"Ermənilər itkilərini gizlədirlər-Dezinformasiya yaymaqla
"Ermənilər indi itkilərini dezinformasiya ilə gizlədirlər, amma məlumat yaymağa məcbur olacaqlar"
Polkovnik Vaqif Dərgahlı Milli.Az-a açıqlamasında qeyd edib ki, ermənilərin dezinformasiyası məqsədli xarakter daşıyır: "Ermənilər növbəti dəfə Azərbaycan tərəfini günahlandırırlar ki, guya biz mülki əhaliyə atəş açmışıq. Bundan əvvəl onlar deyirdilər ki, guya "VAZ-2106" markalı avtomobil vurulub. Bu, erəmənilərin öz hərbi itkilərini mülki ad altında gizlətmək məqsədi güdür. Və ya ehtimal etmək olar ki, onlar mülki təyinatlı obyektlərdən və nəqliyyat vasitələrindən hərbi məqsədlər üçün də istifadə edir. Amma Azərbaycan tərəfi həmişə bəyan edib ki, Silahlı Qüvvələrimiz mülki əhaliyə qarşı atəş açmır".
Müdafiə Nazirliyinin sözçüsü daha bir maraqlı məqama diqqət çəkib:
"Məsələ ondan ibarətdir ki, guya atəşə tutulan həmin mülki şəxsin adı hallandırılan kəndinin xəritədəki faktiki yerinə baxsaq, görərik ki, həmin kənd qoşunların təmas xəttindən xeyli uzaqda yerləşir. Heç şübhəsiz, ermənilər bu cür məlumatları cəbhə xəttində gərginliyi artırmaq məqsədi ilə yayırlar. Dünən gecə saatlarında da erməni silahlı birləşmələri qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində, müxtəlif yerlərdə təxribata cəhd göstəriblər, amma düşmən 7 nəfərədək itki verərək geri oturdulub. Biz 7 itki dedikdə həm yaralıları, həm ölənləri nəzərdə tuturuq. Lakin onlar bunu sadəcə gizlədirlər. Yəqin ki, özləri bu haqda məlumatlar yaymağa məcbur olacaqlar. Çünki dəfələrlə olub, əvvəlcə bir formada məlumat veriblər, üstündən müəyyən vaxt keçdikdən sonra isə məlumat yayırlar ki, Azərbaycan tərəfinin ümumiyyətlə bu məsələyə aidiyyatı olmadan erməni tərəfi itki verib".
Miq.az