DYP-yə açıq namə-Heç olmasa, bir az yavaşlayın...
Ramiz Zeynalov 1994 cü ildən bu günə qədər Dövlət Yol Polisinin rəisidir. Bu illər ərzində avtomobil qəzalarında həlak olanların sayı Qarabağ müharibəsində həlak olanların sayından yəqin ki, çox olar.
Müqayisə ücün deyim, Avropada avtomobilləşmə 60 faiz, bizdə isə 13-14 faizdir. Avropada hər 100 min nəfərə avtomobil qəzalarında həlak olanların sayı 3-4 nəfər, bizdə isə 10-12 nəfərdir. Təbii, bu məsələdə DYP-nin məsuliyyəti böyükdür. Çünki yollarda qayda yaratmaq qurumun birinci vəzifəsidir.
Ancaq DYP əsas işini kənara qoyub rüşvət sisteminin inkişafı ilə məşğul olur. Azərbaycan DYP-si dünyanın ən korrupsiyalaşmış və rüşvətxor sistemləri ilə rəqabəti udar. Bu sistemdə cəzasızlıq mühiti elə oturuşub ki, yol-nəqliyyat hadisəsi baş verəndə günahkar bir qayda olaraq sürücülər, piyadalar, hətta milli mentalitetimiz olur. Yol təhlükəsizliyinin əsas elementi olan DYP "aydan arı, sudan duru” oldugu ücün bu qəzalarda özünü məsul bilmir. DYP hesab edir ki, vəzifəsi yollarda gerçəkdən nizam yaratmaq yox, sürücüyə pusqu qurmaq , cərimə yazmaq, rüşvət almaq, sürücülük vəsiqəsini pula satmaq, yol kənarındakı maşınları "oğurlayıb ” sahibinə 44-50 manata satmaq, DYP rayon şöbələrində bazar acmaq, bərkgedən maşın nömrələrini 30 – 50 min manata qara bazara çıxarmaqdır.
Ramiz Zeynalov o dərəcədə güclü məmurdur ki, 10 ildən çoxdur dövlət notariusundan aldığımız etibarnamələri DYP 40-50 manat qarşılığında yenidən təsdiq edir. Nə qədər etirazlar olsa da, xeyri yoxdur – hami bir üzdü, DYP bir üz. Dünyada analoqu olmayan bu qanunsuz fəaliyyət nəticəsində 10 milyonlarla pul xalqın cibindən "uf” demədən çıxarılır.
Azərbaycanda 9 milyon əhali var. 1994 cü ildən bu günə qədər sürücülük vəsiqəsi alanların ən azı 80-90 faizi onu 800-1000 dollar rüşvət verib alıb. DYP-nin təkcə bu işdən nə qədər pul yığdığını hesablayın, görün, necə nəhəng pullardan söhbət gedir.
Prezidentin göstərişi ilə vergilər, FHN, Əmək Müffətişliyi və digər qurumlar əsassız yoxlamaları dayandırdı. Yalnız DYP-dən başqa. Bakının, eləcə də ölkə əhəmiyyətli yolların bütövlükdə radarla izləndiyi vaxtda yollarda hər addimda qarşımıza çıxan DYP patrul maşınları nəyə və ya kimə xidmət edir? Sivil, inkişaf etmiş ölklər sərhədlərini aradan qaldırır, Azərbaycan isə hələ də rayonların giriş-cıxışında təmtəraqlı DYP postları qurur.
DYP-nin çox vaxt qanunsuz və səbəbsiz yoxlamalarının sürücülərə nə qədər böyük pisxoloji basqı oldugunun fərqində olan varmi?
Manatın devalvasiyasından sonra DYP-nin qanunsuz yoxlamaları ikiqat artıb. Onsuz da dolanışıq dərdi ilə əsəbləri tarıma çəkilən insanlara bu qədər zülm etməyin, onları soymağın adı nədir?
Son günlər sosial şəbəkələrdə DYP əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı gizli çəkilişlərin sayının artması vətəndaşların bu quruma artan nifrətinin göstəricisidir. Gah surət həddi 160-180 olan sovet maşınları 188-235 sürətlə "radara düşür”, gah 110 km sürət həddi olan yolda saatda 90 km-la gedən sürücü sürəti aşdığı üçün pratokolla "mükafatlandırılır”, gah DYP əməkdaşı maşına pəncərədən girir… Rəzalət… Çox təəssüf, ictimailədirilən faktlar nə birinci, nə sonuncudur.
Şəxsən mən hər dəfə anama baş cəkmək ücün rayona gedəndə eyni problemi yaşayır, eyni əsəbi keçirirəm. Avtomobili çox ehtiyatlı idarə etməyimə baxmayaraq hər iki aydan evə məktub gəlir ki, radara düşmüsən. Nə vaxt? Harada ? Kimə, nəyi, necə sübut edəsən? 10-20 manata görə vaxtımı, əsəblərimi məhkəmələrdə itirməyə dəyərmi? Əminəm ki, mənim kimi yüz minlərlə sürücü eyni durumla qarşılaşır, axırda da "haramınız olsun” deyib cəriməni ödəyir.
Hələ DYP-nin təyin etdiyi dayanma, durma, radar, sürət hədləri və başqa yol işarələrinin ən azı yarısının sürücüləri soymaq ücün tələ olduğunu demirəm. Belə görünür, DYP nəinki yol təhlükəsizliyinə və sürücülərin, sərnişinlərin can güvənliyinə cavabdehdir, əksinə, yolda sürücü ücün ən böyük təhlükədir . Ona görə də sürücülər DYP əməkdaşlarını görəndə işıqlarını yandırıb-söndürməklə yolda təhlükə oldugunu bir-birinə xəbər veririlər.
Dövlətin ən önəmli qurumlarından biri olan DYP-nin bu cür biabirçi imicdən qurtarmağın vaxtı coxdan çatıb. Ölkənin bir cox qurumları işlərini yenidən qurur, qüsurlari ortadan qaldırmağa calışırlar. Köhnə hava ilə oynamağa davam edənlər sırasında yenə öndə DYP-dir.
İslahatlar bahalı maşınlar, dəbdəbəli kabinetlər və hər addımda qurulan radarlarla əmələ gəlməz . İslahat yeni bir əxlaq, yeni bir düşüncə , yeniləşmiş bir idarəetmə deməkdir. Cəlaləddin Ruminin dili ilə desək, ədalətli idarəetmə qanunu qandal edib millətin əlinə vurmaq əvəzinə, tac edib başına qoymaqdır. Qanun ağıllı adamlar ücün məşğuliyyət, axmaqlar ücün məcburiyyətdir.
Sonda bir daha deyirəm. Ramiz Zeynalov, vallah, öz millətinin nümayəndələrinə, öz ölkənin vətəndaşlarına qarşı bu cür münasib göstərmək ayıbdı. Bütün məmurlar dayandi. İnsaf edin, dayan demirik, heç olmasa, bir az yavaşlayın.
Şahin İsmayıloğlu