“Bizim yolumuz vəzifə davası deyil” – MÜSAHİBƏ

“Bizim yolumuz vəzifə davası deyil” – MÜSAHİBƏ

Anar Axundzadə: “Deputatın qanunsuz hərəkətinin günahını prezidentdə görmək olmaz”

ARAYIŞ:

Anar Axundzadə 1972 ci ildə Naxçıvan şəhərində anadan olub, 1990-1995-ci illərdə Naxçıvan Dövlət Universitetinin kənd təssərrüfatı fakultəsinin və həmin Universitetin (ikinci təhsil) hüquq fakultəsini bitirib, 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabırında Naxçıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib.

1996-1997-ci illərdə Naxçıvan DİN Daxilili Qoşunlarında həqiqi hərbi xidmətdə olub.

1997-2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkcisi işləyib, 2000-ci ilin fevralında Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini təyin edilib, 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə Seckilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən millət vəkili seçilib(2000-2005).

Azərbaycan-Sloveniya Parlamentlər arası Dostluq qrupunun sədri, Azərbaycan-BƏƏ dostluq qrupunun sədr muavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşliq Komitəsinin üzvü olub.

1992-ci ildən bəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

1995-2000-ci illərdə YAP Naxçıvan MR Gənclər Təşkilatının sədri, 1999-cu il YAP-nin birinci Qurultayında YAP Siyasi Şurasınınüzvü seçilib.

Hazırda hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi siyasi fəaliyyətini davam etdirir.

Milli Məclisin sabiq deputatı Anar Axundzadənin XezerNews.az-a müsahibəsi:

- Anar müəllim, Gülər Əhmədova ilə Elşad Abdullayev arasında rüşvət qalmaqalını əks etdirən məlum videolardan sonra ölkənin ictimai-siyasi gündəmi dəyişdi. Bu məsələyə sizin münasibətiniz necədir?

Bilirsiz, indi bu məsələlər Azərbaycan iqtidarına müxalif olanlar tərəfindən həddindən çox qabardılır və gündəmdə saxlanılmağa çalışılır. Artıq müxalifət indidən iqtidara qarşı mənfi obraz yaratmaq kampaniyasına start verib. Bu da başa düşüləndir. Çünki müxalifət nümayəndələri çalışırlar ki, prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan iqtidarının gördüyü bütün işlərə kölgə salsınlar.

Gülər Əhmədova və Elşad Abdullayev məsələsinin də daim gündəmdə saxlanılması kimi addımlar məhz bu nöqteyi-nəzərdən müxalifətin iqtidara qarşı həyata keçirdiyi ucuz hərəkətlərdir. Ümumiyyətlə, mən bu məsələnin bu qədər siyasiləşdiriməsinin tərəfdarı deyiləm.

İndi Gülər Əhmədova və Elşad Abdullayevin məsələsi də bütövlükdə iqtidarın deyil, onların şəxsi yaratdıqları problemlərdir ki, bu barədə də qanuna müvafiq addımlar atılır. Hesab etmirəm ki, bu kimi məsələlər indiki iqtidarın uğurlarına kölgə salacaq. İndi hər hansı məmur nədəsə nöqsana yol verirsə, o zaman bunun günahkarı iqtidar deyil. Əgər ölkə başçısı bir insana etimad göstərirsə, o etimadı doğrultmaq həmin məmurun borcudur. Məmur vəzifə səlahiyyətindən suisitifadə edirsə, prezident tərəfindən cəzalandırılır. Eyni zamanda deputatlarıda xalq seçir,onların hansısa qanunsuz hərəkətlərə yol verməsinin günahını Azərbaycan prezidentində və ya iqtidarında görmək olmaz.

İndiki radikal müxalifət ölkədə gedən böyük inkişafa istəsə belə qara yaxa bilməməməsi səbəbindən bu kimi özlərinə məxsus ucuz vasitələrdən istifadə edirlər. Onlar bu məsələ ilə hakimiyət üzərinə getməyə çalışır. Əslində müxalifət prezident seçkilərinə getmək və xalqın etimadını qazanmaq üçün indiki iqtidara qarşı hər hansı əsas tapa bilmir. Bu, bir daha müxalifətin nə qədər aciz və zəif olduğunu göstərir. 

