Cəmi 5 saniyə dözsəniz, xəta sovuşacaq...

Cəmi 5 saniyə dözsəniz, xəta sovuşacaq...
Son günlər mediada tez-tez ailə və məişət zəminində baş verən qanlı hadisələrin, törədilən qətllərin baş verdiyi barədə məlumatlara rast gəlirik. Bunların arasında həyat yoldaşı və qayınanasını baltalamaq, azyaşlı körpəni döyüb öldürmək, hətta ananın doğmaca balasını boğub qətlə yetirmək kimi hadisələri göstərmək olar. Təbiidir ki, cəmiyyətdə belə vəhşiliklərin, aqressivliyin kökündə insanların bir-birinə münasibəti və psixoloji durumu dayanır. Bəs belə faciələrlə üz-üzə qalmamaq üçün nə etməli?

Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Milli.Az-a bildirib ki, xoşagəlməz hadisələrin əksəriyyəti əvvəla zərərli vərdişlərin, konkret olaraq alkoqol, narkotik maddələrin təsiri altında, digərləri isə uzun müddət yığılmış qalmış aqressiyanın anidən ortaya çıxması fonunda baş verir. Çoxları da sonra bu əməllərdən peşman olurlar. Amma həmin anda diqqəti başqa şeyə yönəltsələr, bu, ağır, faciəli nəticələrə gətirib çıxarmaz:

"İnsan özündən çıxdığını, əlindən xəta çıxa biləcəyini anlayanda, ümumiyyətlə, kritik vəziyyətlərdə öz diqqətini cəmi 5-7 saniyə yayındıra bilsə, xəta sovuşacaq. Yəni burada söhbət cəmi bir neçə saniyədən gedir. Əgər insan görürsə, münasibətlərdə problem var və ya kimsə onda qıcıq, aqressiya oyadır, yaxşı olar ki, diqqətini mütləq başqa bir şeyə yönəltsin. Əgər insan diqqətini onu qıcıqlandıran, əsəbiləşdirən şeydən yayındıra bilsə, düşdüyü hal acı fəlakətə gətirib çıxarmayacaq. Amma təəssüf ki, biz bu psixoloji gərginliklərə hazır deyilik, toplum olaraq bizdə hələ bu immunitet formalaşmayıb. Qərb cəmiyyətləri bu cür halları artıq çoxdan keçərək növbəti mərhələyə qədəm qoyublar. Fikrimcə, gec-tez Azərbaycan cəmiyyətində də bu mərhələ keçiləcək, ailədaxili, qohumlar arasında, insanlar arasında münasibətlər tənzimlənəcək. Bütün hallarda bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Maariflənmə isə milli-mənəvi dəyərlər üzərində formalaşmalıdır. Milli şüur, milli təfəkkür bunun üzərində formalaşsa, sonda qazanan Azərbaycan xalqı olacaq".

Psixoloq qeyd edib ki, hazırda insanlar arasında böyük miqyasda özgələşmə prosesi gedir, doğmalar arasında çox böyük sərhədlər, məsafələr yaranır: "İnsanların artıq əvvəlki kimi bir-birini axtarması, araması müşahidə olunmur. Bu isə şübhəsiz, soyuqluq yaradır, istər qohumlarla, istərsə də ətrafla münasibətlər mənəvi yox, daha çox maddi bağlar üzərində formalaşır. Bundan itirən isə ilk növbədə insanlıq olur. Bu, valideyn-övlad münasibətlərinə də təsir edir. Adətən yeniyetmələrin həm ailə daxilində, həm də cəmiyyətlə çox böyük psixoloji problemləri olur. Bunu həm onların davranışlarında, həm də ünsiyyətlərində sezmək mümkündür. Bəzən bu patologiya halı alır, məsələn, oğurluq edirlər, sürəkli yalan danışırlar və s. Əsas məsələ odur ki, bu cür hallar baş verdikdə vaxtında tədbir görülsün. Əgər valideyn görürsə ki, övladı ilə münasibətləri pozulur, ya da övladında hansısa narahatlıqlar var, bunun həlli istiqamətində addımlar atmalıdır. Özü öhdəsindən gəlmədikdə psixoloqa da müraciət edə bilər. Əgər bu problemlər zamanında həll olunarsa, onlar böyüməyəcək. Valideynlər istər uşaq, istərsə də yeniyetmə yaşlarında olsun, övladlarının psixi sağlamlığından çox, onların psixi sağlamlığına üstünlük verməlidirlər. Çünki psixoloji narahatlıq və problemlər daha çoxdur. Əgər zamanında tədbir görülsə, məsələ şişib faciəli hal almayacaq".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az