CƏNUBİ QAFQAZ: Regional təhlükəsizlik sisteminin yeni konfiqurasiyası

CƏNUBİ QAFQAZ: Regional təhlükəsizlik sisteminin yeni konfiqurasiyası
 
ŞAHİN BAĞIROV
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi

Beynəlxalq münasibətlər sistemində Cənubi Qafqaz regionu geosiyasi bir məkan kimi xüsusi əhəmiyyətə malikdir. Çünki Şimali Qafqaz bilavasitə, Rusiya Federasiyasının inzibati ərazi vahidinə aid olduğundan məhz Cənubi Qafqaz regionu ayrıca bir subregional mahiyyət kəsb edir.

SSRİ dağıldıqdan sonar Cənubi Qafqaz regionu müxtəlif hərbi, siyasi və təhlükəsizlik maraqlarını və güc mərkəzlərini özünə cəlb edən strateji məkana çevrilmişdir. Odur ki, bu regionun geosiyasi vəziyyəti və bölgədəki ölkələrin inkişaf səviyyəsi, ilk növbədə, regional təhlükəsizlik probleminin həllindən və bölgədəki sabitlikdən asılı vəziyyətə düşmüşdür. Bu asılılıq öz növbəsində sabitlik də bölgədəki potensial şəkildə mövcud olan münaqişə ocaqlarının həllindən asılıdır. Belə münaqişələrə Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələri aid etmək mümkündür. Bu münaqişlər, regionda nisbi sabitliyi hər an poza biləcək faktorlardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ona bənzər münaqişələrin yaranması regionda təhlükəsizliyin təmin olunmasına ciddi əngəl yaradır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı artıq dünya ictimaiyyətinin qəbul etdiyi fakt idi. Bu, beynəlxalq və regional təşkilatların məlum qətnamələrində öz əksini tapmışdır. Regionun böyük dövlətlərindən olan Rusiyanın Ermənistanla hərbi müttəfiqlik münasibətlərinin mövcud olması və Rusiyanın davamlı olaraq Ermənistanı silahlandırması bütövlükdə regional təhlükəsizliyə ciddi təhdid yaradır. Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq haqqında razılaşma, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirak, Ermənistan ərazisində xarici hərbi qüvvələrin mövcudluğu Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyinə zəmanət verə bilməz. Bu baxımdan XX əsrin sonlarından Qafqazda təhlükəsizlik problemi ciddi şəkildə aktuallaşmışdır. Son dövrlər regionda təhlükəsizliyin hər üç səviyyəsində – şəxsi, cəmiyyət və dövlətə qarşı yönəlik təhdidləri artırmışdır. Bu da öz növbəsində həm Azərbaycan, həm də regional təhlükəsizliyə ciddi təsir etmişdir.

Qeyd edək ki, Azərbaycan Qafqazın, Xəzər-Qara dəniz hövzəsinin, Avrasiyanın və bütövlükdə qlobal dünyanın mühüm geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyət kəsb edən bölgəsində yerləşir.