Bilirsiniz, hər bir cəmiyətdə fikir müxtəlifliyi, təqdirəlayiq işlər və nöqsanlar ola bilər. Düşünürəm ki, indi Azərbaycan mediasında mövcud olan bu cür canlanma qarşıdan gələn prezident seçkiləri iləəlaqədardır. Ümumiyyətlə, adətən seçki ili bir qədər qaynar il olur. Bu, təkcə Azərbaycanda deyil, eyni zamanda bütün ölkələrdə belədir.

- Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı zamanı gedən proseslərdə yaxından iştirak etmiş şəxslərdən biri də siz olmusunuz. O, vaxtları necə xatırlayırsız?

- Mən gənc yaşlarımdan ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini yaxından izləmişəm. Eyni zamanda Yeni Azərbaycan Partiyası (YAP) yeni yarananzamanda orada təmsil olunmuşam. YAP-nin təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilib və ulu öndər Heydər Əliyev YAP-ın sədri seçilib. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550-dən artıq nümayəndə iştirak edib. İndiisə partiyanın sıralarında 600 mindən çox üzvün birləşməsi məhz Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.

İndiki Azərbaycan iqtidarının fəaliyyəti ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə başlayıb. Azərbaycanda 1992-1993-cü illərdə mövcud olan vəziyyət xalqın yaxşı yadındadır. Bu, bizim yaxın keçmişimizdir. İndiki gənclərimiz belə həmin dövrləri görüb xatırlaya bilirlər. Mən də o dövrləri yaşamış insanlardan biriyəm. Həmin dövrçox mürəkkəb idi. Milli lider Heydər Əliyevin ikinci dəfə qayıdışı xalqımıza müstəqil Azərbaycan dövlətini qazandırdı. Əgər o zaman Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indiki müstəqil Azərbaycan dövləti olmazdı. Tarixdə Heydər Əliyev kimi dahi şəxsiyyətin mövcud olması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Azərbaycan dövlətinin tarixində ümummilli lider kimi bütün xalq tərəfindən qəbul edilən ölkə rəhbərinə rast gəlmək nadir hadisədir. Bəlkə bu səbəbdən də Azərbaycan dövlətinin taleyi dəfələrlə təhlükə qarşısında qalıb və tarixin müxtəlif mərhələlərində torpağımızda qardaş qırğınları baş verib. Azərbaycan xalqının bütün ictimai-siyasi, sosial-iqtisadi, maddi-mənəvi həyatı Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, bir çox uğurlar əldə edib, müstəqil dövlət kimi bərqərar olub. Milli mənafeyi xalq mənafeyinə, xalq mənafeyini isə dövlət mənafeyinə çevirə bilən siyasi liderlər öz ölkələrinin tərəqqisini təmin etməklə bərabər, həm də beynəlxalq nüfuz və etibar qazanırlar.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri danılmazdır. İndiki müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan onun şah əsəridir.

İndi Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Azərbaycanın dinamik və sabit inkişafı üçün müstəsna əhəmiyyəti olan neft strategiyasının incəliklərinə dərindən bələd olan Prezident İlham Əliyevin əsası ulu öndər tərəfindən qoyulan yeni neft strategiyasını uğurla davam etdirməsi ilə Azərbaycan mühüm uğurlara imza atır. Vaxtilə neft ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də qaz ixracatçısıdır. Dünyanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin artan rolu ən yüksək səviyyələrdə qeyd edilir.

Prezident İlham Əliyev dəfələrlə bildirir ki, hər birimizin gələcək fəaliyyəti bütün sahələri əhatə edən uğurlu nəticələrdən asılıdır. Bu məqsədlə xüsusi proqramların hazırlanması dövlət siyasətinin başlıca vəzifəsi kimi qarşıya qoyulur.

Atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Prezident İlham Əliyev Azərbaycanda artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edir. Dövlətimizin başçısı başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi və dünya siyasətinə uyğunlaşdırılması istiqamətində inamlı addımlar atır.

İndiki gündə də ulu öndər Heydər Əliyevin siyasətini təcrübəli dövlət başçımız olan prezident İlham Əliyev uğurla davam etdirir. Mən qəti olaraq prezident İlham Əliyevin həyata keçirdiyi uğulu siyasəti dəstəkləyirəm.

