Dağlıq Qarabağ üzrə aparılan danışıqlarda Ermənistanın mövqeyi iflasa uğrayıb

Dağlıq Qarabağ üzrə aparılan danışıqlarda Ermənistanın mövqeyi iflasa uğrayıb

Keçən il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda Ermənistanın mövqeyi iflasa uğrayıb 

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar. 

Miq.az xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlı söhbət zamanı  Prezident İlham Əliyevin təbrikində  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diqqətçəkən bir məqama da toxunub. Dövlətimizin başçısı məlum məsələ haqqında 2019-cu il ərzində Ermənistan tərəfindən çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səsləndirildiyini vurğulayıb. Bildirib ki, işğalçı ölkənin baş naziri  çıxışlarında gah qondarma "Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir,  Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır,–deyib,  gah da Dağlıq Qarabağ Ermənistandır və nöqtə kimi fikirlər bildirib: "Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

Hamımızın yaxşı yadındaır. Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır!” mesajı beynəlxalq miqyasda böyük rezonans yaratdı. Dölətimizin başçısının bu xatırlatması, eyni zamanda, xalqımızda heç zaman səngiməyən vətənpərvərlik ovqatını, torpaqlarımızın qeyd-şərtsiz geri qaytarmaq əzmini və inamını qat-qat artırdı.

 "Valday” Klubunun iclasında dövlətimizin başçısının nitqi Azərbaycanın düşmənlərinə bir xəbərdarlıq xarakteri daşıdı. Belə ki, cənab İlham Əliyev çıxışının sonunda Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalından, etnik təmizləmədən, bu gün də Ermənistanın hərbi təcavüzünün davam etməsindən danışaraq, vurğuladı ki, son zamanlar təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın publikaya hesablanan "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatı sülh proseslərinə zərbə vurur. Prezident qeyd etdi ki, Qarabağın Ermənistanın bir hissəsi olması yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə,  Qarabağ Azərbaycandır və nida işarəsi. 

Politoloq Arzuman Muradlı söhbətində ölkə rəhbərinin həmin mötəbər tədbirdə Azərbaycanın haqq səsini dünyaya çatdırması, "Qarabağ Azərbaycandır!” mesajını verməsi ilə beynəlxalq aləmin dövlət başçımızın qətiyyətinin və cəsarətinin  bir daha şahidi olması fikrini xüsusi vurğuladı.    

Yeri gəlmişkən, onu da diqqətə çatdırmaq istərdim ki, Ermənistanın baş naziri N.Paşinyanın Xankəndidəki məlum məsuliyyətsiz bəyanatından sonra ermənilərə elə gəldi ki, Azərbaycan heç dövlət səviyyəsində bu məsələyə reaksiya vermir və artıq xalq da işğalla barışır. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev elə bir məqamda, elə bir məkanda xalqının mövqeyini cəsarətlə nümayiş etdirən "Qarabağ Azərbaycanındır və nida işarəsi” ifadəsini səsləndirdi ki, bununla məsələyə, başqa sölə, N.Paşinyanın avantürasına  sərt münasibət bildirdi, eyni zamanda, Ermənistanın əsl xislətini bütün dünyaya göstərdi.  
Azərbaycan Prezidenti sözügedən çıxışı ilə, həm də Ermənistana və onu dəstəkləyən güclərə bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qarşı tərəfin inadkarlığı üzündən hələlik aradan qaldırılmaması, nizamasalma prosesinin bilərəkdən ləngidilməsi Qarabağın mənsubiyyətini dəyişdirmir, dəyişdirə bilməz və dəyişdirməyəcəkdir. 
  
Politoloq söhbətində onu da diqqətə çatdırdı ki, keçən il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işğalçı ölkə ilə aparılan danışıqlarda Ermənistanın mövqeyi tamamilə iflasa uğrayıb. Bu fikir Ermənistan Respublika Partiyasının sədr müavini, parlamentin xarici əlaqələr üzrə komitəsinin sabiq rəhbəri Armen Aşotyanın bir müddət bundan əvvəl keçirdiyi mətbuat konfransında da öz  ifadəsini tapıb. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın guya münaqişə barədə hər şeyi bildiyi və prosesi öz nöqteyi-nəzərindən başlayacağı haqqında bəyanatı lovğalıqdan başqa bir şey deyil.  

Armen Aşotyan əlavə edib ki, baş nazir gec-tez siyasət meydanından öz fəaliyyətinin səbəb olduğu tör-töküntünü yığışdırmaq məcburiyyətində qalacaq. Böyük siyasi oyuna çevrilən Dağlıq Qarabağ problemini həll etmək üçün hazırkı hakimiyyətə "üzərində öz portreti olan corab və şamlar yox”, vahid siyasi təfəkkür lazımdır.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az