Bu baxımdan, bir dövlət kimi onun milli maraqları, milli təhlükəsizliyi region və qlobal dünya maraqlarından təcrid olunmuş şəkildə təmin oluna bilməz. Regionun böyük dövlətləri olan İran, Rusiya və Türkiyə ilə həmsərhəd olması Azərbaycanın beynəlxalq münasibətlər sistemində cərəyan edən mühüm siyasi hadisələrin aktiv iştirakçısına çevrilməsinə gətirib çıxartmışdır. Bunun bariz nümunəsi kimi son dövrlər İran ətrafında gedən hadisələri göstərə bilərik. İranın şimal qonşusu olan Azərbaycanın bu mövqeyi xarici qüvvələr, xüsusilə də İsrail və ABŞ tərəfindən ona olan diqqəti artırmışdır. Belə şəraitdə Azərbaycanın xarici siyasətində üstünlük verdiyi balanslaşdırılmış siyasi xəttin həyata keçirilməsi olduqca çətinləşir. Belə ki, Azərbaycan bir tərəfdən öz qonşuluğunda yerləşən, tarixi, dini, mədəni və s. bağlarımızın olduğu İranın maraqlarının nəzərə alınması, digər tərəfdən də Azərbaycanın son dövrlər siyasi və iqtisadi cəhətdən əsas partnyorlarından birinə çevrilmiş, güclü erməni diasporuna qarşı əsas tərəfdaşı olan, milli maraqlarının təmin olunması məqsədilə xarici ölkələrdə, əsasən də ABŞ-da lobbiçilik siyasətinin formalaşdırılmasında çox yaxın dəstəkçi rolunu oynayan İsrailin maraqlarının nəzərə alınması seçimi qarşısında qalmışdır. Türkiyə ilə Azərbaycanın birgə həyati əhəmiyyətli maraqlara malik olması və bu maraqlar ətrafında sıx strateji mütəffiqliyin qurulması iki dövlət arasında təminatlı və rahat kommunikasiyanın mövcudluğunu tələb edir. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan ərazisinin əsas hissəsi ilə Türkiyə arasında sərhəddin olmaması ən səmərəli şəkildə və ya ən yüksək səviyyədə yaxınlaşmanı məhdudlaşdırırdı. Bu baxımdan, Gürcüstanın da Azərbaycan üçün önəmi qabarıq şəkildə özünü biruzə verir. Azərbaycanın regional təhlükəsizlik məsələsinə yanaşması birmənalıdır - Qafqaz regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq. Azərbaycan bu mövqeyini 1993-cü ildən başlayaraq ardıcıl şəkildə həyata keçirmiş, bölgə ölkələrinin ərazisində xarici qoşunların və hərbi bazaların yerləşdirilməsi, Qafqazın silahlandırılması əleyhinə çıxış etmiş və öz mövqeyini 1999-cu ildə ATƏT-in İstanbul sammitinin yüksək tribunasından bəyan etmişdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının o vaxtkı prezidenti, Heydər Əliyev regionda Təhlükəsizlik və Əməkdaşlıq Paktının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüsə görə, Təhlükəsizlik Paktını Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və ABŞ imzalamalı idilər. Təbii ki, Azərbaycanın regionun təhlükəsizliyi ilə bağlı təşəbbüskar rolunda çıxış etməsini və proseslərə müdaxiləsini həzm edə bilməyən Rusiya və regional təhlükəsizlik sisteminin formalaşdırılmasından kənarda qalan İran bunu birmənalı şəkildə qəbul etmədi.

Bu bir faktdır ki, regionda sülhün və təhlükəsizliyin bərqərar olmasında Azərbaycan daha çox maraqlıdır. Çünki imzalanmış müqavilələrin işləməsi, nəinki Azərbacyanın, bütövlükdə regionun çiçəklənməsi üçün ilk növbədə regional təhlükəsizlik kontekstində milli təhlükəsizlik təmin olunmalıdır.

Regionun təhlükəsizlik sisteminin formalaşmasında vacib aktorlardan biri də Türkiyə Cumhuriyyətidir. Cənubi Qafqaz Türkiyə üçün də təhlükə yarada biləcək geopolitik məkan olaraq qalır. Tarix boyunca Qafqaz bölgəsində çaxnaşmalar və qarışıqlıqlar, xüsusilə Ermənistanla həmişə gərgin olan münasibətlər Türkiyənin bölgədəki milli maraqlarının qorunması üçün ciddi problemlər yaradır.

