Ekspertdən deputata etiraz: "Bu, qadınları əmək bazarından çəkindirməkdir"
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tədbirində belə fikirlərin səsləndirilməsinə mən sadəcə təəssüf edirəm".
Bu sözləri Qaynarinfo-ya Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ilin hesabtlarına dair keçirdiyi tədbirdə Milli Məclisin deputatı Rauf Əliyevin səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Rauf Əliyev şənbə-bazar günləri qadınlar işləməməsini təklif edib. O bildirib ki, xarici ölkələrin birində bu təcrübəni görüb: "Onlar belə əsaslandırdılar ki, qadınların ailənin həyatında rolu böyükdür. Ona görə, uşaqlarla daha çox vaxt keçirmələri üçün belə bir addım atırlar".
Sahib Məmmədovun fikrincə, "bəzi ölkələrdə" olan nümunələr o demək deyil ki, biz onların hamısını tətbiq etməliyik:
"Bu, qadınları əmək bazarından çəkindirmək üsuludur. Dövlətin gender siyasətinin əsasında duran məsələlər, üzv olduğumuz beynəlxalq təşkilatlar onu tələb edir ki, qadınlar ictimai, siyasi həyatda, məşğulluqda kişilərlə bərabər olsunlar. Bu bərabərsizliklər bizdə var və bunu aradan qaldırmaq üçün başqa tədbirlər görməliyik".
Birlik sədri deyib ki, bu məsələni qanunvericiliyə uyğunlaşdırmaq və yaxud idarə daxilində kollektiv müqavilələr çərçivəsində həll etmək olar. Amma bunun qətiyyətlə əleyhinədir, çünki qadınlara qarşı ayrıseçkiliyin bir formasıdır:
"Bu gün qadınlara verilən zəruri imtiyazların bir çoxu, məsələn, hamilələyə və doğuşa görə məzuniyyət, 3 il davam edən qismən ödənişli sosial məzuniyyət onların əmək bazarında kişilərlə rəqabət aparmaq imkalarını məhdudlaşdırır".
Həmsöhbətimiz bildirib ki, iş mühitində bərabərsizliyi yaradan səbəblərdən biri də qadının ailə qayğılarının çox olması və qanunvericilklə ona bir sıra imtiyazların verilməsidir:
"Bu imtiyazları artıq dünya aradan qaldırır, dolayı tədbirlər yolu ilə çalışır ki, qadınlar həm ailə qayğılarını icra edə bilsin, həm də məşğulluqda kişilərdən geri qalmasınlar. Dövlət əksinə olaraq əlavə tədbirlər görməlidir ki, qadınlar daha çox işə çıxsınlar, nəinki ev qayğıları səbəbindən evdə qalsınlar. Onlar evdə nə qədər çox qalırlarsa, sonra əmək bazarında bir o qədər də kişilərlə rəqabət imkanları məhdudlaşır. Nəticədə həm vertikal, həm də üfiqi diskriminasiya baş verir. Məsələn işə götürən bir şəxs eyni təhsili olan qadınla kişini müqayisə edir, görür ki, kişinin potensialı daha yüksəkdir. Və ya görürlər ki, qadın repraduktik qadındır, yəni tez-tez hamiləlik və doğuşa görə sosial məzuniyyətə gedir, bu qadınlara qarşı da işə götürənlərdə gizli diskriminasiya gedir".
Sahib Məmmədov vurğulayıb ki, müasir gender yanaşması qadınlara evdə qalmaları üçün daha çox imtiyaz verməkdənsə, qadınların əmək bazarına daha çox cəlb olunması üçün tədbirlərin görülməsini tələb edir:
"Məsələn, qadınlar nəyə görə çox vaxt işdən ayrılmalı, sosial məzuniyyətə getməli olurlar? Çünki münasib qiymətə, yaxınlıqda uşaq baxçaları olmur, dayəçilik institutu zəif inkişaf edir və s. Bu səbəbdən qadınlar evdə oturub uşağa baxmağa məcbur olur. Onlar 1, 2, 3 il işə gəlməyəndə artıq peşəkarlıqlarını itirirlər. Onlarla eyni anda işə başlamış kişi işçilər isə irəliləyə bilir. Ona görə də müasir gender yanaşması bu fikirlərin tamamilə əleyhinədir”.