Üçüncü cəhd

Üçüncü cəhd

Sabah Avropa Liqasında pey-off mərhələsinin ilk oyunları keçiriləcək.

Vətəninfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, qrup mərhələsinə 22 vəsiqə uğrunda mübarizə aparan 44 komanda ilk sınağına çıxacaq.

 Azərbaycanın iki klubu da qrupa doğru ilk addımını atacaq. "Qəbələ” Yunanıstan təmsilçisi "Panatinaikos”, "Qarabağ” isə İsveçrə "Yanq Boyz”u ilə görüşəcək. İlk oyunlarda Qəbələnin eyniadlı klubu evdə, ağdamlılar səfərdə qüvvəsini sınayacaq.

 Ardıcıl ikinci, ümumilikdə isə 3-cü dəfə eyni mövsümdə iki komandamız pley-offda çıxış edəcək. 2009-cu ildə həm "Bakı”, həm "Qarabağ” bu raundda büdrəmişdisə, 2014-cü ildə ağdamlılar qrupa yüksəldi, "Neftçi” isə bunu bacarmadı.

 Üçüncü cəhddə hər iki təmsilçimiz qrupa yüksəlsə, futbol tarixində ilk reallaşacaq. Belə ki, indiyədək heç vaxt eyni mövsümdə iki klubla qrupda təmsil olunmamışıq. 2012-ci ildə ilkə imza atan "Neftçi” Avropa Liqasında qrup həyəcanı yaşayıb. 2 il sonra isə "Qarabağ” "ağ-qaralar”ın nailiyyətini təkrarlayıb.

 Tarixində ilk dəfə pley-ofaf qədər irəliləyən "Qəbələ” 3 mərhələ adlayıb. Hər üç rəqibini evdə quru hesabla məğlub edən "qırmızı-qaralar” bu uğurlu seriyaları – qələbə və qol buraxmamağına yunanlarla görüşdə də davam etdirməlidi. Heyətindəki bəzi itkilərə baxmayaraq əyalət klubu doğma azarkeşləri önündə qalib gəlməlidi.

 Qol buraxmadan qazanılan qələbə təmsilçimizə Afina səfərində üstünlük qazandıracaq. "Pnatinaikos” səddini adlamaq iddiasında olan Roman Qriqorçukun yetirmələri ümumi hesabdakı qələbənin təməlini paytaxtda gerçəkləşdirməlidi.

 Pley-oofda 5-ci dəfə qüvvəsini sınayacaq "Qarabağ” yalnız 1 dəfə adladığı raundda növbəti uğuruna imza atmaq əzmindədi. Qurban Qurbanovun yetirmələri çətin İsveçrə səfərində məğlub olmamağa çalışacaq.

 Bakıdakı oyuna üstün durumda çıxmaq üçün ağdamlılar səfərdən qolla da qayıda bilər. Düzdü, son vaxtlar təmsilçimizin məhsuldarlığı o qədər yüksək deyil. Lakin "Yanq Boyz”la görüşdə bunun əksini nümayiş etdirməklə qrupa doğru böyük addım atmaq mümkündü. "Qəbələ” kimi "Qarabağ”ın da heyətdə müəyyən itkiləri olsa da, ardıcıl ikinci dəfə qrupa düşmək arzusunda olan təmsilçimiz bu istəyin gerçəkləşməsi üçün ilk addımı atmalıdı.

 

 Avropa Liqası

Pley-off mərhələsi

İlk oyunlar

20 avqust

 

21:00. "Qəbələ” (Azərbaycan) – "Panatinaikos” (Yunanıstan)

Baş hakim: Andre Marriner

Yan xətt hakimləri: Simon Bennett, Li Betts

Dördüncü hakim: Robert Madli (hamısı İngiltərə)

Hakim-inspektor: Zbiqniev Przesmiçki (Polşa)

UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı. "Bakcell Arena”

 

23:00. "Yanq Boyz” (İsveçrə) - "Qarabağ” (Azərbaycan)

Baş hakim: Vladislav Bezborodov

Yan xətt hakimləri: Nikolay Qolubev, Maksim Qavrilin

Dördüncü hakim: Aleksey Yeskov (hamısı Rusiya)

Hakim-inspektor: Lassin İsaksen (Farer adaları)

UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

Bern. "Stad de Suiss”

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az