Türkiyənin postsovet dövründə Qafqazdakı maraqlarının əsasında həyati vacib enerji resurslarının çıxışını təmin etmək, enerji resursların tranzit gəlirlərinin əldə olunması, habelə Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi yeni bazarların əldə olunması durmuşdur. Bu planda transregional kommunikasiya layihələrinin reallaşdırılması, xüsusən də Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum Türkiyənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bunlardan əlavə Qafqaz bölgəsi soyuq müharibədən sonar Avrasiyada qurulan enerji çatdırma koridorlarının kəsişdiyi nöqtədə yerləşir ki, bu bölgəyə olan marağın birə beş artması üçün əsasdır.

Qeyd etmək lazımdır ki, SSRİ-nin süqutundan sonra Türkiyə müstəqillik qazanmış Qafqaz dövlətlərini tanımaqla yanaşı, Azərbaycan, Gürcüstan və Ermənistan dövlətləri ilə münasibətlər qurmağa başladı. Bu çərçivədə Türkiyə bu dövlətlərin müstəqilliklərinin və ərazi bütövlüyünün qorunub saxlanması, iqtisadi potensiallarının artırılması, NATO, Avropa Şurası və Qara Dəniz İqtisadi Birliyi kimi nüfuzlu beynəlxalq və regional təşkilatlara inteqrasiyasının sürətləndirilməsi üçün əlindən gələni edir. Türkiyənin bu siyasətinin səbəbi yeni dövlətlərin dünyada qloballaşma prosesinə qoşularaq güclənməsi və Rusiyanın bölgədəki nüfuzunun azaldılmasıdır. Hal-hazırda Azərbaycan və Türkiyə sıx əməkdaşlıq fonunda iqtisadi, xarici siyasət və müdafiə sistemi yaradaraq, beynəlxalq arenada əlaqəli şəkildə iştirak edirlər. Buna görə regionun təhlükəsizliyi ilə maraqlanan ekspertlərin fikrincə "erməni faktoru” həm Türkiyənin, həm də Azəbaycanın xarici siyasət prioritetlərində daim mövcud olacaqdır. Lakin Türkiyə dövləti ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması da prioritet istiqamət olaraq qalır. Ermənistan-Türkiyə münasibətlərindəki ziddiyyətlərə səbəb olan başlıca məqam Ermənistan tərəfindən Türkiyənin özünə olan ərazi və uydurma soyqırımı iddiaları ilə bağlıdır. Göründüyü kimi, Ermənistan və onun koordinasiya etdiyi erməni terror təşkilatları Türkiyənin milli təhlükəsizliyi üçün real təhdid yaradırlar. Türkiyənin həmsərhəd olduğu İran və İraqla da münasibətləri kifayət qədər dayanıqsızdır. İraqla Türkiyə arasında münasibətlər Səddam rejimi devrildikdən sonra inkişafa doğru getsə də, gərginlik hələ də aşkar sezilir. Belə ki, İraqla həmsərhəd olan Türkiyə torpaqlarında kürd məsələsi hələ də qalmaqdadır. Vaşinqtonda baş verən 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ Ankara ilə hərbi siyasi münasibətləri daha da genişlnədirmişdir. Qeyd edək ki, Türkiyə-ABŞ dialoqunda başlıca məsələ kimi Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması və əmin-amanlığın yaranmasına maneəçilik törədən məsələlərdən birinin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğu həmişə qeyd edilib. Türkiyənin dövlət rəsmilərinin Amerika Birləşmiş Ştatlarında keçirilən görüşlərində həmişə səfər çərçivəsində hazırlanmış proqrama uyğun olaraq, müzakirə olunan məsələlərlə yanaşı Cənubi Qafqazda təhzlükəsizlik məsələləri də mərkəzi yer tutmuşdu. Türkiyənin müttəfiqi olan böyük dövlətlər ondan özlərinin regionda strateji maraqlarını təmin olunması üçün istifadə etməklə Türkiyəni böyük siyasətin icraçı dövlətinə çevirmək məqsədləri də aydın sezilir. Həmçinin, Türkiyənin Cənubi Qafqaz - Xəzər hövzəsi siyasətində müstəqil geosiyasi subyektə çevrilməsi regional təhlükəsizliyin təmin olunmasında onun rolunu və imkanlarını əhəmiyyətli dərəcədə artırmaqdadır. Qeyd edək ki, XX əsrin 90-cı illərindən etibarən yaranmış yeni şəraitdə Türkiyə Qərb-Şərq xətti üzrə, ilk növbədə postsovet məkanındakı türkdilli dövlətlərin birliyi uğrunda çoxvektorlu mübarizəyə başladı. Bu mübarizədə Qərb-Şərq dəhlizinin formalaşmasında Cənubi Qafqazın rolu olduqca böyük idi. Bu dəhliz ilk növbədə Rusiyanı Cənub müttəfiqlərindən qəti olaraq ayırırdı. Əgər Rusiya soyuq müharibənin başa çatması ilə bağlı götürdüyü öhdəliklərə sadiq qalsaydı, Türkiyənin Azərbaycan və Gürcüstanın simasında müttəfiq axtarışına ehtiyacı olmazdı. Rusiya ilkin vaxtlarda Xəzər hövzəsi ilə bağlı bir sıra məsələlərdə Azərbaycanın əleyhinə gedirdisə, hazırda mövqelərində yumuşalma hiss edilməkdədir. Belə ki, Rusiya ilk növbədə regional enerji layihələrindən kənarda qalmamaq üçün ciddi addımlar atdı, hökumətlə rus transmilli şirkətləri arasında ziddiyyətlər özünü göstərməyə başladı və bu Rusiya-İran münasibətlərinə də tezliklə öz təsirini göstərdi.

