“Bəzi idmançılarımızda müvəffəqiyyətdən başgicəllənməsi olur”
Jurnalist Rasim Əliyevin "Qəbələ” futbol klubunun oyunçusu Cavid
Hüseynovun bibisioğlu Elşən İsmayılov və digər 6 nəfər tərəfindən
döyülərək, öldürülməsi mətbu və siyasi çevrələrdə əsas müzakirə
mövzusudur. Bu hadisəyə hakimiyyət düşərgəsinin də mövqeyi ortadadır.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mövzu
ilə bağlı indiyədək iki dəfə açıqlama verib.
Həmçinin
Azərbaycan prezidenti İlham Əliyev jurnalistin öldürülməsini şəxsən
nəzarətə götürüb. Dövlət başçısı bununla bağlı Daxili İşlər Nazirliyinə
və Baş Prokurorluğa hadisənin obyektiv araşdırılması üçün tapşırıqlar
verib.
Məsələ ilə YAP-çı deputat, Milli
Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, eyni zamanda
parlamentin İntizam komissiyasının sədri Siyavuş Novruzovla danışdıq.
- Siyavuş müəllim, sizin Rasim Əliyevin ölümü ilə bağlı mövqeyiniz necədir?
-
Mən bu hadisəni birmənalı şəkildə pisləyir. Lakin bunun
siyasiləşdirilməsinin, hakimiyyətin ünvanına ittihamların
səsləndirilməsinin əleyhinəyəm. Baş verən bu hadisəni mən idmançı və
jurnalist məsələsi kimi qiymətləndirmirəm. Çünki onlarla bu kimi
hadisələr baş verir. Kiminsə arasında mübahisə yaranır, iş böyüyür,
dava-dalaş olur, bəzən bu dava-dalaş sonda cinayətlə yekunlaşır. Bəzi
hallarda vətəndaşlarımız da, media da bu cür hadisələri həddindən artıq
böyüdür. İndiki halda tərəflərdən biri jurnalist olduğu üçün olay bu
qədər rezonans doğurub.
- Bizim idmançılar özlərini xüsusi imtiyazlı şəxs kimi aparırlar. Buna nə deyərdiz?
-
Mən bəzi idmançıların özlərini qeyri-təvazökar aparmasını pisləyirəm.
Onlar əldə etdikləri uğuru gələcəkdə daha da genişləndirmək
istiqamətində fəaliyyət göstərməkdənsə, bunun əksini edirlər. Düzdür,
özünü maksimum təmkinlə, təvazökar şəkildə aparan xeyli sayda
idmançılarımız da var. Amma təəssüf ki, hamısı belə deyil.
- Sizcə, bunun səbəbi nədir?
-
Bəzi idmançılarda əldə etdikləri nailiyyətlərdən baş gicəllənməsi əmələ
gəlir. Rusiyada, Türkiyədə, başqa ölkələrdə baxırsan ki, üçqat, dördqat
Avropa çempionları var. Və hələ də idmana davam edirlər. Bizdə də belə
idmançılar var. Namiq Abdullayev, Fərid Mansurov, İlham Zəkiyev kimi
dəfələrlə uğur qazanmış idmançılarımız çoxdur. Hansı ki, çox sadə,
təvazökar insandırlar. Amma elə idmançılarımız da var ki, əldə etdikləri
nailiyyətlərdən onlarda baş gicəllənməsi əmələ gəlib. Və nəticə etibarı
ilə həm idmana, həm onları sevənlərə, dəstəkləyən şəxslərə ziyan
gətirirlər. Bu cür də olmaz. İnsan təvazökar olmalıdır. Onlar
bilməlidirlər ki, dövlətin onlara mükafat verməsi, sırf həvəsləndirmək,
zəhmətlərinə qiymətdir. Bundan başqa qara niyyətlər üçün istifadə etmək
olmaz. Əgər dövlət öz idmançısına sahib çıxırsa, onun nailiyyətini
mükafatlandırırsa, bu o demək deyil ki, həmin idmançı bundan özünün
şəxsi mənafeyi naminə istifadə etməlidir, gücünü sadə vətəndaşların
üstündə sınamalıdır. Bir daha təkrar edirəm, Azərbaycan bayrağını
yüksəltmiş xeyli sayda idmançılarımız var ki, onlar həddən artıq
təvazökardırlar. Ətrafdakı insanlara zərər vermədən öz peşələrini
layiqincə davam etdirirlər.
