Revmatizm-artrit, həkim səhlənkarlığı və sonunda əlillik. 10 yaşlı Şəfa Süleymanova düşdüyü dəhşətli vəziyyəti saydığım bu amillərə “borcludur”. Sarışın saçlı, ağbəniz, iri gözlü Şəfa Saatlı rayonunda sadə bir ailədə sağlam körpə kimi doğulub. Anası Aida xanımın sözlərinə görə, üç yaşına kimi heç bir xəstəliyi olmayıb. Amma üç yaşında hərarəti yüksəlməyə başlayıb. Günlərlə davam edən qızdırmanı aşağı salmaq mümkün olmayıb. Rayonda həkimlərin çarə qıla bilmədiyini görən ailə, körpəni Bakıya gətirir. Aparılan yoxlamalar Şəfanın dərdini ortaya çıxarmır. Balaca qızın vəziyyəti isə gündən-günə ağırlaşır. Həkimlərin səhv diaqnozu və bu diaqnoz nəticəsində müdaxiləsi isə acınacaqlı vəziyyət yaradır. Bir neçə müddətdən sonra Şəfanın əlləri və ayaqları yığılmağa, əyilməyə başlayır. O vaxtdan yeddi il keçir. İndi Şəfa 10 yaşlı qızdır. Amma sümüklərində heç bir inkişaf getmədiyindən balaca uşağa bənzəyir. Hədsiz çılız qalan Şəfanın tamamilə əyilmiş əlləri və ayaqları sözünə baxmır. Yeriyə bilmir. Sadəcə sürünür. Digər yaşıdlarından fərqlənməsindən utandığı üçün anasının onu uşaq arabasına qoyub gəzməyə aparmasını da istəmir. Yeganə məşğuliyyəti telefonda oyunlar oynamaqdır. Nə yaxşı ki, sensorlu telefonlar var. Bu işdə şəfanın imdadına çatır. Yüngül toxunmaqla əllərini işlədə bilməsə də oyunları oynaya bilir.

Azərbaycan Jurnalist Qadınları Assosasiyasının sədri Sevil Yusifova ilə Şəfanı görmək üçün evlərinə getdiyimizdə Şəfa gizlənmişdi, çıxmaq istəmirdi. Anası onu qucağına alıb gətirdiyində isə başına aşağı dikib, gözünün qulağı ilə gələnləri süzməyə başladı. Amma az keçmədi ki, sərbəstləşdi. Anası deyir ki, böyük bacısının məktəbə getməsini səbirsizliklə gözləyir. Çünki ondan sonra bacısını telefonu evdə qalır və Şəfa istədiyi qədər onunla vaxt keçirir.
Anasının sözlərinə görə, hətta İranda da həkimlər Şəfaya xəstəliyinə faydası olmayan, əksinə zərər verən dərmanlar veriblər. Bunu isə yalnız İran həkimlərinin yazdığı dərmanları görən türk həkimləri deyib. İndi Şəfanın bir arzusu var. Tez sağalmaq və yaşıdları kimi olmaq. Amma ailənin buna maddi imkanı yoxdur. Anasının sözlərinə görə, həkimlər Şəfanın əməliyyatının 12 yaşına qədər olmasını vacib sayır. Çünki vaxt keçdikcə sümüklər bərkiyir. Qeyd edim ki, ailənin başçısı, yəni Şəfanın atası həbsxanadadır. Anasının ali təhsili yoxdur. İş tapmaq, çalışmaq istəyir. Amma hələ ki, axtarışları nəticə vermir. Sosial yardımın sayəsində günün birtəhər başa vuran ailənin anası bildirdi ki, fizioterapiya qızının xəstəliyinə çox yaxşı təsir edir. Amma bu işin sadəcə bir saatı 60-80 manata başa gəldiyi üçün bu da imkansızdır. Aida xanım deyir ki, bəzən həkimlər müalicənin qızına xeyri olmadığını deyir: “Həkimlər bəzən ümüdsüz danışırlar. Amma mən əlimdən nə gəlirsə, onu edəcəyəm. Qızımı sağaltmaq istəyirəm. Axı, mən anayam. Ürəyim qan ağlayır”.
Ananın arzusu qızını dəhşətli xəstəliyin əlindən xilas etməkdirsə, Şəfanın arzusu ondan fərqlənir. Şəfa böyük bir gəlinciyi olsun istəyir. Özünün balaca evi, evinin içində hər ləvazimatı olan gəlincik. Balaca, təkgözlü bir otaqda anası və bacısı ilə yaşayan Şəfa küləyin səsindən dəhşətə düşür. Anası belə dedi. Kim bilir, bəlkə də o gəlinciyin yerində özünü xəyal edir...
Aygün İbrahimli