Qeyd olunmalıdır ki, Rusiya bölgəyə yeni güc mərkəzlərinin gəlişinin qarşısını almaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsini (KTM) genişləndirmək kursunu götürmüşdür. 1992-ci ilin 15 mayında Daşkənddə MDB-yə üzv olan 6 ölkə - Rusiya, Ermənistan, Qazaxstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın yaratdığı quruma sonradan Azərbaycan 14 sentyabr 1993-cü ildə, Gürcüstan 9 dekabr 1993-cü ildə, Belarus isə 31 dekabr 1993-cü ildə müşhaidəçi qismində qouşldular. Lakin KTM-nin prinsipləri, məramı və şərtləri Bakı ilə Tbilisini qane etmədiyindən, onlar tezliklə təşkilata üzvlükdən imtina etdi və 1999-cu ildə müşahidəçi qismində iştirakı dayandırdı. Eyni addımı Özbəkistan da atdı. Azərbaycanın KTM-nə qoşulmaması ölkənin geosiyasi maraqları ilə yanaşı, həm də işğalçı Ermənistanın bu qurumda təmsil olunması ilə bağlı idi.

Türkiyənin Xəzər hövzəsində, habelə Mərkəzi Asiyada strateji maraqlarının böyüklüyünə və Azərbaycanla tərəfdaşlığına baxmayaraq regionda yaranmış mürəkkəb konfiqurasiya və böyük güclərin rəqabəti turk diplomatiyasından olduqca incə fəaliyyət göstərməyi tələb edirdi. Təsadüfi deyildi ki, Şimali Qafqazda rus-çeçen müharibəsinin qaynar çağlarında Türkiyə Rusiya ilə terrorizmə qarşı birgə mübarizə ilə bağlı danışıqlar aparmış, hətta 1996-cı ilin dekabrında «Terrorizmə qarşı birgə mübarizə haqqında» Rusiya- Türkiyə memorandumu imzalanmışdı.

Ümumiyyətlə, Türkiyə region uğrunda geosiyasi mübarizənin bütün iştirakçılarının ciddi rəqiblərindən biridir. Azərbaycan-Türkiyə tərəfdaşlığı regional münasibətlərin bütün sahələrinə təsir göstərmək gücündədir ki, bunların içərisində energetika sahəsində tərəfdaşlıq zaman-zaman öz aktuallığını itirməyəcəkdir.