"Yaxınlarının
yasına getməyən, qəbrini ziyarət etməyən bəzi siyasətçilər bu hadisədən
iqtidarın əleyhinə istifadə etməyə çalışırlar. Amma biləsiniz, Rasimi
öldürənlər məhz bu hakimiyyətin siyasi iradəsi sayəsində öz layiqli
cəzalarını alacaqlar”
- Jurnalistin ölümü ilə bağlı reaksiyalar sizi qane edirmi?
-
Hazırda araşdırmalar gedir. Bu üzdən tələsməyin, olaya emosional
formada reaksiya verməyin tərəfdarı deyiləm. Cənab prezident də məsələyə
özünün birmənalı mövqeyini bildirib. Hüquq-mühafizə orqanlarına lazımi
tapşırıqlar verilib. Amma araşdırma bitmədən artıq Avropa Şurasının
nümayəndələri bəyanat veriblər. Təbii ki, bu, qərəzli yanaşmadır.
İstintaq gedir. Məsələ hələ tam aydın deyil. Bəlkə heç o adamların
günahı yoxdur? Lap bu hadisə deyildiyi kimi olubsa, bunun iqtidara nə
aidiyyəti var? Hər adamın yanına bir polis əməkdaşı qoymaq olmaz axı.
İqtidar özü maraqlıdır ki, cinayəti törədənlər qanun qarşısında cavab
versinlər. Hüquqi baxımdan cəzalarını alsınlar".
- Öldürülən şəxsin jurnalist olması istər-istəməz hakimiyyəti qınaq obyektinə çevirir.
-
O da vətəndaşdır, cəmiyyətin bir üzvüdür. Jurnalist də kiminləsə
mübahisəsi edə, dalaşa bilər. Çünki o da yekunda insandır. Amma görürük
ki, bu hadisədən başqa məqsədlər üçün istifadə edənlər olur. Bu hadisə
Rasim Əliyevin peşə fəaliyyəti ilə bağlı deyil. Ola bilər ki, kimsə
kimisə təhqir edib. Birinin əsəbi dözür, digərinin dözmür. Siyasətçiləri
gecə-gündüz təhqir edirlər. Tənqid başqa şeydir, olmalıdır. Amma bir də
görürük ki, insanların ailə üzvlərinə qədər söyürlər. Birinin qohumu
dözür, digərinin dözmür.
- Sosial və
peşəkar mediada ən çox tənqidlərə məruz qalan siyasətçilərdən birisiniz.
Elə olubmu ki, kimisə cəzalandırmaq ürəyinizdən keçsin?
-
Mən elə şeylərə fikir vermirəm. İnsan siyasətə gələndə hər şeyi gözə
almalıdır. Bilməlidir ki, onu qarşıda nələr gözləyir. Ona şər də ata
bilərlər, ünvanına böhtan da deyilər, təhqir də olunar.
- YAP dünyasını dəyişmiş jurnalist Rasim Əliyevin ailəsinə baş çəkməyi planlaşdırırmı?
-
Təbii ki... Amma mən görürəm ki, heç öz yaxınlarının yasına getməyən,
qəbrini ziyarət etməyən bəzi siyasi təşkilat nümayəndələri bu hadisədən
istifadə edirlər. Hamıdan qabaq yas yerinə gedib, mediaya müsahibə
verirlər. Özlərini göstərirlər. Biz yas mərasiminə getsək də, el qaydası
ilə hərəkət edəcəyik. Baş sağlığı vermək üçün gedəcəyik. Mediaya bunu
reklam etmək niyyətimiz yoxdur.
Mən Rasimin
ailəsinə, valideynlərinə başsağlığı verirəm. Allah bu gənc vətəndaşımıza
rəhmət eləsin. Onu öldürənlər məhz bu iqtidarın iradəsi sayəsində
özlərinin layiqli cəzasını alacaqlar. Buna əminəm. (musavat.com)