"Rusiyada Ukrayna münaqişəsindən hamı, xüsusən də rəhbərlər cana doyublar. Mən inanmıram ki, Ukrayna rəhbərliyi orada günü sabah sülh olmasını istəmir”.
Vətəninfo.az Strateq.az-a istinadla bildirir ki, bu sözləri "Belarus üçün Avropa radiosu”na müsahibəsində prezident Aleksandr Lukaşenko deyib. Bu radio Polşa ərazisindən belarus dilində efirə çıxır və Minsk hakimiyyətinin senzurası altında deyil.
Avroradionun akkreditasiyalı müxbiri, habelə "Azadlıq" radiosunun Belarus xidmətinin və Belarusda ən böyük özəl media qurumu olan "TUT.by" portalının jurnalistləri prezidentin öz sözləri ilə deyilsə, "açıq söhbət” üçün dəvət ediliblər.
Aleksandr Lukaşenko hakimiyyətdə olduğu 21 ildə ilk dəfədir ki, Belarus dövlətinin nəzarətində olmayan belarusdilli mediaya eksklüziv müsahibə verib. Belə bir şərəfə keçmişdə yalnız xarici jurnalistlər layiq görülüblər.
Lukaşenkonun proqnozuna görə, Donbas müəyyən vaxt müddətində Ukraynanın olacaq. Özü də ukraynalı millətçilərinin görmək istədikləri şəkildə. Krım məsələsinə gəlincə, Lukaşenko bunun bir az qəliz olduğunu düşünür.
Moskvanın vəkili
Aleksandr Lukaşenko düşünür ki, "rus dünyası” ideyası axmaqlıqdır və bunu kimsə təbliğata alət edib: "Əminəm ki, bu ideyanı heç prezident Vladimir Putin də dəstəkləmir. Bu doğru söz deyil ki, hamı "rus dünyası”na tərəfdardır. Mən Rusiya səfirindən də soruşmuşam ki, rus torpaqlarının toparlanması və "rus dünyası” nə deməkdir? Heç kim bunu mənə izah edə bilmir. Amma artıq bu ideya Rusiya mediasında səslənmir. Yəqin ki, mənim tənqidi sualımı eşidib, onu gündəlikdən çıxarıblar”.
Lukaşenko deyib ki, Belarus ərazisində heç bir Rusiya hərbi təyyarəsi yoxdur, sadəcə ölkədə rusların sülhpərvər iki bazası var: "Mən bilmirəm, Rusiya təyyarəçiləri növbə çəkirlər, yoxsa yox. Məncə onlar bu gün çıxıb gediblər. Bizdə Rusiya təyyarələri yoxdur”.
Lukaşenko ukraynanılara məsləhət görür ki, möhkəm dayansınlar, yoxsa, ərazi itirə bilərlər: "Təsəvvür edin ki, sabah biri Polesyenin bir parçasını qoparmaq istədi. Heç təsəvvür edirsinizmi mənim reaksiyam, xalqımızın reaksiyası necə olar? Biz hər bir qarış torpağımıza görə vuruşardıq. Mən Turçinova elə belə də demişdim: Əgər bu torpaq sizindirsə, niyə onun uğrunda o vaxt döyüşmədiniz? Axı orada çox sayda Ukrayna qoşunları vardı. Niyə vuruşmadılar? Qəbul etdilər ki, bu onların torpağı deyil? Orada çox sayda gizli hiyləgərliklər var”. O işarə edib ki, məsələ qonşu dövlətlərlə qapalı rejimdə müzakuirə edildiyinə görə çox şeyi deyə bilmir.

Yeganə abırlı rəqib
Lukaşenko jurnalistlərə irad bildirib ki, tam informasiyaya malik olmadan tələsik nəticələr çıxarırlar. Prezident həmçinin KİV-i Ukrayna hadisələrinin interpretasiyasına görə tənqid edib: "Münaqişənin Rusiya mediasında indiki şəkildə işıqlandırılması gülüncdür. Elə Ukrayna mediası da eyni cür hərəkət edir. İnformasiya müharibəsi gedir”.
"Mən bilmirəm, siz niyə yazırsınız ki, indi Ukraynada münaqişədir, növbədə isə bizik. Belarus Rusiya Federasiyasının yeganə namuslu və abırlı müttəfiqi olaraq qalır” – deyə, Lukaşenko bildirib.