Qeyd edək ki, sovet rejiminin iflas etdiyi dövrdən etibarən Cənubi Qafqaz dövlətləri həm regionun, həm də dünyanın böyük dövlətlərinin maraq dairəsində idilər. Qafqazda nüfuz uğrunda Mübarizədə Türkiyə regiondakı digər rəqibləri olan Rusiya və İrana qalib gəldi. Bunun əsas səbəbi Rusiya və İranın yeni dövlətlərə, xüsusən də, Azərbaycana olan dolayı qısqanc siyasətindən fərqli olaraq Türkiyənin daha dostcasına, regionda təhlükəsizliyin qorunmasına doğru yönəldilmiş siyasət yeritməsi oldu.

Ümumiyyətlə, Türkiyənin Qafqaz siyasətində Azərbaycan mühüm yer tutur. Buna daha çox etnik, milli, dini yaxınlıq, tarixi bağlılıq stimul verdi. Bu iki ölkə arasında sıx tarixi bağlılığı Heydər Əliyev daha lakonik şəkildə qeyd etmişdi: "Biz bir millət, iki dövlətik”. Onu da xatırlatmaq yerinə düşərdi ki, Türkiyənin Qafqaz maraqları daima Rusiya, Ermənistan və İranın maraqları ilə kəskin şəkildə toqquşur.

Türkiyənin müasir problemlərindən biri də Ermənistanla bağlıdır. Dünya ictimaiyyətinin nəzərlərini Qarabağın Ermənistan tərəfindən işğalına yönəltmək məqsədilə Türkiyə ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanla sərhədlərini bağlamışdı, bu da ilk növbədə Avropa İttifaqı ilə bugünədək davam edən ziddiyyətlərə gətirib çıxarmışdı. "Qondarma erməni soyqırımı” hazırda Türkiyəyə qarşı diplomatik silah kimi istifadə olunur. Məhz bir çox ölkələrin bu "qondarma soyqırımı” tanıması həmin ölkələrin Türkiyə ilə olan münasibətlərində uçurumlar yaradıb.

Türkiyədən fərqli olaraq Azərbaycanın balanslaşdırılmış siyasətdə səhvlərə yol verməməsi onun dünya dövlətləri ilə müsbət əlaqələrinə xələl gətirməmişdir. Amma Türkiyə kimi, Azərbaycan da terrorun ən çox yaşandığı dövlətlərdəndir. Belə ki, ötən əsr ərzində milyonlarla soydaşının ermənilər tərəfindən qətlə yetirilməsi, 1988-ci ildə Ermənistanın xarici havadarları hesabına işğalçı müharibəyə başlaması, dünyanın hələ də əsl hüquqi qiymət vermədiyi Xocalı soyqırımı, 1 milyondan çox vətəndaşının öz tarixi torpaqlarından qovulması bu terrorun ən bariz nümunəsidir.

Azərbaycan-Gürcüstan əlaqələri də Türkiyə ilə olan əlaqələr qədər qədimdir. Lakin Türkiyə ilə olan əlaqələrdən fərqli olaraq, orta əsrlərdə Azərbaycan–Gürcüstan əlaqələri ziddiyyətli idi və hər iki ölkə arasında hərbi toqquşmalar adi hala çevrilmişdi. Lakin hər iki dövlətin XVIII-XIX əsrlərdə çar Rusiyası tərəfindən işğalı bu kəskin münasibətlərə mülayimlik gətirdi. Belə ki, müstəmləkə sisteminə qarşı olan ümumi mübarizə hər iki xalqın tarix boyu mövcud olmuş mübarizəsinə mehriban qonşuluq əlamətləri gətirdi. 1918-ci ildə əsarətdən xilas olan hər iki ölkə regionda təhlükəsizliklə bağlı məsələlərə ciddi fikir verirdilər. 1919-cu ilin iyununda Denikinin "könüllülər ordusu” Şimali Qafqaza yaxınlaşanda Azərbaycan və Gürcüstan hökumətləri Tiflisdə Denikin təhlükəsinə qarşı hərbi müdafiə paktı imzalamışdılar. Həmişə Qafqazda separatçı rol oynayan Ermənistan isə bu pakta qoşulma hüququ olduğu halda bundan imtina etmişdi.

