"Dilqəmi görəndə dəhşətə gəldim..."- "Gələn dəfə şəkil göndərəcəm"
"Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Dilqəmin şəklini mənə göstərdilər. Hələ də özümə gələ bilmirəm. Qardaşım tanınmaz hala düşüb”
2014-cü ilin yayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə göndərdiyi məktubu ailəsinə çatdırılıb.
Bu barədə onun qardaşı Sahib Musayev məlumat verib.
Onun sözlərinə görə, Dilqəm məktubda vəziyyətinin yaxşı olduğunu yazıb: "Məktubda yazıb ki, hər şey yaxşıdır. Yeməyə hər şey var. Heç nə göndərməyin".
Sahib Musayev onu da bildirdi ki, gələn dəfə qardaşına ailəvi şəkil göndərəcək. "Mən bilmirdim ki, şəkil göndərməyə icazə var. Bilsəydim, bu dəfə göndərərdim. Amma eybi yox, inşallah, gələn dəfə göndərərəm. Bəlkə, bizə "Skype"la da danışmağa imkan yaratdılar".
Şahbaz Quliyevin bacısı İradə Quliyeva isə hələ də qardaşından cavab məktubu almadıqlarını deyir. Onun sözlərinə görə, ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) zəng vursa da, amma qurumdan hələ ki, heç bir cavabın olmadığını deyiblər.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara fevralın 3-də baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək.
Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları olan Ş.Quliyev, H.Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.
Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da, Həsən Həsənov qətlə yetirilib. Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri qaytarılıb.
2014-cü ilin dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.
Miq.az