Erməni yazar Əkrəm Əylisli haqda nələr yazdı

Erməni yazar Əkrəm Əylisli haqda nələr yazdı

Aleksey Manvelyanın bloqu: "Daş yuxular" haqqında

BBC Azərbaycancanın müxbiri Aleksey Manvelyan Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalmış və hazırda Yerevanda yaşayır.

Hərdən hər hansı bir çoxdan dünyasını dəyişmiş, öz vaxtında hakimiyyətlə yola getməyən və zamanında təqib olunan azad şüurlu yazıçının xatirəsinə təntənəli mərasimlər təşkil ediləndə düşünürəm: görəsən, o böyük vətənpərvər, dahi insan və başqa epitetlərlə mədh edilən şəxs bu gün sağ olsaydı harada olardı?

Qorxuram ki, bu gün onun da beynəlxalq hüquq müdafiəçilərinin müdaxiləsinə ehtiyacı olardı.

Bu gün Əkrəm Əylislinin “Daş yuxular”ını oxuyub bitirdikdən sonra yenə bu fikrə daldım.

Niyə şüurumuz çatmır ki, biz - əksəriyyətimiz, bundan sonra yüz il də yaşasaq belə, vücudumuz bir qəpiyə də dəyməyəcək bəndələr - anlayaq ki, bizim nəvə-nəticələrimiz onun adı ilə fəxr edəcək, milləti dünyaya onun adı ilə tanıdacaq.

Bəlkə kimsə bu gün “millət” sözünün Əkrəm Əylisliyə aidiyyəti olmadığını iddia edir? Yəqin sözün vərdiş etdiyimiz mənasında bu belədir. Əkrəm Əylisli haqqında daha çox “ümumbəşər” ifadəsi yerinə düşür.

Bu gün yazıçını “erməni” adı ilə söyənlərin çoxu onların ata-babaları dostluq, qonşuluq etdikləri, bir-birinin xeyrinə və şərinə çatan ermənilərin doğulub, başa çatdıqları, bu gün də yuxularında canlanan yerləri tərk edəndə hələ dünyaya da gəlməmişdilər.

Və gözlərini açandan bəri, son 20-25 il ərzində həmin millət nümayəndələri haqqında həqiqi təsəvvür yaratmaq üçün bir söz də eşitməyiblər.

Bəlkə kimlərinsə yaxşı qazanc mənbəyinə çevrilmiş nifrət təbliğatı nəticəsində elə bir vəziyyət yaranıb ki, valideynlər övladlarına: “Bir yaxşı erməni və ya azərbaycanlı dostum olub”, - deməyə də qorxurlar?

Kimsə deyir ki, Əkrəm müəllim Azərbaycanı aşağılayır. Əksinə, o, Azərbaycanı daha da ucaldır.

O, adət etdiyimiz meyarların yenidən nəzərdən keçirilməsini təklif edir.

O, bu yolda birincidir. Ona görə də onun üçün çox təhlükəli yoldur.

Bu gün belə bir əsərin Ermənistanda işıq üzü görməsini təsəvvür etmək mümkün deyil. Lakin “Daş yuxular” mütləq öz təsirini göstərəcək - bəzi şeylərə fərqli nöqteyi-nəzərdən baxmağa vadar edəcək.

Digər tərəfdən, mən elə düşünürəm ki, Əkrəm müəllim bu əsəri Azərbaycan üçün yazıb və onun, öz yuxularında təsəvvür etdiyi Azərbaycana bənzəməsini istəyir.

Əkrəm Əylislinin Azərbaycanından heç bir xalq ayrılmaq istəməzdi.

http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/02/130205_aleksey_manvelyan_blog.shtml?ocid=socialflow_twitter_azeri



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az