"Dostum Arif Əliyevin də dediyi kimi bir vaxtlar biz bu ölkədə müstəqil
mətbuat təmsilçiləriyik deyə sinəsinə döyən adamlar, artıq həmin
sinələrinə orden, medal düzməyə başladılar"
Vətəninfo.az tanınmış media eksperti, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin ps-nota.com saytına müsahibəsini təqdim edir:
–
Qulu müəllim, Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı sizin
təbirinizcə desək, boz bir şeylər oldu. Sizcə əslində bu yubiley ilində
baş verən nə idi və niyə baş verdi?
–
Bayaqdan barəsində danışdığımız proseslər gedir və mətbuat da bu
prosesləri özündə əks etdirən bir güzgüdür. Bu güzgüdə cəmiyyət də,
mətbuatın özü də aydın görsənir. 90-cı illərin əvvəlindən bu yana
Azərbaycanda normal bir mətbuat formalaşmışdı. Təxminən 2000-ci ilə
qədər bizim yaxşı mətbuatımız, keyfiyyətli mətbu orqanlarımız, xüsusilə
də qəzetlərimiz var idi. Televiziya sahəsində müəyyən problemlər həmişə
olub. Amma yazılı mətbuatımız, bir vaxtlar, ən azı Cənubi Qafqazda ən
güclü mətbuat idi. Bizdə məsələn, "Zerkalo” qəzeti çıxırdı, "Exo” çap
olunurdu, "Azadlıq”, "Yeni Müsavat”, bunlardan əvvəl "Aydınlıq”, lap son
vaxtlara qədər sizin özünüzün redaktoru olduğunuz "Nota-bene” və digər
qəzetləri oxuyanlar var idi. Yəni tənqid güclü idi. Məsələn, mənim
xatirimdədi ki, biz Elçin Şıxlı ilə Misirdə olanda, "Zerkalo” qəzetinin
bir nüsxəsini özbəkistanlı bir jurnalistə vermişdik. Səhər tezdən biz
onunla görüşəndə, adam gözləri şişmiş halda bildirdi ki, səhərə kimi
yata bilməyib. Səbəb kimi də onu göstərdi ki, axı bu necə ola bilər, siz
öz qəzetinizdə ölkənin ciddi adamlarını, böyük vəzifə sahiblərini bu
cür tənqid eləyə bilirsiniz. Bir sözlə, onu demək istəyirəm ki, bizim bu
cür keyfiyyətli mətbuatımız, qəzetlərimiz var idi. Amma təxminən
2000-ci ildən sonra bu proseslər əksinə gedib. O zamana qədər bizim
ayrı-ayrı jurnalist təşkilatlarımız var idi. Bu sırada "Yeni Nəsil"
jurnalistər birliyi, "Azad Jurnalistlər Təşkilatı”, Hacı Hacıyevin
rəhbərlik etdiyi "Jurnalistlər Birliyi” və s. fəaliyyətdə idilər və hiss
olunurdu ki, mətbuat gerçəkdən də söz sahibiydi. Bütün hallarda
dördüncü hakimiyyət ola bilməsə də, o zamankı qəzetlər və jurnalist
təşkilatları hər halda ictimai rəyi formalaşdıran, ona ciddi təsir edə
bilən vasitə idi. 2000-ci ildən sonrakı proseslərdə mətbuat tədricən diz
çökməyə başladı və mənim dostum Arif Əliyevin də dediyi kimi bir
vaxtlar biz bu ölkədə müstəqil mətbuat təmsilçiləriyik deyə sinəsinə
döyən adamlar, artıq həmin sinələrinə orden, medal düzməyə başladılar.
Bu əslində böyük bir fəlakətdi, mənəvi deqradasiyadı, cəmiyyətdə
dəyərlərin gözdən düşməsidi və çox təəssüflər olsun ki, mətbuatın da
çökməsidi. Açığı, bizdə formal cəhətdən görünən çox şeylərimiz var.
Məsələn, yaxşı qanunlarımız, KİV-ə Dəstək Fondu mövcuddu və son bir -
iki ildə mətbuata faktiki olaraq 20-25 milyon manat vəsait xərclənib.
Amma bunun nəticəsində mətbuat inkişaf eləyibmi?
