Deputat: “Ümid edirəm, müvafiq orqanlar BDU-nun Qazax filialında baş verən hadisəyə qarşı kəskin münasibətlərini bildirəcəklər”

Deputat: “Ümid edirəm, müvafiq orqanlar BDU-nun Qazax filialında baş verən hadisəyə qarşı kəskin münasibətlərini bildirəcəklər”
 "Bakı Dövlət Universitetinin Qazax filialında dönərdən kütləvi zəhərlənmə hadisəsi təəssüf doğurur. Bu sahəyə məsul olan adamlar ciddi düşünməlidirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsul olsa da, bu qurum bütün sahələrə nəzarət edə bilməz. Vətəndaş özü də bilməlidir ki, aldığı məhsulun keyfiyyəti, onun saxlanması, qorunması hansı dərəcədədir. Köhnə, yararsız məhsullar süfrəyə gətirilməməli, satışa çıxarılmamalıdır. Heç olmasa, vicdanın səsinə səs verilməlidir. AQTA müəyyən hallara qarşı son illər tədbirlərinin sayını xeyli artırıb. Bunu sosial şəbəkələrdə də görürük, izləyirik. Yenə də deyirəm, məsuliyyəti tam onların üzərinə atmaq fikrində deyiləm. Hər birimiz bu sahədə məsuliyyətimizi dərindən anlamalıyıq. Bilməliyik ki, keyfiyyətsiz qida səhhətimiz, balalarımızın sağlamlığı üçün çox zərərlidir. Ümid edirəm, müvafiq orqanlar BDU-da baş verən hadisəyə qarşı kəskin münasibətlərini bildirəcəklər və bu işdə məsuliyyət daşıyanlar haqda müvafiq tədbirlər görüləcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

"Qida təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşın bu sahəyə diqqətindən və məsuliyyətindən asılıdır. Bu, elə bir sahədir ki, ona nəzarət edilməsi bir təşkilatın imkanları xaricindədir. Son vaxtların zəhərlənmə hadisələri, xoşagəlməz hallar da göstərir ki, zəhərlənmələr daha çox kustar qaydada hazırlanan qida məhsullarının alışı-satışı nəticəsində baş verir. Evdə hazırlanan turşular və digər məhsullar zəhərlənmələri artırır. Bir çox hallarda insanların ölümünə səbəb olur. Balıq, ət məhsulları, turşular, quş əti və digər qida məhsulları bir çox hallarda yol kənarlarında, gözdən uzaq ərazilərdə satılır. Bu kimi hallar artıb və xoşagəlməz hvəziyyət yaradır”, - komitə sədri bildirib.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az