İH-dən ərəblərin Bakıda ərazi alması xəbərinə - Reaksiya
Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsinin ərəb şeyxləri tərəfindən alınması ilə bağlı məlumat yayılıb.
Məlumata görə, ərəblər "Çermet" adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evlərini alıblar.
Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Nərimanov İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov yayılan məlumatları əsassız adlandırıb: "Nərimanov rayonunda gedən yenidənqurma işləri prezidentin sərəncamı əsasında həyata keçirilir. Yol infrastrukturunun yenidən çəkilməsi və genişləndirilməsi zamanı Ziya Bünyadov prospekti və Həsən Əliyev küçəsinin davamı olaraq Böyük Şor ərazisindən keçən yeni hissədə Nərimanov İcra Hakimiyyəti "Azəryol” ASC və Maliyyə Nazirliyi ilə birlikdə ərazidə yola düşən hissələri siyahıya alıb. Əhalinin köçürülməsi tərəfimizdən həyata keçiriləcək.
Orada ərəbin, ingilisin, hər hansı bir əcnəbi şirkətin ərazi alıb əhalini köçürülməsi şayiədən başqa bir şey deyil”.
Ş.İbadov həmçinin mediadan vətəndaşlar arasında bu cür çaşqınlığa səbəb olacaq xəbərləri yaymamağı xahiş edib.
*****
Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsini ərəb şeyxləri alıblar.
Bu barədə məlumatı Milli.Az-a rayon sakinləri bildiriblər. Şərti adı İlhamə Hüseynova və onun kimi bir neçə Nərimanov rayon sakininə 31 saylı "jek"dən adı çəkilməyən məsul şəxslər bildiriblər ki, artıq onlar "Çermet" adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evlərinə cavabdeh deyillər. Onların verdikləri məlumata görə, plana düşən bu əraziləri artıq ərəblər alıblar.
Onu da qeyd edək ki, plana düşən mənzillərin kvadratmetrinə görə rayon sakinlərinə 1200 manat təklif olunacağı bildirilib.
Sorğu zamanı rayon ərazisində bu faktı ev alqı-satqısına baxan bir neçə şəxs də təsdiq edib.
Miq.az