Veteninfo.az Ulusal.az-ın yeni lahiyəsi olan "Döyüşən qadınlar” rubrikasının bu günkü qonağı Gülpəri Əhmədovanin geniş açiqlamasini teqdim edir.
Gülpəri Əhmədova Qobustanın Nərimankənd kəndində doğulub. Orta məktəbi bitirəndən sonra Şamaxıda Texnikumda oxuyub. Qarabağın azadlığı uğrunda silaha sarılanda isə Qobustanın əmanət bankında işləyirdi. "Xalqımızın qeyrət tacı Tomris Kirin başını kəsibsə, Nüşabə İsgəndərə diz çökdürübsə, Gülpəri də erməni quldurlarına aman verməz!”-deyə qəti qərarını verdi.
-Gülpəri xanım, necəsiniz? Işiniz, gücünüz necədi?Nə işlə məşğulsunuz, haralarda olursuz?
-Şükür, yaxşıyam. Gözdən-könüldən uzaq bir yerdə – 28may adına neftqazçıxarma idarəsində operator işləyirəm. Daha sakitlik olsun deyə özüm seçdim buranı. Səs-küydən uzaq, sakit bir ada… kim istəməz belə yeri….
-Müharibənin ağrıları, ruhunuzu inlədən qəlpə yaraları ailə qurmağınıza mane olmadı ki…
-Əlbəttə ki, yox. Çox xoşbəxtəm ki, Sənail kimi həyat yoldaşım var.
-Həyat yoldaşınız necə, o da döyüşçüdür?
-Bəli, ilk dəfə onunla səngərdə rastlaşdım. Taleh elə gətirdi ki, yolumuz birləşdi.
-Övladınız varmı?
-Oğlum Pərvizin 15, qızım Fidanın 13 yaşı var. Eynən mənim uşaqlığımı yaşayırlar. İkisi də dəliqanlı, hazırcavab, vətənpərvər.
-Barı, ev-eşik qura bilmisinizmi?
-Uzun illərdi kirayədə yaşayırdıq. Son günlərdə nəhayət ki, kreditlə də olsa ev ala bildik. Nisbətən indi rahatam.
-Gülpəri xanım, nə yaxşı ki, sizinlə görüşə bildim, o ağrı-acılı günlərin xatirəsini birgə vərəqləmək istərdim.
-Mən də çox şadam ki, uzun illərdən sonra məni axtardınız. Elə bilirdim unudulmuşam, yaddan silinmişəm.
-Gülpəri xanım, tutduğunuz yol müqəddəs yoldur. Vətən uğrunda vuruşmaq, kimi isə düşmən cəngindən qurtarmaq, həyat vermək hər kəsə nəsib olmur.
-Mən uşaqlıqdan çox vətənpərvər olmuşam, torpağımı, millətimi sevmişəm. 1988-ci ildə Topxana meşəsinin qırılması ilə bağlı bütün mitinqlərdə iştirak eləmişəm. Özümdən asılı olmayaraq, bir də gördüm ki, məktub yazmışam İcra Hakimiyyətinə, Hərbi Komissarlığa. Tez-tez adımı televiziyada, radioda eşidirəm, amma inana bilmirəm ki, döyüş bölgəsinə getməyə mənə icazə verəcəklər. Axır ki, bir gün Komissarlıq məni çağırdı, döyüş bölgəsinə getməyim üçün hazırlıq görməyimi istədi. Evdə kiminsə xəbəri yox idi. Nümayəndələr qapımıza gələndə anam qorxdu. Fikirləşdi ki, yenə hansısa bir iş törətmişəm, bu qədər vəzifəli şəxslərin qapımıza gəlişinin səbəbi nə idi yoxsa. Bəlli oldu ki, cəbhə xəttinə getmək üçün qərar vermişəm. Fikrimdə qəti idim, getməliydim vəssalam. İcra hakimiyyətinin və eləcə də, Aqrar Sənaye bankının müidri Rafiq Alışovun qida və sursat yüklənmiş maşın karvanı məni Ağdama – hərbi qərargaha gətirdi. Elə ilk gündən Şirin Mirzəyevin alayına rabitəçi təyin olundum. Bir müddət orada işlədim. Sonra gördüm ki, mənim yerim deyil.