–
Elə mən də bunu soruşacaqdım, bu qədər pulun-paranın, dövlət dəstəyinin
və "atalıq qayğısı”nın nəticəsində mətbuatın inkişaf əmsalını əks
etdirən şkala nə qədər qabağa gedib?
–
Açığı, bu suala cavab verməyə bir az çətinlik çəkirəm. Yəqin ki, tək mən
yox, çoxları bu sualı cavablandırmağa çətinlik çəkər.
–
Mən həbsxanada olanda Rauf Mirqədirovun həbsindən sonra "Zerkalo”nun
bağlanması prosesində Elçin Şıxlının açıqlamalarını oxudum. Həbsxanadan
sonra isə Mehman Əliyevin eyni motivli və eyni səpkidə çıxışları
diqqətimi çəkdi. Onların ikisi də etiraf edirdilər ki, biz əslində
Mətbuat Şurasının da, KİV DF-nin də yaranmasına dəstək verəndə ən böyük
yanlışımızı elədik. Elə-belə məlumat üçün onu da deyim ki, Mətbuat
Şurasının yaranmasına da, artıq bu xətlə ilkin mərhələ pulların
paylanmasına da mən "Böyük Rəzalət” kimi qiymət vermişdim. Hətta
"Təəssüf ki, bu rəzalətin altında prezidentin imzası, arxasında isə əli
var” demişdim. KİV DF yarananda isə mən yazdım ki, "bu KİV-ə dəstək yox,
KİV-in dəfn fondudu”. Bunları ona görə deyirəm ki, nə Elçin Şıxlı, nə
də Mehman Əliyev mətbuatda elə-belə adam deyillər. Sizdən isə soruşmaq
istədiyim odu ki, doğrudanmı bunlar o zaman nə baş verdiyini
bilmirdilər, yoxsa…
- Bütün hallarda hər
kəsin ürəyindən keçə bilərdi ki, bütün bu məsələlərin pis tərəfi də ola
bilər. Amma heç kim inanmazdı ki, məsələn, bax mənim tanıdığım Sərdar
Əlibəyli sabah başqa cür düşünəcək və bambaşqa bir adam olacaq. Mən
əminəm ki, o zaman sizin dediyiniz şəxslər də, bu prosesə qoşulmuş digər
adamlar da bu məsələlərə çox nikbinliklə yanaşmışdılar. Amma siz də
bilirsiniz ki, insan çox mürəkkəb bir məxluq, bəzi hallarda isə
anlaşılması çox çətin olan bir varlıqdı. Və insanın qarşısında diz çökə
biləcəyi çox şeylər var, bax, o vasitələr işə düşəndən, pul və başqa
həvəsləndirici vasitələr ortaya gələndən, xüsusilə də kütləviləşəndən
sonra, olanları durdurmaq çətin bir prosesə cevrilir. Xüsusilə də həmin
vasitələr mətbuat üçün aparıcı stimula çevriləndən sonra dediyiniz
proseslər getdi. Məsələn, bizim dostumuz Mehman Əliyev indi də nikbin
bəyanatlar verir ki, hər şey yaxşı olacaq və s. Elçin Şıxlının özü bu
proseslərin qurbanı olduğuna görə daha real düşünə bilir. Əlbəttə, biz
uzun müddət Elçinlə də, Mehmanla da Mətbuat Şurasında təmsil olunmuşuq
və müəyyən fikir ayrılıqlarımızın olmasına baxmayaraq, ümumən azad
mətbuat üçün çalışmışıq. Amma bununla yanaşı, indi gedən proseslər çox
fərqlidi. Indi faktiki olaraq, tənqidçi media adına yalnız "Azadlıq”
qəzeti qalıb və nə yaxşı ki, azdlıq ruhunu saxlayan tək-tək jurnalistlər
də qalır. Məni sevindirən də budu – azad jurnalistlərin olması.
Avropada buna "frelans” deyillər. Və o jurnalistlərin tutaq ki, biri
sayt açır, biri başqa vasitələrlə fəaliyyətini davam etdirir, bəziləri
bir az obyektiv olan qəzetlərə yazıllar, materiallar hazırlayırlar və s.
İndilik yalnız buna sevinmək lazımdı ki, belə jurnalistlər hələ də var.