Qeyd olunmalıdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edib beynəlxalq hüququn subyektinə çevrildikdən sonra Bakı-Ankara münasibətləri boyu davam etmiş qardaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil oldu. Türkiyə Azərbaycanın üzləşdiyi bir-birindən ağır problemlərin həllində yardımçı oldu, beynəlxalq aləmdə köməyini əsirgəmədi. Artıq Azərbaycan-Türkiyə münasibətləri dövlətlərarası əlaqələrdə digər ölkələrə nümunə olabiləcək səviyyədə təşəkkül tapmışdır.. Ölkəmizin demokratik dəyərlərə qovuşmasında, öz suverenliyi və ərazi-bütövlüyünün qorunmasında Türkiyənin rolu böyükdür. Dünya ictimaiyyəti bu rolu 44 günlük Ermənistan – Azərbaycan müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəklə şahidi oldu.

Belə bir siyasi reallıq fonunda Azərbaycan Respublikası hərbi, siyasi, informasiya, iqtisadi və ekoloji gücünü dönmədən artırlmalı, elə bir səviyyəyə yüksəlməlidir ki, nə vaxtsa regionda geosiyasi vəziyyətin qismən belə, dəyişməsindən sonra onunla müharibə ritorikası ilə danışmağa heç kəsin cürəti çatmasın.

Müasir dünyada enerji təhlükəsizliyi yalnız iqtisadi amil deyil, dünyanın gələcəyini həll edən siyasi və bəşəri amildir. Bu gün neft ölkənin siyasətində "qızışdırıcı” yox, "partladıcı” əhəmiyyət daşıyır. Bəşəriyyət inkişaf etdikcə, enerji təhlükəsizliyi hər bir millətin, dövlətin əsas prioritetinə çevrilir. Əgər dünya müharibələri dünyanı yenidən bölüşdürmək, yeni bazarlar əldə etmək üçün başlanmışdısa, indi böyük və kiçik müharibələr enerji mənbələrinə sahib olmaq üçün aparılır. Hər bir dövlət öz müstəqilliyini, xalqının gələcəyini təmin etmək naminə daha çox karbohidrogen ehtiyatlarına sahib olmaq istəyir. Əgər dövlətin karbohidrogen ehtiyatları, Türkiyə və Gürcüstan variantında olduğu kimi məhduddursa, enerji təhlükəsizliyi millətin "ölüm-dirim” məsələsinə çevrilir. Minilliyin əvvəllərində Rusiya ilə Ukrayna arasında baş verən "qaz müharibəsi”, bəzi ölkələrin neft-qaz məsələsini siyasi alver mənbəyinə çevirməsi enerji təhlükəsizliyinin ümumbəşəri problem olduğunu bir daha sübut etdi.

Azərbaycanın uğurlu neft strategiyası onun mövqelərini əhəmiyyətli dərəcədə möhkəmlən­dirmişdir. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması, 1997-1999-cu illərdə Azərbaycan neftinin Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri vasitəsilə dünya bazarına nəql olunması bu uğurlu strategiyanın irəliyə doğru daha bir addımı idi. XX əsrin sonlarından başlayaraq beynəlxalq arenada cərəyan edən proseslərin əsas mahiyyəti aparıcı güc mərkəzlərinin qlobal enerji resurslarına nəzarəti təmin etməsi üzərində qurulmuşdur. Azərbaycan yanılmadı... Qeyd olunmalıdır ki, bunların fonunda Azərbaycan respublikasının tam müstəqilliyi və bir çox dövlətçilik problemlərinin həlli, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Qərb dövlətlərinin dəstəyi gerçəkləşə bilərdi. Və proqnozlar özünü doğrultdu. 44 günlük müharibədə Azərbaycanın öz torpaqlarını işğaldan azad edərkən ABŞ, İngiltərə, İtaliya və s. ölkələrin mövqeyi aydın idi. Erməni diasporunun təsiri güclü olan Fransa belə, öz neytrallığını qoruya bildi.

