Birinci Avropa oyunları bizə nə verəcək?

Birinci Avropa oyunları bizə nə verəcək?

Mahir Aşurov

Birinci Avropa oyunlarının Azərbaycanda keçirilməsinin həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini sübut etmək üçün uzun-uzadı təhlillər aparmağa və proqnozlar verməyə heç bir ehtiyac yoxdur. Çünki ictima-siyasi proseslərlə maraqlanan və dünyada cərəyan edən hadisələrdən az-çox xəbəri olanlar çox gözəl bilirlər ki, bu tədbir tarixi və dünya əhəmiyyətli olmaqla yanaşı Azərbaycan dövlətinin siyasi və iqtisadi nüfuz dairəsinin nə qədər geniş olduğuna sübutdur. Eyni zamanda mövcud iqtidarın apardığı daxili və xarici siyasətin nə qədər uğurlu olmasını təsdiq edən faktdır. Həqiqətən də öz müstəqilliyini yenicə qazanmış Azərbaycan dövləti bütün ağır sınaqlara, çətinliklərə baxmayaraq Ümummilli Liderimiz Heydər Əliyevin müdrik siyasəti sayəsində nəinki ayaq üstə durdu, müstəqilliyini, suverenliyini qoruyub saxladı, hətta məhv olmuş iqtisadiyyatı yenidən qurdu. Qısa zamanda həyata keçirdiyi uğurlu islahatlar nəticəsində hüquqi, demokratik dövlətin təməli qoyuldu. Onun qətiyyətli siyasəti sayəsində Azərbaycan sürətli inkişafa başladı. Bu siyasəti uğurla davam etdirən İlham Əliyev Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan regionda böyük nüfuz sahibi olmaqla bərabər dünya iqtisadiyyatına investisiya yatırır. Dövlətimizin siyasi, iqtisadi, hərbi qüdrətinin artması, əhalinin sosial rifah halının yaxşılaşması bu inkişafı istəməyən dairələri  narahat edir. Məhz bu dairələrdir ki, Qərbdə dövlətimizin əleyhinə həqiqətə uyğun olmayan təbliğat apararaq insanlarda yanlış təsəvvür yaratmağa çalışırlar ki, guya Azərbaycanda insan hüquqları pozulur, demokratiya təhlükədədir, söz azadlığı yoxdur. Bu yolla Birinci Avropa oyunlarının Azərbaycanda keçirilməsinin qarşısını almağa çalışırdılar. Lakin onların bütün cəhdlərinə baxmayaraq bu oyunlara dünya çapında maraq böyükdür. Artıq dünyanın 30-dan artıq ölkəsinin rəsmi şəxsləri- prezidentlər, baş nazirlər və ictimai-siyasi xadimlər Birinci Avropa oyunlarını izləmək üçün Bakıya gələcəklərini rəsmən bildiriblər. Minlərlə idmançının, media mənsublarının və turistlərin gələcəyi məlumdur. Artıq bu barədə rəsmi məlumatlar verilib və Bakı şəhəri qonaqlarını qarşılamaq üçün hazırdır. Artıq onu da qeyd edə bilərik ki, yarışlarda iştirak edəcək idmançılar və media mənsubları, turistlər Bakıya gəlməyə başlayıblar və onların bir qrupu artıq paytaxtımızdadır.
Misal üçün, bu günlərdə Bakıda olan London şəhərinin meri Alan Yarrou deyib : “Bakıya gələndə təəccübləndim. Şəhər çox xoşuma gəldi. Bakı son 20 ildə çox dəyişib. Şəhərin ab-havası olduqca əladır və Bakının mənzərəsi çox xoşuma gəldi".


Lord merin sözlərinə görə, Avropa Oyunlarının ümumilikdə Azərbaycana, xüsusilə də Bakıya nə verəcəyini anlamaq üçün 2012-ci il Olimpiya Oyunlarının Londona nə verdiyinə baxmaq kifayətdir: "London yenidən iri biznes mərkəzi kimi dirçəldi və turistlərin ən sevimli yeri oldu. Hesab edirəm ki, Bakını da eyni aqibət gözləyir".


Cənab merin dediklərinə diqqətlə yanaşsaq, anti Azərbaycan təbliğatı aparan dairələrin narahatçılığını görə bilərik. Bu dairələr uzun illərdən bəri apardıqları iftira dolu təbliğatın bir daha ifşa olacağından qorxurlar. Ona görə də çalışırdılar ki, Birinci Avropa oyunları Azərbaycanda keçirilməsin. Lakin onların bütün anti Azərbaycan təbliğatına baxmayaraq Azərbaycan iqtidarı Birinci Avropa oyunlarının keçirilməsi üçün nəzərdə tutulan bütün tədbirləri vaxtında görərək, oyunlara hazırlıq işlərini yüksək səviyyədə başa çatdırdı. Bu gün ölkəmiz Birinci Avropa oyunlarını keçirməyə tam hazırdır.
Ölkəmizə gələcək minlərlə əcnəbi həyata keçirilən quruculuq, abadlıq işləri ilə, iqtisadi inkişafla yaxından tanış olacaqlar. Ölkəmizdə mövcud olan tolerantlığın, demokratiyanın, söz azadlığının, siyasi sabitliyin  şahidi olacaqlar.
Birinci Avropa oyunlarının Azərbaycanda keçirilməsi xalqımızın siyasi, iqtisadi baxımdan ən böyük qazancıdır. Bu hadisə düşmənlərimizin illərdən bəri haqqımızda formalaşdırmağa çalışdığı anti təbliğatı darmadağın edəcək. Azərbaycan xalqının Dağlıq Qarabağ məsələsində haqlı olduğunu, işğala məruz qaldığını, ərazilərinin 20 faizinin ermənilər tərəfindən işğal olunduğunun canlı şahidi olacaqlar!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az