“BMT ciddi qurumdursa, öz qətnamələrinə hörmət etsin”
"BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi 4
qətnaməni həyata keçirməsi üçün kifayət qədər imkanları var”.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, əgər BMT ciddi qurum olaraq özünə hörmət edirsə,
qəbul etdiyi qətnamələrin həyata keçməsinə nail olmalıdır: "BMT
Nizamnaməsinin 7-ci bəndi və 41, 42-ci paraqrafları var. Bu
paraqraflarda göstərilir ki, qətnamələrin həyata keçirilməsində ya
hərbi, ya da qeyri-hərbi sanksiyalar tətbiq edilə bilər. Əgər qətnamə
qəbul olunduqdan sonra dinc yolla həyata keçirilmirsə, o zaman
alternativlər tətbiq olunur. Amma çox təəssüflər olsun ki, biz Liviyaya
tətbiq olunan tələskənliyi Azərbaycan məsələsində 20 ildi görmürük.
Burada seleksiya yanaşması mövcuddur. Qanun bütün ölkələrə eyni tətbiq
olunmalıdır. Əlbəttə, biz bu məsələni bir daha BMT-də qaldırmalı və onun
bu məsələdə qeyri-ciddi qurum olduğunu nümayiş etdirməliyik. Heç bir
dövlət BMT-yə hesab verməli deyil. Əgər ciddi qurumdursa və məsələlərə
təsiretmə imkanı varsa, öz qətnamələrinə hörmət etsin. Nə bizim
dediyimizi, nə də Ermənistan tərəfinin dediyini əsas götürməsin. Özünün
qətnamələrində yazdığı prinsiplərin həyata keçirilməsini təmin etsin”.