“Delimitasiya olunmamış Rusiyanın Ermənistan sərhədinə qüvvə yeritmək ixtiyarı yoxdur…”

“Delimitasiya olunmamış  Rusiyanın Ermənistan sərhədinə qüvvə yeritmək ixtiyarı yoxdur…”
"Belə olan halda tutaq ki, Rusiya 10 min yox, lap 2 min silahlı qüvvə gətirdi, onlar gəlib haranı qoruyacaq, ermənilərin öz bildiyi kimi, müəyyən etdiyi sərhədimi?..”
Xəbər verdiyimiz kimi,  Rusiyaya məxsus "VKontakte" sosial şəbəkəsinin erməni seqmentində guya Rusiya Federasiyası Ermənistan - Azərbaycan sərhədinə yeni hərbi qüvvə yeritmək niyyətində olması haqda dezinformasiyalar yayılıb. Məlumatda deyilir ki,  guya bu barədə Rusiya Federasiyasının müdafiə nazirinin müavini "TASS" xəbər agentliyinə müsahibəsində danışıb. Araşdırmamızdan bəlli oldu ki, Rusiyanın "TASS" agentliyinin  saytında və ya digər aparıcı nəşrlərdə bəhs edilən kimi bir müsahibə yoxdur. Ancaq həmin informasiyaya inansaq, Rusiya Ermənistan-Azərbaycan sərhədi boyu 10 minə qədər müqaviləli hərbçi yerləşdirməyi planlaşdırır.  Və guya hazırda bu mövzuda Ermənistanla məsləhətləşmələr gedir...
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən sabiq baş diplomat Tofiq Zülfüqarov bu fikirləri ifadə edib:
 
"Bilirsiz, birincisi, Rusiyanın Ukrayna bataqlığında çabaladığı bir vaxtda  Ermənistan ərazisinə nəinki 10  min, heç 2 min nəfərlik qoşun da yeritmək imkanı yoxdur. Moskvanın buna istəyi ola bilər, amma reallıqda bunun üçün fiziki, iqtisadi, həm də siyasi-diplomatik imkanı yoxdur… İkincisi də, dediyiniz kimi, bu haqda heç qeyri-rəsmi də bir bəyanat səslənməyib. Ona görə aydın olur ki, bu, Ermənistanın köhnə taktikasıdır. Yəni ermənilərin belə şayiələri yaymaqda məqsədi Azərbaycanı hansısa şəkildə Rusiyadan küsdürməkdir ki, Rusiya bizi yox, onları müdafiə etsin. Azərbaycan dövləti isə təmkinli davranır və öhdəliklərə sadiqik. Üçüncüsü də, əgər Ermənistan-Azərbaycan sərhədinə 10 minlik ordu gətiriləcəksə, gərək sülhməramlılar Qarabağdan çıxsın…
 
Bilirsiz, ermənilər qorxudan başını itirib. Nə iş gördüklərini də bilmirlər…Bir tərəfdən istəyirlər ki, Azərbaycnaın ərazi bütövlüyünü tanımadan Qarabağ mövzusunu gündəmdə saxlasınlar. Bu biri tərəfdən də qorxurlar ki, gec və ya tez onlara növbəti yumruq dəyəcək…”
 
Politoloq hesab edir ki, əslində hazırkı durumda Ermənistan-Azərbaycan sərhədinə hər hansı bir missiya və yaxud silahlı qüvvə yeridilməsi beynəlxalq qanunlara da ziddir…
 
"Konkret Azərbaycanla sərhədə hər hansı bir qüvvə yerləşdirilməsinə gəldikdə... Bir müddət öncə, ötən ilin payızında Ermənistan bu sərhədə Avropadan missiya gətirlməsinə üstünlük verirdi. Və nəhayət, Avropa Birliyinin missiyası Azərbaycanla sərhədə gəldi.  Bundan bir az sonra isə Paşinyan bəyanat verdi ki,  missiya gəlib, amma Ermənistan üçün təhlükəsizliyi təmin etmir, əksinə, sərhəddə  təhlükəli məqamlar artıb. İndi Rusiya deyir ki, Azərbaycanla sərhədə KTMT missiyasının gətirilməsinə guya Ermənistan razılıq vermir, amma Moskva bunu təmin etməyə hazırdır. O biri tərəfdən isə İrəvandan cavab gəlir ki, yox, KTMT tərəfindən bizə rəsmi heç nə vəd olunmur.  Və Ermənistan soruşur ki, ümumiyyətlə,  əgər siz bizi müdafiə etməyə gəlirsinizsə, hələ 2022-ci ilin sentyabrında biz bu haqda müraciət edəndə bildirdiniz ki, yox KTMT belə məsələlərə müdaxilə edə bilməz- indi sərhədə gəlsəniz,  konkret nə ilə məşğul olacaqsınız. Odur ki,  İrəvan KTMT üzvü olan ölkələrdən Azərbaycanı pisləyən bir rəsmi siyasi bəyanat tələb edir. Ancaq məlumdur ki, həmin üzv ölkələrin çoxu belə bir bəyanat əsla verməz. Ona görə də KTMT missiyası baş tutmur. Belə olan halda Kreml Ermənistanla sərhədə hansısa yenə "sülhməramlı” adı altında əlavə qüvvə gətirilməsi kimi bir şou qura bilər.  Digər tərəfdən, onsuz da 2021-ci ildən bəri Ermənistan Azərbaycan sərhədinin 4-5 zastavasında Rusiyanın sərhəd qoşunları yerləşdirilib. Əlavə qüvvələr gəlib orada nə iş görəcək? Və ən əsas məsələ ondan ibarətdir ki, əslində hazırkı durumda Ermənistan-Azərbaycan sərhədində heç bir missiya və yaxud silahlı qüvvə beynəlxalq qanunlara da uyğun olaraq heç bir hərəkət edə bilməz. Çünki delimitasiya və demarkasiya prosesi hələ başlanmayıb, sərhədlərin keçdiyi yerlər konkretləşməyib.  Qazaxın 7 kəndi, Naxçıvanın bir kəndi qaytarılmayıb... Yəni delimitasiya, demarkasiya olunmamış Rusiyanın və ya digərinin Azərbaycanla sərhədə qüvvə yeritməyə ixtiyarı yoxdur… İkincisi isə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını qanuniləşdirmək niyyəti hələ də görsənmir. Əgər belədirsə,  deməli, konkret sərhəd anlayışı yoxdur. Belə olan halda tutaq ki, Rusiya 10 min yox, lap 2 min silahlı qüvvə gətirdi, onlar gəlib haranı qoruyacaq, ermənilərin öz bildiyi kimi, müəyyən etdiyi sərhədimi?. Bu da problemlər yaradacaq Rusiya üçün. Həm də ona görə ki, Azərbaycan hazırda tək deyil... Bu baxımdan ermənilər Rusiyanın da onların Azərbaycanla sərhədlərini qoruya biləcəyinə şübhə ilə yanaşırlar və şübhə üçün əsasları var”- deyə keçmiş xarici işlər naziri vurğulayıb.
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az