-Axı sizi cəbhə xəttinə aparan bir amal, bir məqsəd vardı?
-Həqiqətən də elə idi. Ona görə də birbaşa Ş. Mirzəyevin qəbuluna düşdüm və xahiş elədim ki, məni ön cəbhəyə göndərsin. Çünki düşmənə qan uddurmaq üçün yaranmışam. O da razılaşdı. 5 nömrəli batalyona yazıldım – Dəmiryeyənlər batalyonu deyirdilər. Dəmiryeyənlər ən çətin sınaqlardan üzüağ çıxırdı. Ona görə də bu adı almışdı. Mən ora üzv olanda mayın 1- i idi.
Dəmiryeyənlər batalyonu… Ermənilərin ən çox qorxduğu, ehtiyat elədiyi, bir çox hallarda döyüşü yarımçıq qoyaraq silah-sursatlarını atıb qaçdıqları dəmir biləkli, dəmir dişli Azərbaycan oğullarının cəmləşdiyi batalyon idi. Rabitəçi olmaqdansa, düşmənlə üzbəüz döyüşə üstünlük verən Gülpəri də bu batalyonu qəsdən seçdi. Çünki evdən çıxarkən içdiyi anda sadiq qalacağına, düşmənə qarşı amansız olacağına söz vermişdi.
-İlk döyüşə nə vaxt qatıldınız?
-Mayın 10-u 1992-ci il idi. Naxçıvanlı kəndi uğrunda döyüşə girməzdən əvvəl pasportlarımızı yığdılar, təəccüb elədim, dedilər belə olmalıdı.
"İgid odur ki, ən güclü qorxunu boğa bilir və qorxuya boyun əymədən təhlükə anında düşünə bilir. ” Gülpəri Əhmədova da bütün çətinliklərə sinə gərərək düşmənin başına od ələməkdən çəkinmədi, əksinə döyüşlərdə daha da önə atılaraq ölümə meydan oxudu. Kəşfiyyat dəstəsinin tərkibində də fəallığı ilə silahdaşlarından fərqləndi. O gün lazımi məlumatı əldə edən dəstə bütün çətinlikləri dəf edə bildi. Elə ona görə də əsgərlərimiz Sırxavənd əməliyyatında üstünlüyü ələ aldılar.
Təcrübəsizlik özünü büruzə verirdi. Ancaq şir kimi oğulların arasında zərifliyimi, zəifliyimi göstərə bilməzdim. Əslində, qorxu nə olduğunu anlamırdım. Silahdaşlarımın nə edəcəyini onlardan əvvəl etməyə çalışırdım. Çünki bir dənəydim, fərqlənməliydim onlardan. Belə də oldu. Döyüş əsnasında düşmənin bir BMP-sini, bir topunu və Xaçik adlı komandirlərini əsir götürdük. Təəssüf ki, o gün qorxmaz oğullardan birini – Şakiri itirdik.
-Düşməni darmadağın etməklə yanaşı, xeyli silah-sursat ələ keçirdiniz, bəs Naxçıvanlını (Naxçıvanik) necə?
-Bəli, həmin gün Naxçıvanlı ermənilərdən tamamilə təmizləndi. Bir gün sonra isə Aranzəmin, Ağbulaq kəndləri istiqamətində hücuma keçdik. Bu dəfə də quldurlara aman verməyən dəmiryeyənlər hər iki kəndi geri qaytardı. İlk döyüşlərimizin uğurlu alınması məni daha çox sevindirirdi.
-Siz o döyüşdə sübut edə bildinizmi ki, lazım gəlsə qadınlar heç də kişilərdən geri qalmır?
-Komandirimiz Əli və Ədalət Zeynalov qardaşları həmişə deyirdi ki, mənim qadınlarım kişilərdən də ürəkli döyüşür. Yanımda başqa bir xanım da vardı – Elmira Hüseynova. Daha doğrusu, o, məndən də qabaq döyüşürdü. Qorxmaz, cəngavər qadın idi.
