Balakən rayonu, Katex kənd sakinindən PREZİDENTƏ-Şikayət
Balakən rayonun Katex kənd sakini Əbəçiyev Salaviddin Cumaəli oğlu tərəfindən Miq.Az saytına daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Balakən rayonun Katex kənd sakini Əbəçiyev Salaviddin Cumaəli oğlu tərəfindən
Ə R İ Z Ə
Cənab prezident!
Ərizəmlə yazıb Sizə bildirirəm ki, yanvar ayında kəndimizdə mal tövlələri yandırmaqla evlər qarət olunurdu. Bununla əlaqədar Balakən rayon Polis Şöbəsinin işgüzar rəis müavini Nicat Vəliyev, məhbuslara işgəncə bölməsinin rəisi "uqalovnik" Zaur Kistarov, istintaq bölməsinin rəisi Elşən Elçiyev, müstəntiq Vüqar Emçiyev və başqa polis məmurları ilə birgə evimə gələrək heç bir əsas olmadan oğlum Fəxrini izahat almaq məqsədi ilə polis şöbəsinə apardılar. 3 gün ərzində oğlumu şöbədə Nicat Vəliyev, Zaur Kistarov və başqa işçilər döyərək, işgəncə verərək etmədiyi cinayəti boynuna almağa məcbur etmişlər.
Cənab prezident! Hər kəs dözümlü və iradəli ola bilməz, hər kəsin zəif tərəfləri vardır. Onlar da bundan istifadə etdilər. Oğlumu zərərçəkmişlərin evinə çəkilişə aparan zaman oğlum etiraz etmiş, mənim günahım yoxdu, mən heçnə etməmişəm demiş, amma oğlumun sözlərinə məhəl qoymamışlar. Beşbulaq deyilən ərazidə oğlum maşında yenə demiş ki, mən günahsızam. Onda maşını saxladaraq Nicat Vəliyevi oğlumun yanına çağırmışlar. Nicat Vəliyev oğlumu hədələmiş, "Fəxri uzun gecə var, səni ataram, sənin başına ağlına gətirmədiyin oyunları açaram” demişdir.
Çəkiliş zamanı ev sahiblərini evdən uzaqlaşdırmışlar. Zaur Kistarov zərərçəkmiş Baydarov Zamirin evinə gələrək ona demişdir ki, siz qanunsuz sələmə pul verdiyiniz üçün məsuliyyətə cəlb oluna bilərsiz. Mənim dediklərimi məhkəmədə desəniz sizin bu etdiyiniz işə Balakən rayon Polis Şöbəsi göz yumacaq, siz yetər ki, Fəxrinin üzünə durun. Zaur Kistarov Baydarov Zamirə demişdir ki, sizin arxanızda mən dururam. Bu oğurluq hadisələrini kimin etdiyini Zaur Kistarov, Nicat Vəliyev, Eldəniz Hüseynov, Nofəl Məmmədov, Elşən Elçiyev çox gözəl bilirlər.
Kəndimizdən çox oğlanları həbs etdilər, haqqını aldılar buraxdılar.
Bu qədər də haqsızlıq olmaz. Bu işlə bağlı oğlum Fəxri, Bullayev İsmayıl və mərhum Əhmədov Əziz saxlanılmışlar. Bullayev İsmayılı bir neçə gündən buraxdılar. Əgər İsmayıl bu cinayətdə iştirak etmişdirsə niyə onu azadlığa buraxdılar? Oğlum Fəxri Balakən rayon Polis Şöbəsində olarkən döyülməsi, günahsız olması barədə Balakən rayon Prokurorluğuna şikayət ərizəsi yazmışdır. Balakən rayon Prokuroru bu şikayətə baxmadı. Balakən rayon Prokuroru Həsən Mirzəyev, Polis Şöbəsinin rəisi Elnur Həsənov bu işi oğlumun boynuna qoymaq istəyirlər. Oğruların kim olduğunu Həsən Mirzəyev bilir.
Cənab prezident! Ümid edirəm ki, sizə müraciətimdən sonra bizim səsimizə səs verən bir nəfər tapılacaq.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Miq.Az-dan: Şikayət məktublarınızı
[email protected] email adresinə göndərə bilərsiniz.
Miq.Az