Amma mediada olan çoxluq, yəni 98-99 faiz civarında, jurnalistlərin tam
əksəriyyəti media vasitələrindən, mətbuat platformasından piar,
təbliğat və təşviqat formasında yararlanır, istifadə edir, mətbuatda
varlığını bu cür görür. Ona görə də dediyiniz mətbuatın 140 illik
yubileyinə və bu xüsusda keçirilən bütün tədbirlərə mən bir şou kimi
baxdım və fikirləşdim ki, əcəba, doğrudanmı insanlar düşünürlər ki, bu,
mətbuatın yubileyidi. Bununla bağlı bir status da yazdım ki, bu cür
məsələlərdə Həsən bəy Zərdabinin ruhunu incitmək olmaz və bu mətbuatın
onun görmək istədiyi mətbuata heç bir aidiyyatı yoxdur. O adam qəzet
yaratdı ki, milləti qaranlıqdan qurtarsın, onun fikrini, zehnini və
zəkasını işıqlandırsın. Qəzet çıxartmadı ki, insanlara yalan desin,
manipulyasiya ilə, saxtakarlıqla məşğul olsun, mədhiyyələr söyləsin.
–
Tənqidçi mətbuat adına "Azadlq”ın varlığından danışdınız. Amma mən
istəyirəm sizdən soruşum ki, "Azadlıq”ın özünün azadlığı nə qədərdi və
yaxud da haraya qədərdi? Bu barədə heç düşünübsünüzmü?
-
Əlbəttə düşünmüşük, hətta onların yubileyində də bu barədə danışmışıq.
"Azadlıq” qəzeti müəyyən partiyaya bağlı olan qəzetdi. Və yaxud hər
hansı bir halda partiya maraqlarından çıxış eləyən bir qəzetdi, fərqi
yoxdu, YAP-a, Müsavata və ya AXCP-yə bağlı olsun, asılılığın dərəcəsi
fərqli ola bilər, amma müəyyən mənada, yenə də məsələlərə və proseslərə
yanaşmada bir subyektivlik var. Amma ümumiyyətlə götürəndə və müqayisə
eləyəndə, biz tutaq ki "Yeni Azərbaycan” qəzeti ilə "Azadlıq” qəzetini
tərəzinin eyni gözünə qoya bilmərik. Çünki faktiki olaraq ölkədə
tənqidçi əhval-ruhiyyədə olan jurnalistlər və oxucular "Azadlıq”la
bağlıdı. Başqa qəzetlər də müəyyən mənada tənqid yaza bilirlər, amma bu
mütəmadi deyil. Tutaq ki, mən baxanda görürəm ki, insanların əksəriyyəti
bu və ya digər məsələlərlə bağlı məlumatıları əsasən "Azadlıq”
qəzetindən alırlar. Və yaxud da hansısa məsələyə münasibət bildirmək
üçün hansı qəzetə üz tuturıar, yenə də "Azadlıq” qəzetinə və çox nadir
hallarda da "Yeni Müsavat”a . Lakin biz hamımız fərqində olmalıyıq ki,
bu cür qəzetlərin çox məhdud sayda olması, həddindən artıq pis
göstəricidir. Cəmiyyət üçün ən önəmli olan məsələlərdən biri
plüralizmdi, yəni fikir müxtəlifliyidi. Məsələn, mən çox radikal
yazılar yazıramsa, o zaman qəzetimin adının "Yeni Azərbaycan” yaxud da
"Azadlıq” olmasının heç bir mənası yoxdur. Amma biz jurnalistikanın
prinsiplərindən çıxış edirik, yəni verilən məlumat dəqiq, qərəzsiz,
balansı və dolğun olmalıdı. Bu yoxdusa, deməli, jurnalistikanın
prinsipləri pozulub. Bəs hansı halda biz jurnalistikanın prinsiplərini
pozmağı məqbul hesab edirik? Bu çox fövqəladə və nadir təsadüf olunan
bir hadisədi. O halda ki, cəmiyyətin maraqları bunu tələb edir, o vaxt
ki, həqiqəti bütün çılpaqlığı ilə demək lazım olur, onda bəzən bu
prinsiplərdən bəziləri axsayır. Amma bütün hallarda mətbu prinsiplərin
pozulmasına yol verməməyə çalşmaq lazımdı və dediyim kimi çox nadir
hallar istisna olmaqla bunu etmək olmaz.