15 may tarixində Abdalgülablı kəndinə daxil olduq. Düşmən xeyli itki verdi, işlək vəziyyətdə bir BMP və bir nəfər əsir götürdük. Ondan soruşdum ki, torpağımızda ürəyiniz istəyən kimi yaşayırsınız, sizin üçün hər bir şərait yaradılıb, Azərbaycalılar yaşayan kəndlərdə qaz olmadığı halda siz necə gəldi istifadə edirsiniz. Bəs bu hiyləgər addımı atmaqda məqsədiniz nədir? Dedi ki, torpaq bizimdir. Bu sözdən sonra dözə bilmədim. Torpağı duza qatıb həmin erməniyə yedizdirdik Şakirlə birgə… bəlkə gözü doysun. Sonra isə bir güllə ilə cəhənnəmə yola saldıq.
-Gülpəri xanım siz rabitəçi, döyüşçü olmaqla yanaşı, həm də kəşfiyyatçısınız. Axı kəşfiyyatın hər dəqiqəsi qorxudan, işgəncədən, ölümdən keçir. Bunu siz daha yaxşı bilirsiniz və bildiyiniz halda Sizi hansı hisslər çəkib apardı ora?
-Düzü, düşmən öldürmək mənə su içimi kimi gəlirdi, heç kəşfiyyat haqqında fikirləşməmişdim. Komandirimiz Ədalət Zeynalov dedi ki, on nəfər göndərirəm kəşfiyyata, sizi də onlarla birgə. "Sən mənim oğlumsan, öndə getməlisən”-dedi (Ədalət Zeynalov "Dəmiryeyənlər” batalyonunun komandiri idi). Mən də getdim. Bu gün döyüşdən çıxırdım, sabah həmin yerə kəşfiyyata gedirdim. Bəzən ermənilərin içində yatıb-dururduq amma kimsə xəbər tutmurdu. Düzdü, o dili bilməsəsm də hərəkətlərimlə işimi görə bilirdim.
-Doğrudanmı belə hallar baş verirdi?
-Həm də dəfələrlə…
-Ən qanlı döyüşlərdən biri də Sırxavənd döyüşüdü. Düşmənin ağır texnikası da məhz orada cəmlənmişdi. Belə olduğu halda uğur qazanacağınıza əmin idinizmi?
-Şirin Mirzəyevin göstərişi ilə kəşfiyyata getdik. Bələdçimiz yaşlı bir kişi idi, o yerləri yaxşı tanıyırdı. Gedərkən uşaqların birinin əlində güllə açıldı. bələdçimiz, – deyəsən, adı Əşrəf dayı idi, – çətinliklə qalxdığımız zirvəni geri qayıtmağa məcbur etdi bizi. Ermənilər duyuq düşməsin deyə dönməliydik lap əvvəlki yerimizə. "Bu səhvi bir də eləmək olmaz” – deyə bizi qınadı. Yenidən həmin zirvəni qalxdıq. Koordinatları, ağır texnikanın, canlı qüvvənin sayını öyrəndik və qayıtdıq geri.
Səhəri gün (10 iyun) böyük qüvvə ilə hücuma keçdik. Qısa zamanda itki vermədən kəndə girdik. Onlardan üstün olduğumuzu bilirdik. Ona görə də düşmən hədəfimizdən yayına bilmədi, ağır itkiyə məruz qaldı. O gün Kiçanı da ələ keçirib Vəngə çatdıq. Uşaqlar deyirdi ki, Xakəndinin yaxınlığındayıq. Sevincimdən atılıb-düşürdüm. Amma bu sevinc uzun sürmədi. Xəbər verdilər ki, mühasirədəyik. Arxa tərəfimiz düzgün qorunmamışdı deyəsən.
-Mühasirədə olduğunuzu biləndə hansı hisslər keçdi ürəyinizdən…
-Heç qorxmadım, çünki Əli Zeynalov, Ədalət Zeynalov, Şirin Mirzəyev kimi peşəkar komandirlərimiz vardı. Ona görə də qorxu mənə yad idi. Amma 30 saatdan artıq vuruşduq. 70-80 nəfərlə döyüşə girdiyimiz halda, cəmi 12 nəfərlə mühasirədən çıxa bildik. Düşmən isə daha çox itki vermişdi. Onu da xatırladım ki, yanımda 16 yaşlı bir kəndçim vardı. Mühasirədən çıxarkən, onunla nə vaxt əl-ələ tutduğumu bilməsəm də, azad olarkən əlini əlimdən ayıra bilmirdilər. Sanki barmaqlarımız kilidlənmişdi… İki gün sonra Sırxavəndə kəşfiyyata getdik.
