Ermənilərin Dağlıq Qarabağda itkilərinin sayı 166 nəfərdir
Milli.Az xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, erməni saytlarından biri Ermənistanın cəbhə bölgəsindəki itkiləri ilə bağlı maraqlı statistika açıqlayıb:
"Deməli, 2016-cı ildə Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanla sərhəddə itkilərinin sayı 166 nəfərdir. Bunlardan 147 nəfəri hərbi xidmətdə olanlar, 18 nəfəri isə könüllüdür. 109 nəfər döyüşdə, 57 hərbçi isə qeyri-döyüş şəraitində öldürülüb. Bu statistikanı yayan erməni saytı iki maraqlı müqayisə də aparıb. Birincisi, 2015-ci ildə Ermənistanın itkiləri 76 nəfər idi, yəni özlərinin yazdığına görə, itkiləri iki dəfə artıb. İkincisi, saytın yazdığına görə, 1994-cü ildən bu yana ilk dəfədir Ermənistan cəbhə bölgəsində könüllülərini itirir".
Ekspertin fikrincə, ermənilərin əsl itkiləri bundan daha çox olsa da, elə bu rəqəmin özü də ermənilər üçün faciə sayıla bilər:
"Əlbəttə, əslində Ermənistanın 2016-cı ildəki itkiləri bundan dəfələrlə çoxdur, gizlətməyə çalışırlar, tək elə aprel ayındakı döyüşlərdə yazdıqlarından ən çox 3-4 dəfə çox itki veriblər. Ancaq tutalım ki, erməni saytının yazdığı doğrudur, itkiləri elə yazılan kimidir. İqtisadiyyatı və əhalisi ilbəil kiçilən Ermənistan üçün 166 gəncini itirməsi faciədir. Çünki əhali artmır, olan-qalan gənclər isə ölkəni tərk etmək barədə düşünürlər. Aprel döyüşləri bu prosesi daha da sürətləndirib. Bu statistika bir daha ondan xəbər verir ki, işğalçıya qarşı hərbi təzyiq ən doğru yoldur".
Miq.az