- YAP iləəlaqələriniz indi də davam edirmi?

- Bilirsiniz ki, mən 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuşam. Hesab edirəm ki, bu müddət ərzində istər qanunların qəbul edilməsində, istərsə də beynəlxalq təşkilatlarda qənaətbəxş fəaliyyət göstərmişəm. Mən Yeni Azərbaycan Partiyası yaranan gündən onun üzvüyəm. Hətta o yaranarkən onun təşəbbüs qrupunun üzvü olmuşam. Milli Məclisə deputat seçilənə qədər Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublikasında Gənclər Təşkilatının 5 il sədri olmuşam. Yeni Azərbaycan Partiyasında fəal iştirak etmişəm. 1999-cu ildə birinci qurultayda Siyasi Şurasının üzvi seçilmişəm. Mənim yolum Heydər Əliyev yoludur və fəxr edirəm ki, bu yolla gedirəm. Biz bu baxımdan özümüzü möhtərəm Prezidentimiz İlham Əliyevin əsgəri hesab edirik. Bu gün də Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi fəaliyyətimi davam etdirirəm. Lazım olan ictimai-siyasi tədbirlərdə, dəvət olunduğum yerlərdə iştirak edirəm.

- Nə səbəbdən son parlament seçkilərinə qatılmadınız?

- Mən Yeni Azərbaycan Partiyasının üzvü olaraq majoritar sistemdə partiyanın dəstəyi ilə Naxçıvan şəhərindən 3 saylı dairədən namizədliyimi irəli sürmüşdüm. 2000-ci ildə 27-28 yaşında Anar Axundzadə Yeni Azərbaycan Partiyasından dəstəkləndisə və 2005-ci ildə digər partiyanın bir üzvünə məsləhət oldu ki, o seçilsin. Biz də bununla razılaşırıq. O mənadakı bu bizim strategiyamızdır. Bizim yolumuz vəzifə davası deyil. Bizim yolumuz Heydər Əliyev strategiyalarını həyata keçirməkdir. Ona görə düşünürəm ki, dövlətçiliyə, xalqa xidmət tək parlamentdən keçmir. İstənilən sahədə sən öz sözünü deyə bilərsən. Mən də Prezidentimiz İlham Əliyevin məsləhət bildiyi yerdə durmağa önəm verirəm. Buna görə də özüm müstəqil addım atmadım, yəni Anar Axundzadə olaraq namizədliyimi vermədim, çünki mənim partiyamın və mənsub olduğum iqtidarın rəhbəri var. Buna görə öz təşəbbüsümlə müstəqil namizədliyimi vermədim. Bu, prinsipdir. İstəyirəm ki, Prezidentimizin və partiyamızın nizamnaməsinə qarşı olmayım.

- İndi parlamentin fəaliyyətini izləyirsinizmi?

- Əlbəttə, nəinki parlamentlə, ölkədə gedən bütün proseslərlə maraqlanıram. Təbii ki, dəvət olunduğum tədbirlərdə də iştirak edirəm. Parlamentin fəaliyyətini də izləyirəm, xüsusən beynəlxalq təşkilatlarda keçirilən görüşləri. Möhtərəm Prezidentimizin apardığı xarici siyasətin davamı olaraq deputatlar tərəfindən atılan addımları mütəmadi olaraq izləyirəm və Milli Məclisin fəaliyyətini qənaətbəxş hesab edirəm.

Son vaxtlar müxalifət tez-tez aksiyalar keçirmək istəyir. Bu barədə nə deyə bilərsiz?

- Azərbaycanda müxalifət adı ilə formalaşan təşkilatlar bəzi xarici ölkələrdəbaş verənhadisələrdən nə isə öz ölkəmiz üçün tətbiq etmək və yaxud ondan ruhlanıb hərəkətə keçmək, mitinq etmək istəyir. Ola bilər ki, indi 90-cı ildə dünyaya gələn Azərbaycan gəncləri və digər o yaşda olan insanlar bizim yaxın keçmişimizi görməyiblər. Amma biz 1990 və 1992-ci illəri, Azərbaycanda gedən prosesləri yaşamışıq. Mən o müxalifət nümayəndələrinə xatırlatmaq istəyirəm ki, Azərbaycanda inqilab 1993-cü ildə olub və xalq o vaxtı hakimiyətdə olanların səriştəsizliyindən, ölkədə yaranan xaos və anarxiyadan bezərəköz xilaskar liderləri olan Heydər Əliyevi hakimiyətə gətiriblər.