Xəzərin neft və qazının Avropa bazarlarına nəqlində müstəsna rol oynayacaq qlobal enerji layihələrinin icrası prosesinin uğurla başa çatdırılması ( Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri, TANAP və TAP) və tam istismara verilməsi müstəqil Azərbaycanın çağdaş tarixinin ən parlaq səhifələrindən biridir. Bu möhtəşəm layihələr siyasi və geoiqtisadi önəminə görə, təkcə Azərbaycan üçün yox, bütövlükdə region və Qərbin aparıcı dövlətləri üçün strateji əhəmiyyət daşıyır.

Beləliklə, hadisələrin və proseslərin təhlili göstərir ki, regional təhlükəsizlik məsələsində Azərbaycan ən optimal variantı seçib. Belə ki, neft və qaz əsas ixrac kəmərlərinin inşası, Qərb kapitalının regiona axını Azərbaycanın dünya inteqrasiya proseslərinə qoşulması və s. Rusiyanı özünün Qafqaz siyasətində ABŞ və Qərb faktoru ilə hesablaşmağa məcbur edir.

Xatırlatma yerinə düşər ki, yaxın tarixdə, əsas neft ixrac boru xətlərinin çəkilişi və onun marşrutu ilə də bağlı bir sıra problem və fikir ayrılıqları qonşu iri dövlətlər arasında da mövcud idi. Belə ki, əvvəldə Qərb dövlətləri neft borularının Dağlıq Qarabağdan, Azərbaycandan, Ermənistandan, Naxçıvandan və Türkiyə ərazisindən keçməsinin tərəfdarı olaraq belə yolla Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına və Ermənistanın Rusiyanın təsirindən azad olmağa çalışırdılar. Lakin Qərbin bu münaqişənin həll olunmasında aktivləşməsinə başladıqdan sonra: 1992-ci ildə ATƏT-in Minsk qrupunun yaradılması, 1993-cü ildə Amerika-Türkiyə-Rusiya təşəbbüsü (3+1) və Minsk qrupunda 3 dövlətin (İtaliya, İsveçrə, Finlandiya) dəyişdirilməsi, Ermənistanın bu marşruta razılıq verməməsi (torpaq əvəzinə neft təklifinin qəbul edilməməsi) və Azərbaycanın da qəti şəkildə buna narazılğı geosiyasi səhnədə çox şeyi dəyişdi.

Qeyd edək ki, hətta Ermənistanla Türkiyə arasında protolkolların imzalanmasına baxmayaraq, Ankara Türkiyə- Ermənistan münasibətlərinin nizamlanmasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda uğurlu addım olduğunu bildirərək öz mövqeyindən ilkin vaxtlarda belə dönməmişdi. Türkiyənin Ermənistanla münasibətlərin stabilləşdirilməsinə yanaşması həmçinin Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabğ münaqişəsinin həll olunmasında sülhməramlı qüvvələrin tərkibində iştirak etmək arzusu ilə də başa düşmək olardı. Bu baxımdan Türkiyə yeni neft boruların Ermənistandan keçməsi ilə Azərbaycanla Ermənistan arasında məcburi də olsa sülh yaranacağının və regionda iqtisadi maraqlardan irəli gələrək stabillik olacağını fikirləşirdi. Lakin Ermənistan belə bir iqtisadi təklifə razılaşmağa hazır olsa da bu onun siyasi maraqları və Dağlıq Qarabağ hesabına və gələcəkdə tam şəkildə neft borularını öz nəzarəti altına almağa çalışan Moskva kimi müttəfiqinin itirilməsi hesabına olma etimalı ilə razılaşa bilmədi.