Əşrəf dayı da, Zakir də erməni dilini yaxşı bildiyi üçün daha ürəkli idim. Mən dili bilməsəm də özümə güvənirdim. Ələ keçməkdən qorxmurdum. Nəhayət ki, gecə ermənilərin içinə girə bildik. Əşrəf dayı bizi yerbəyer elədi. Maraqlı idi ki, ermənilər də azərbaycanca danışırdılar. Çarpayının altında uzanmışdım. Bir tərəfdən digər tərəfə məlumatı ötürürdüm. Səhərə qədər orada qalıb bütün xəbərləri düşmənin özündən ala bildik. Obaşdan kazarmanı tərk etdik. Yenə də kimsə bizim kimliyimizdən xəbər tuta bilmədi. Sözləşdiyimiz yerdə görüşdük və orada eşitdik ki, Şirin Mirzəyev, qardaşı oğlu, əmisi oğlu, Yavər müəllimlə birgə minaya düşüb. Bu xəbər hamımızı sarsıtdı. Çünki bu dəhşət tək bir ailənin yox, bütövlükdə Azərbaycanın itkisi, faciəsiydi.
HAŞİYƏ: Sırxavənd döyüşündə komandir müavini itkin düşdü (adını unutmuşam). 5 qızı 1 oğlu vardı. Mənə də "qızım” deyirdi. Tərnöyüt kəndində yaşayırdılar, yoldaşının adı Sədaqət idi. Onun ailəsi döyüş altında qalmışdı. Kəşfiyyatdan dönən kimi maşın tapıb onun ailəsini birbaşa Qobustana – öz evimizə gətirdim. Evin ikinci mərətbəsində yerləşdirib atama tapşırdım. Anam da, atam da bu addımımdan çox şad oldular. Elə həmin gün döyüş bölgəsinə qayıtdım.
Arabir onlara baş çəkir, əlimdən gələni edirdim. Bir neçə aydan sonra qohum-əqrabaları üçün darıxdıqlarını dedilər, onların yanına getmək istədilər. Aradım-axtardım, nəhayət ki, qohumlar bir-birinə qovuşdu. Amma bir hadisəni unuda bilmirəm. Yeganə oğlu "ata” deyə-deyə köçdü dünyadan. Mənə elə gəlir ki, atanın yoxluğu, torpağın itkisi onun ruhunu donduran. Ata ilə bağlı onun qəlbində nə qədər arzuları vardı, İlahi! Görəsən, ailə başçısını itirəndən sonra yeganə oğula güvəndiyi halda, onları –beş qızı, bir ananı niyə bir daha sınağa çəkdin, İlahi!
-Sonuncu döyüşünüzü unutmamısınız ki…
-O günləri unutmaqmı olar? Ayın tarixi yaddan çıxsa da, döyüşə hazırlaşdığımız, hücuma keçdiyimiz anlar yaddan çıxmaz.
Canyataq, Gülyataq kəndlərini bir neçə saat ərzində geri qaytara bildik. Düşmən ağır itkiyə məruz qaldı. Bir neçə ağır texnikasını, silah-sursatı qənimət kimi ələ keçirdik. O gün bayram edirdik. Kefimiz də kök idi. Kaş qazandıqlarımızı əlimizdə saxlaya biləydik.
Gülpəri Əhmədova göstərdiyi rəşadəti ilə hərb tariximizin qəhrəmanlıq səhifəsinə adını qanı ilə yazdı. Dəfələrlə yaralansa da, bir addım geri çəkilmədi, "əsgərin yarasını torpaq sağaldar” deyib səngərə sığındı. Yenə də döyüş əhvalında olan Gülpəri Ali Baş Komandanın əmrini gözləyir – Qarabağ savaşının başlayacağı günü… "Düşməndə qisasım var. O qisası övladlarıma buraxmayacağam”-deyə bir daha düşmənə olan nifrətini dilinə gətirir Gülpəri.
Ötərxan Eltac