Bəxtiyar Vahabzadənin üzünə tüpürdüyü adam danışdı
General Ovçinnikov: Xoşbəxtəm, ona görə ki...
Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək
20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü general Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyirdi.
Bu fikirləri tanınmış filosof, dramaturq Firuz Mustafa öz "Facebook” səhifəsində paylaşdığı statusda yazıb.
General Ovçinnikov nə üçün Bəxtiyar Vahabzadəyə heç nə demədiyini belə açıqlayır: "Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı "özünün” Az.TV-dəki "kabineti”nə yığdı. O, artıq B. Vahabzadənin kim olduğunu öyrənmişdi.
"General dedi: "Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim.
İndi Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı.
Amma mən onun ötkəm hərəkətindən hiss etdim ki, qarşımdakı şəxs sıravi adam deyil, "aksakaldır”, hörmət sahibidir. Mən özüm yetimxanada böyümüşəm, özü də Daşkənddə. Müsəlmanların çörəyi ilə böyümüşəm. Oradakı qonşularımın bir qismi azərbaycanlılar idi. Mən onlarla dost olmuşam. Çoxu yetimliyin nə olduğunu bilmir. Mən kimsəsiz böyümüşəm. Şərqə bələd adamam. Məni bu şəhərə dinclik yaratmaq üçün göndəriblər, buradakı qırğın məndən əvvəl törədilib. Mən vicdanı təmiz adamam. Əgər bir balaca ehtiyatsızlıq edib öz adyutantıma işarə etsəydim sizin, lap elə bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm.
Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək. Yəqin ki, bilirsiz, Dantes Puşkinin, Martınov Lermontovun qatili olub. Mən nə qatiləm, nə də cani...".
Redaksiyadan: Vyaçeslav Viktoroviç Ovçinnikov sonralar general-polkovnik rütbəsi almış, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş komandanı olmuşdur. Hüquq elmləri doktorudur. Hazırda Federal Dövlət "Rosvoorujenie” Korporasiyası baş direktorunun müşaviridir.
Miq.az