Ermənilər hamilə həyat yoldaşımı qətlə yetirdilər: "Əlimi yandırdılar ki, bir də “Qarabağ şikəstəsi” ifa etməyim"

Ermənilər hamilə həyat yoldaşımı qətlə yetirdilər:

"Güzgünü gətirib verdilər ki, bax gör nə gündəsən, saçım bir gecədə ağarmışdı” - 26 gün erməni əsirliyində...

Bir neçə gün sonra Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq. Miq.Az Moderator.az-a istinadən faciə şahidi Xocalı sakini, gitara ifaçısı Valeh Hüseynovun dediklərini təqdim edir:

Bu dəfəki müsahibimiz 27 gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qalan Xocalı sakini, gitara ifaçısı Valeh Hüseynovdur. Həmin vaxt yeni ailə quran V.Hüseynovun ermənilər hamilə həyat yoldaşını amansızcasına qətlə yetiriblər:

"1968-ci ildə Xocalıda anadan olmuşam. Uşaq yaşlarından gitara ifa edirdim və toylara gedirdim. Ermənilərin torpaq davası başlayandan sonra isə biz səngərlərdə keşik çəkməyə başladıq. Onda təzə ailə qurmuşdum. Fevralın 25-dən 26-na keçən gecə biz də Xocalıdan çıxmalı olduq. Evdən heç nə götürmədim, musiqi alətlərim, aparatlar hamısı qaldı. Həyat yoldaşımla camaata qoşulub meşə yoluyla gəlməyə başladıq”. 

"Qorxudan bir gecədə saçım ağardı...”

"Yolda ermənilərin pusqusuna düşdük və atışma zamanı həyat yoldaşımı qətlə yetirdilər. Onda həyat yoldaşım hamilə idi. Həyat yoldaşımın yanında oturub heç yerə getmədim və ona görə də əsir düşdüm.  27 gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qaldım. Qorxudan bir gecədə saçım ağardı. Güzgü gətirib verdilər ki, bir özünə bax gör nə gündəsən. Güzgüdə özümü görəndə dəhşətə gəldim. Ermənilər baş barmağımın dırnağını çıxardılar, əllərimin içini yandırdılar, barmaqlarımı, qabırğalarımı sındırdılar. Dişlərimi kəlbətinlə çıxardılar. Bədənimin hər yerinə xəsarət yetirdilər. Onlar bilirdilər ki, mən hərbçilərimizə kömək edirəm. Ona görə işgəncələr verirdilər. Həyat yoldaşımın nəşini isə atamgil aparıb Ağcabədidə dəfn etmişdilər. Əlimi yandırdılar ki, bir də "Qarabağ şikəstəsi” ifa etməyim. Əsirliyin 27-ci günündə Milli Qəhrəman Allahverdi Bağırovun köməkçisi Zahid Qarayev gəldi və məni Əsgəranda üç erməni əsirinə dəyişdilər. 

Biz ermənilərlə bir yerdə yaşamaq istəmirik. Amma bütün xocalılar öz yurd-yuvasına qayıtmaq istəyir. Orda bizim şəhidlərimizin ruhunu şad etmək, erməniyə qayıtdığımızı sübut etmək üçün qayıtmalıyıq. 

Qeyd edək ki, V.Hüseynov ikinci dəfə ailə qurub və üç övladı var. Hazırda şəkər xəstəliyindən əziyyət çəkir və xəstəliyə isə əsirlikdə qorxduğu üçün tutulub. 

Vasif Əlihüseyn


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az