun qazanc əldə etməmişəm. "Nigar” klinikasının isə ona heç bir aidiyyatı yoxdur. Bu klinikanı başqa bir ortağımla şərik açmışıq. Lakin klinikanın bir hissəsini ələ keçirmək istəyən İlham Məmmədov, onun əlaltısı İlham Qurbanov və onlara məxsus "Riyad” mühafizə şirkətinin qoçuları ilə birlikdə bizi işləməyə qoymur, ailəmə fiziki zor tətbiq edir. Noyabrın 5-də "Riyad” mühafizə şirkətinin 40-50 qoçusu xəstəxanamıza basqın edib, o vaxtdan bizi klinikamıza yaxınlaşmağa qoymurlar. Lisenziyalı şirkətin fəaliyyəti iflic olub. Xəstəxananın 70-ə yaxın işçisi küçəyə atılıb və maaşsız qalıb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az