Çeviköz hesab edir ki, bu döyüşlərdən Rusiya istifadə edə bilər. "Orada (Ermənistanda) Rusiya bazaları var, Türkiyə-Ermənistan sərhədini belə rus əsgərləri qoruyur. Bu döyüşlər istər-istəməz Ermənistanın kürəyini hansısa formada Rusiyaya söykəməsinə yol açacaq. Türkiyə ilə Rusiyanın yeni bir qeyr-sabitlik nöqtəsində bir-birləri ilə qarşı-qarşıya gəlməsi riski var. Türkiyə Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya ilə hadisələrin böyüməsinin, daha artıq itkilərin yaşanmasının qarşısını almaq üçün diplomatik səylərə dəstək olmalıdır”,-keçmiş səfir deyib.
1996-1998-ci illərdə Türkiyənin Bakıdakı səfiri olmuş Faruk Loğoğlu isə deyib ki, son hadisələrdən sonra Rusiyanın münaqişənin nizamlanması üçün vasitəçilik etməyə hazır olduğu haqda bəyanatlarını ciddi saymır. "Bu məsələnin həll edilməmiş qalmasının səbəbi Rusiyadır. Münaqişədən istifadə edərək həm Ermənistan, həm Azərbaycan üzərində təsir imkanlarını saxlayır”,-keçmiş səfir bildirib.
Loğoğlu da hesab edir ki, məsələ Türkiyə ilə Rusiya arasında yeni gərginliyə yol aça bilər. Onun sözlərinə görə, Rusiya ilə Türkiyə Suriya və Liviyadan sonra Qarabağ məsələsi üzərindən bu regionda da qarşı-qarşıya gələr. "Türkiyənin Azərbaycana dəstək verməsi isə təbiidir və düzgündür. Amma burada hədəf sülh olmalıdır. Türkiyə Rusiya başda olmaqla Minsk Qrupu ölkələrinə "1992-ci ildən bəri münaqişənin həlli üçün nə etmisiniz?” sualını yönəltməlidir”,-o deyib.