Dünyanın ən gözəl günü və ya əsrə bərabər gün

Dünyanın ən gözəl günü və ya əsrə bərabər gün
 
Ən unudulmaz və tarixi günlərdən biri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının bərabərlik və bütövlük bayramıdır.Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında həmrəylik yaratmaq işində böyük rol oynayır.​​

Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.​​​​​​​​​

Bu günün əsası 1989-cu ilin dekabrında Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ-İran sərhədinin) dağılması ilə qoyulub. Sovet-İran sərhəddində sərhəd qurğularının Azərbaycan vətəndaşları tərəfindən sökülüb-dağıdılması, ən başlıcası isə Şimali Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi Cənubda da milli təfəkkürdə yeni bir canlanma yaratdı. Mədəni əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli imkanlar yarandı. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü-Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz  birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi.Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.​​​​​​​​​​​ 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci il  dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik  Günü kimi qeyd olunmasını təklif edib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 6 bənddən ibarət qərarında 31dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü elan olunması və hər il bayram edilməsi, bayramın Azərbaycanda rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilməsi və digər məsələlər öz əksini tapıb.​​​​​​​​​​​Dövlət müstəqilliyinin qorunub saxlanılmasının ən vacib şərtlərindən biri məhz xalqın milli birliyə və həmrəyliyə malik olmasıdır.​​​​​Azərbaycan Respublikası Prezidentinin 1993-cü ildə imzaladığı Fərmanla dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.Bu, dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub-böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib. Bu, Heydər Əliyevin 2001-ci il may ayının 23-də verdiyi xüsusi sərəncam əsasında baş tutub. Birinci qurultayın yadda qalan ən vacib məqamı Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqi oldu. Heydər Əliyev nitqində dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsinə xüsusi yer vermişdi. Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması,inkişaf etdirilməsi zərurətini də məntiqi sübutlarla ifadə etmiş, bütün bunların həyata keçirilməsi üçün isə səylərin birləşdirilməsinin lazım gəldiyini əsaslandırmışdı. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılıb. 2002-ci ildə Azərbaycanın  dünyada 200-dən bir qədər çox diaspor təşkilatı mövcud idisə, hazırda onların sayı 500-ə yaxınlaşıb. Ulu Öndər Azərbaycan diaspor təşkilatlarının yaradılması və onların səmərəli fəaliyyətinə böyük önəm verirdi. Prezident İlham Əliyev həmin xətti hazırda uğurla inkişaf etdirir. Həyata keçirilən tədbirlərin məzmunundan bu məqamları dolğun surətdə görmək mümkündür. ​İkinci qurultay Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində keçirildi. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyətinin ciddi təhlili əsasında bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi əsaslandırıldı. İnformasiya sahəsində fəaliyyətin gücləndirilməsi, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrin genişləndirilməsi məsələləri xüsusilə önə çəkildi.

2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının qəbul etdiyi "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" diasporun fəaliyyət istiqamətlərini müəyyən edən konseptual sənəddir.​​​​​ Dünya Azərbaycanlılarının üçüncü qurultayı 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində təşkil edildi. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili qərara alındı. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul etdi. Nəhayət, 2016-cı ilin iyun ayında keçirilən dünya azərbaycanlılarının dördüncü qurultayı azərbaycanlıların vahid və monolit qüvvə kimi təşkilatlanması prosesinin respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini təsdiqlədi. Prezident İlham Əliyev çıxışında müasir dünyanın informasiya məkanına çıxmaq kimi yeni strateji xətti müəyyənləşdirdi.​​

Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində mühüm tədbirlər həyata keçrilməkdədir.Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyası həyatına təsir edəcək səviyyəyə  yüksəlir. Prezident İlham Əliyevin bu sahədə prinsipial siyasət aparması, deməyə əsas verir ki, Azərbaycan diasporu güclənib, doğma Vətənin taleyüklü problemlərinin həllində yaxından iştirak edir.
 
Bayramımız mübarək!
 
Hazırladı:
Gülanə SƏDA,
tarixçi
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az