Ümumiyyətlə, dünyanın geosiyasi və geoiqtisadi əhəmiyyətə malik regionların ətafında gedən diplomatik siyasi mübarizədə güc və siyasət biri digərinin alternativi kimi çıxış edir, «regional oyun qaydalarını» isə bir qayda olaraq «böyük oyunçular» müəyyənləşdirirlər. Bununla belə, Azərbaycanın timsalında region oyunçularının böyük oyunçuları istiqamətlən­dirmək bacarığı istisna təşkil edir. Çünki Azərbaycanın regional təhlükəsizlik məsələsinə yanaşması birmənalıdır. Yəni Azərbaycan həmişə Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri arasında siyasi poliqona çevrilməsinin qarşısını almağa çalışır. Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində Gürcüstan və Türkiyə ilə strateji tərəfdaşlıq artıq yeni fazaya daxil olmuş və hadisələr bu çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində inkişaf edir. 44 günlük Ermənistan – Azərbaycan münaqişəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, regionda güc balansının dəyişməsinə səbəb oldu və regional təhlükəsizliyin yeni konfiqurasiyasını formalaşdırdı. Qeyd edək ki, 10 noyabr üztərəfli bəyannamənin şərtləri həyata keçirilir və bu layihə bilavasitə, regionda yeni modifikasiyanı şərtləndirir. Ermənistan Azərbaycan arasında Mehri dəhlizinin istifadəyə verilməsi Azərbaycanın materik hissəsiylə Naxçıvan MR-la əlaqələrin qurulması Türkiyə, Ermənistan və Azərbaycan arasında iqtisadi sıçrayışı təmin edən yeni bir möhtəşəm projedir. Region dövlətlərinin hər biri üçün son dərəcə uğurlu variant olan bu modifikasiya regional təhlükəsizliyə təhdid yaradan amillərin aradan qaldırılmasını da şərtləndirir. Belə ki, aparılan danışıqlar prosesində 6-lıq format – Rusiya, Türkiyə, İran, Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının regional iqtisadi layihələrdə iştirakı nəzərdə tutulur.

İşğaldan azad olunan bölgələrdə , o cümlədən, Fizuli - Cəbrayıl rayonlarının yerləşdiyi coğrafiya imkan verir ki, Azərbaycanın nəfinə yeni bir əlverişli regional infrastruktur formalaşsın. Və Yuxarı Qarabağla da iqtisadi cəhətdən əlverişli asılılıq mühitində özünə inteqrativ bağlantılar yaratsın. Bunu əsaslandırmağın əsaslı səbəbləri də var. Çünki həmin şəhərlərin bərpa olunması işində istər Fizuli-Şuşa magistralının, istərsə də Fizuli aeroportunun yükdaşımada əvəzsiz səmərəsi gözləniləndir. Fizuli aeroportunun inşası bölgədəki situasiyanı kökündən dəyişəcək. Vaxtında atılmış addımlar perspektivdə Azərbaycan diplomatiyasının əlinə oynayacaq.

Lakin potensial münaqişə ocaqlarının konkret həll olunmaması, Cənubi Osetiya, Abxaziya, eləcə də Yuxarı Qarabağın statusunun hüquqi müstəvidə problemin mövcudluğunun davam etməsi Çənubi Qafqazda regional əməkdaşlığın yüksək səviyyədə reallaşdırılmasını, eləcə də region dövlətlərinin Avroatlantik məkana inteqrasiyasını təhdid edir. Bununla belə, qeyd olunmalıdır ki, subregionun regiona inteqrasiyası gec-tez konfiqurasiya dəyişikliklərini bir daha şərtləndirəcəkdir.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az