O inanır ki, Rusiya heç vaxt Belarusla müharibəyə girməz, çünki belə münaqişə Rusiyanın özü üçün fəlakətə çevrilə bilər. Prezident Lukaşenko həmçinin Kiyevi əmin edib ki, Ukraynaya Belarus ərazisindən heç vaxt müdaxilə olamayacaq: "Bizim ərazimizdən heç vaxt, heç kim Ukraynaya hücum etməyəcək. Əlbəttə, bu, bizim maraqlarımıza toxunmasa və ya Ukraynanın özü Belarusa hücum etməsə... Amma belə bir şey heç vaxt baş verməyəcək”.
Belarus lideri onu da bəyan edib ki, qonşu ölkənin ərazisində xarici qoşunların mövcudluğuna qarşıdır: "Ukraynada hər hansı başqa qoşunu qətiyyən qəbul etmirəm. İstər rus olsun, istərsə də başqa”.
Lukaşenko əlavə edib rb, kim Belarusun üstünə qılıncla gəlsə, elə qılıncdan da öləcək.
"Belarus prezidentinin ən əsas vəzifəsi elə budur. Siz məni maaşlara və sairə görə tez-tez qınayırsınız. Bu, əlbəttə, sizin borcunuzdur ki, bir ailə başçısı kimi ailənin qayğısına qalasınız. Mənimsə borcum dövlətin təhlükəsizliyinin qayğısına qalmaqdır. Əgər xalq yarım il maaş almasa, bunu bağışlaya bilər, amma suverenliyi qurban versən, xalq bunu heç vaxt bağışlamaz və yaddan çıxarmaz” – deyə Belarus lideri vurğulayıb.

Opponentin taleyi
Belarusda oktyabrın 11-ə təyin edilmiş prezident seçkisi ərəfəsində Aleksandr Lukaşenko öz rəqibini, prezidentliyə keçmiş namizəd və müxalif siyasətçi Nikolay Statkeviçi azadlığa buraxa bilər: "Riyakarlıq etməyəcəyəm, bu məsələ gündəlikdədir”.
Prezidentliyə keçmiş namizəd və Belarusdakı rejimin sərt tənqidçisi Nikolay Statkeviçi 2010-cu ilin 19 dekabrında keçirilmiş prezident seçkilərinə qarşı etiraz mitinqini dağıdarkən döymüş və həbs etmişlər.
Statkeviç kütləvi iğtişaşların təşkilində ittiham edilib və hazırda 6 illlik həbs cəzasını çəkməkdədir.
"Amnesty International" müxalifətçini vicdan məhbusu elan edib və onun azad olunması Avropa İttifaqı və ABŞ tərəfindən tələb edilir.
Minsk analitiklərinin fikrincə, belə bir siyasi məhbusun mövcudluğu qarşıdakı seçkinin demokratik standartlara uyğun hesab etməyə problemə yarada bilər (Qərb Lukaşenkonun hakimiyyəti dövründə bundan əvvəlki seçkilərin heç birinin legitimliyini tanımayıb).
Lukaşenko bildirib ki, Statkeviç problemini yalnız o həll edə bilər: "Amma mən bunun nə vaxt baş verəcəyi barədə qərara gəlməmişəm. Əgər o buraxılacaqsa, bu, seçkiyə qədər olmalıdır. Yox buraxılmayacaqsa, deməli buraxılmayacaq. Bunu tezliklə biləcəksiniz. Əgər ikinci variant baş versə, deməli vaxtımız çoxdur”.
Prezident Lukaşenko xatırladıb ki, o, Statkeviçə əfv ərizəsi yazmaq üçün imkan yaradıb: "O türmədə olmaq istəmir və ordan qəhrəman kimi çıxmaq istəyir”.
Bu yaxınlarda müxalif siyasətçilərdən ibarət bir qrup qarşıdan gələn oktyabr seçkisində Nikolay Statkeviçin namizədliyini irəli sürməyə və bu məqsədlə imza toplamaq üçün qeydiyyata düşməyə cəhd göstərib.
Belarusun Mərkəzi Seçki Komissiyası qanunu bəhanə gətirərək təşəbbüs qrupunun qeydiyyatından imtina edib. Qanuna görə, qüvvədə olan məhkumluğa malik şəxs prezidentliyə namizəd ola bilməz.