Azərbaycanda AXCP, Müsavat cütlüyünün yaratdığı anarxiya ölkəmizi dağıtmaq təhlükəsinə qoyduğu halda, xalq ayağa qalxdı, öz xilaskarına-Naxçıvana üz tutdu və Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu gün onun qurduğu dövlət dünyanın ən inkişaf edən dövlətləri ilə rəqabət aparır. Siyasi baxışından asılı olmayaraq hər bir sağlam ruhlu azərbaycanlı bununla qürur duymalıdır.

Təəssüf ediləsi hal odur ki, bizim müxalifət nümayəndələri Azərbaycanın qlobal məsələlərində iqtidarın yanında durmaq əvəzinə öz şəxsi mənafelərinə uyğun addımlar atırlar. Onlar nə yolla olur olsun öz şəxsi mənafeylərini həyata keçirmək üçün hakimiyyətə gəlmək istəyirlər. Hətta bu istək o qədər güclüdür ki, onlara milli mənafeyi belə unutdurur. Amma həmin insanlar unutmamalıdırlar ki, onların xalq arasında sosial bazası yoxdur. Bu, bazanın olmamasının sübutu xalqın "Torqovı" dediyi ərazidə gedib mitinq keçirmələridir. Əgər sənin sosial bazan varsa, partiyanın kifayət qədər üzvü varsa, gedib müvafiq yerlərin birində mitinq keçirib sözlərini deyə bilərlər. Lakin onların deyiləcək sözləri çoxdan tükənib. Radikal müxalifətin tək amalı odur ki, ölkədə qarışıqlır yaransın.

Müxalifət nümayəndələrinin rəhbərləri deyirlər ki, sərbəst toplaşmaq hüquqları var. Mən isə bir vətənədaş kimi deyirəm ki, Azərbaycan vətəndaşlarının da istirahət etmək hüququ var. Əgər mən ailəmlə, yaxınlarımla "Tarqovı"da istirahət edirəmsə, onların nə ixtiyarı var ki, səs-küy salıb mənim istirahətimi pozsunlar. Çox təəssüf ki, illər keçsə də. Azərbaycan inkişaf etsə də, amma müxalifətin düşüncə tərzi nə dəyişir, nə də inkişaf edir.

Azərbaycan müxalifətinin bugünkü düşüncəsini mən qəbul etmirəm. Onlar Azərbaycan xalqına nə verə biləcəklərini artıq göstəriblər. Onlar geridə Azərbaycanın hər bir regionunda olan Şəhidlər xiyabanları, 1 milyondan çox qaçqın və tənəzzül etmiş iqtisadiyyat qoydular.

Bilirsiz, fəaliyyət tək danışmaqdan ibarət deyil. Bu gün Azərbaycan iqtidarının nümayəndələri danışmaqdan daha çox əməli işə üstünlük verirlər. İndi təkcə Bakı şəhərində yox, Azərbaycanın bütün regionlarında gedən inkişaf, iş yerlərinin açılması, Bakı şəhərinin günbəgün gözəlləşməsi və eləcə də digərlərini saymaqla qutaran deyil. Vaxt var idi, bunlar barmaqla sayılırdısa, indi bizim çatışmayan tərəflərimizi barmaqla saymaq olar. Bu da daimi aparılan uğurlu dövlət siyasətin nəticəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir. Naxçıvanla Azərbaycanı birləşdirən yalnız bir hava yolu var. Lakin bütün bunlara baxmayaraq Naxçıvandakı inkişafa gedib baxın. İndi Azərbaycanın ən ucqar rayonlarına, istər Cənub bölgəsi olsun, istərsə də Şimal bölgəsi olsun, hər tərəfdə inkişaf var. Bugünkü inkişaf Prezidentimiz İlham Əliyevin uğurlu siyasətindən aslıdır. Əgər kapitan yerindədirsə, sükanı düzgün idarə edirsə, deməli, gəmi də rahat gedəcək. Bizim də gəmimizi sürən, tam təhlükəsizliyimizə təminat verən və onu bacaran dövlət adamı var.