–
Mən də özümü əsasən tənqidçi jurnalistikanın içərisində görürəm.
Bununla belə, böyük və ya balaca olmasından asılı olmayaraq, başında
dayandığım bütün qəzetlərin və saytların mümkün olduğu qədər azad
olmasına çalışdım. Bizim qəzetlər fəaliyyətdə olduğu müddətcə istənilən
adam, tutaq ki İlham Əliyev barəsində xoş sözlər yaza, hətta onu
mədhiyyə səviyyəsində tərifləyə də bilərdi. Yəni mən buna həmin yazıları
yazan insanların haqqı kimi baxırdım. Amma adamın nə qədər səmimi
olduğu, məncə medalın ayrı üzüdü və qoca bəşəriyyət hələ ki,
"vicdanometr” adlı cihazı kəşf etməyib. Tutaq ki, mən hər zaman
"Azadlıq” qəzetini də, digər qəzetləri də o cür görmək istərdim. Məncə
"Azadlıq”ın azadlığı, sərbəstliyi indikindən daha çox olsa, fəaliyyəti
də bir o qədər uğurlu alınar, oxucu kütləsi də xeyli artar.
–
Mən də sizinlə şərikəm ki, qəzetin ümumiyyətlə azadlığı nə qədər böyük
olursa, onun auditoriyası da bir o qədər genişlənir. Məsələn, bəlli
məsələlər var ki, o zaman partiya mövqeyindən çıxış eləmək müəyyən
dərəcədə həqiqətin yarımçıq təqdimatına səbəb olur. Düzdür, "Azadlıq”da
bir az bolşevizm ruhu var, ancaq onu xilas eləyən də cəmiyyətin indiki
əhval-ruhiyyəsini əks etdirməsidir. Bir çox hallarda qəzetin
intonasiyası cəmiyyətin özündən gəlir. Baxın, bizdə bir müddət əvvələ
qədər neçə dənə orta mövqedə dayanan, yəni müstəqil qəzetlər var idi.
Indi bu tip qəzetlər demək olar ki, yoxdur və bunların çoxu, bəlkə də
hamısı artıq siyahıdan çıxıblar. Həm də, bilirsiniz, artıq dünya
praktikasında qəzetləri keyfiyyətli və keyfiyyətsiz qəzetlər
kateqoriyasına bölürlər. 2000-ci ildə bütün dünya üzrə
müəyyənləşdirdilər ki, təxminən 5 qəzet keyfiyyətli qəzetlər
kateqoriyasına aiddir. Bunlar "Vaşiqton Post”, "Nyu York Tayms”,
"Qardian” qəzetləri, ”Şpiqel” jurnalıdı və s. Yəni, bax bunlar artıq
dünyanın keyfiyyətli media qurumları sayılır. Əslində indi bizdə olan
mətbuat bu cəmiyyətin bir parçasıdı, bu cəmiyyətin içində doğulur və
orda yaşayır. Ona görə də istənilən mətbuat içində doğulduğu cəmiyyətin
bütün rənglərini özündə əks etdirir. Indi bizim burda oturub, "Vaşinqton
Post” kimi qəzet çıxartmağımız bir az gülünc olardı və buna imkan da
verməzlər. Yəni, biz hansı rejimdə yaşayırıq və bu rejimi idarə
edənlərin qəzetə münasibəti necədi? Bax bu kimi məsələlərin hamısı Qulu
Meherremlimətbuatın keyfiyyətinə təsir edir və gürüntüsündə rol oynayır.
Bizim bütün problemlərimiz həmin o idarə edənlərlə qəzetçilərin, gerçək
fikir ifadə edənlərin arasında anlaşmanın olmamasından qaynaqlanır.
Əgər bu gün biz 5-10 adama orden verib, onları yaxşı jurnalist kimi
təqdim ediriksə və cəmiyyət də onları qəbul eləmirsə, bu alt qatda ciddi
narazılıqlar yaradır.
– Siz ümumiyyətlə
jurnalistlərə medal verilməsinə, fəxri ad verilməsinə, ev verilməsinə
necə baxırsınız, bunun özü nonsens deyilmi?
Davamı var...