Mən düşünürəm ki, Azərbaycan xalqı lazım gəlsə meydana çıxmalı, Azərbaycanda ictimai asayişi pozmağa çalışan insanlara "Biz sabitliyi pozanlara yox deyirik" şüarını səsləndirməlidir.

Digər tərəfdən isə qeyd edim ki, müyyən problemlər də var və bu təbidir. İş olan yerdə problem olar, iş olmayan yerdə problem olmaz. Ölkəmiz inkişaf edirsə, problemlərimiz də olacaq. Gəlin biz dövlətimizin yaşına baxaq. Azərbaycan 22 yaşlı bir dövlətdir. Bu yaşda bu inkişaf mənə elə gəlir ki, çox təqdirə layiqdir.

Əlbəttə, müxalifət nümayəndələri də Azərbaycan vətəndaşlarıdır. Ancaq söhbət təşkilatdan, sosial bazadan gedirsə, onlarda bu yoxdur. Azərbaycan vətəndaşı olan insan bugünkü inkişafa qara yaxmamalıdır.

- Hazırda nə işlə məşğul olursunuz?

- Elə bir ciddi işim yoxdur. Düzdür, indiki dövrdə nə iləsə məşğul olmaq lazımdır. Yaşamaq üçün, ailəni dolandırmaq üçün mütləq işləməlisən. Siyasəti bir kənara qoysaq, deyə bilərəm ki, mən valideynəm 3 övladım var. Övladları böyütmək, onlara təhsil vermək üçün çalışmaq lazımdır. Mən dəəlimdən gəldiyi qədər çalışıram. Amma deyim ki, konkret hansısa şirkətim, marketim yoxdur. Ümumiyyətlə, bizneslə məşğul deyiləm. Səmimi deyim ki, yaxşı dostlarım var. Mənə 5 il fasilə dövründə dostlarım dəstək olublar. Onların dəstəyi məni ayaqda saxlayır. Bu baxımdan mən narazı deyiləm. Təbii ki, belə bir aktiv enerjili dövrümdə xalqıma, dövlətimə xidmət etmək istərdim.

- Növbəti parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?

- Qarşıda 4 il var. Hər dövrün öz hökmü var. Növbəti parlament seçkilərinə kimi hansısa icra orqanında təmsil oluna bilərəm və bu seçkilərə qatılmaya bilərəm. Əgər növbəti seçkilərdə YAP tərəfindən namizədliyim irəli sürülərsə, məmnuniyyətlə namizədliyimi verərəm. Hesab edirəm ki, seçkilərə qatılsam səs toplayıb seçilə bilərəm. Çünki ətrafımda kifayət qədər insan var.

- İndi millət vəkili olsaydınız, parlamentdə hansı təkliflərlə çıxış edərdiniz?

- Millət vəkili olduğum dönəmdə dəəsas diqqəti çəkdiyim məsələlər regionların inkişafı olub. Bu gün regionlardan işi oldu, olmadı, insanların kütləvi şəkildə Bakıya gəlmələrini düzgün hesab etmirəm. Mən dəfələrlə bu məsələni qaldırmışam. Bundan başqa, mən çıxışlarımda bildirmişəm ki, rayonda işləyən müəllimin, həkimin əmək haqqı Bakı şəhərində işləyənin əmək haqqından yüksək olmalıdır. Rayonlar, kəndlər inkişaf etməlidir. Mən bu məsələləri diqqətə çatdırardım. Düşünürəm ki, nə vaxtsa deputat olsam deməyə sözüm çox olacaq.

Bu gün kiminsə çıxıb hay-küy salmasına ehtiyac yoxdur. Kimlərsə özlərini çox da ağıllı hesab etməsinlər. Təbii ki, dövlətdə çalışan insanlarda da nöqsanlar var. Bu nöqsanlar dövlətimiz tərəfindən mütəmadi olaraq aradan qaldırılır. Rayon başçısından tutumuş hər bir kəs ona göstərilən etimadı doğrultmalıdır. Bununla biz ancaq daha böyük inkişafa gedə bilərik. Bu yol bizi zəfərə aparacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az