
Daha bir faciə 1961-ci il oktyabrın 17-də baş verir. Həmin gün on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilir, mindən çox şəxs həbs olunur. Bu hadisə tarixə "Sena qətliamı” kimi daxil olur. Bu dəfə də Fransa hakimiyyəti ölkənin mərkəzində baş verən faciə barədə susur. Yalnız faciədən 37 il sonra Fransa "Sena qətliamı” zamanı insan ölümlərini təsdiqləyir və bu zaman da qərəzindən qalmır, ölü sayını cəmi 40 nəfər göstərir. Fransanın törətdiyi qətliamlara görə, məsuliyyəti boynuna almamaq ənənəsi görünür ki, "kiçik qardaşlar”ı Ermənistana da sirayət edib. 1992-1993-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırımı və qətliamlar əslində 1945-ci ildə Setifdə, 1961-ci ildə Parisdə törədilən qətliamlarla oxşardır. Hər iki halda, müqəssir tərəf planlı şəkildə gerçəkləşdirdiyi cinayətin məsuliyyətini boynuna almayıb, üzr belə istəməyib. Ermənistan və Fransanın siyasətində daha bir oxşar məqam qanunsuz məskunlaşma ilə bağlıdır. Belə ki, Qarabağda regionun etnik mənzərəsini dəyişmək üçün Ermənistandan, Yaxın Şərqdən ermənilər köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma siyasəti nəticəsində XX əsrin ortalarında 9 milyonluq əhalinin 1 milyonunu bu torpaqlara heç bir aidiyyəti, bağlılığı olmayan avropalılar (kolonlar və ya pye-nuarlar deyilirdi) təşkil edirdi. Fransa Əlcəzairdə irqçi, diskriminativ qanunlar tətbiq edərək, əlcəzairliləri "Fransanın ərəb müsəlmanları" adlandırmış, əhalinin torpaq və mülklərini əllərindən almışdı. Bu, Qarabağda etnik təmizləməyə məruz qalan azərbaycanlıların evlərinə ermənilərin məskunlaşmasını xatırladır. Beynəlxalq Əmək Təşkilatının 1930-cu ildə qoyduğu qadağaya baxmayaraq, əlcəzairlilər məcburi əməyə (biyar) cəlb edilməkdə davam edilir, ölkənin milli kimliyinin xüsusiyyətlərinin məhv edilməsi məqsədilə məscid və quran məktəblərinə qarşı şiddətli mübarizə aparılır, 1836-cı ildən başlayaraq xristianlığı təşviq etmək üçün ilk missioner məktəbləri açılırdı. Erməni millətçilərinin 1990-cı illərdə Qarabağda məscidlərə qarşı həyata keçirdiyi vandalizm siyasəti fransalı sələflərinin Əlcəzairdəki siyasəti ilə eynilik təşkil edir. Digər mühüm məqam, ekoloji terror aspektində Fransa və Ermənistan arasında fərqli vasitələrlə eyni addımın atılmasından ibarətdir. 1960-1966-cı illərdə Əlcəzairin Reggan və İn Ecker ərazisində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib ki, bunlardan 11 yeraltı sınaq 1962-ci ildə "Əlcəzair müharibəsi”nə son qoyan "Evian razılaşmalarından” sonra həyata keçirilib. Bu günə qədər minlərlə əlcəzairli fransızların basdırdığı mina partlaması nəticəsində həlak olub və ya ciddi yaralanıb. Və bu çoxsaylı faktlar, sübutlar təsdiq olunsa da, Fransanın qadağan olunmuş silahlardan istifadə edib, beynəlxalq humanitar hüquqa dair 1949-cu il Cenevrə konvensiyalarını kobud surətdə pozması aydın olsa da, Fransa hələ də Əlcəzairdəki soyqırımı rəsmi tanınmayıb və hətta üzr belə istənilməyib.
Amma rəsmi Parisə ikiüzlü siyasət yürüdərək azərbaycanlıları ermənilərə qarşı müharibə cinayətləri törətməkdə ittiham edir. Cinayətkar və qurbanın yerini öz siyasi maraqları, məkrli planı naminə dəyişən Fransa Ermənistanın Qarabağdakı mina terrorunun, ekologiyaya vurduğu zərərin Əlcəzairdəki siyasəti ilə paralellik təşkil etdiyini təbii ki, yaxşı anlayır. Bununla belə, Əlcəzair bu gün də Fransadan bəzi məsələlərin həllini tələb edir: Onlar arasında Fransada saxlanılan bütün arxiv sənədlərinin Əlcəzairə qaytarılması önəmli yer tutur. Belə ki, törətdikləri vəhşiliklərin üzə çıxacağından qorxuya düşən Fransa hökuməti Əlcəzairdən oğurladıqları arxiv sənədlərini geri qaytarmaqdan imtina edir. Maraqlıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin arxivini də girov kimi özündə saxlayan Fransa hökuməti, hətta həmin arxivə daxil olmağa belə Azərbaycan tərəfinə imkan vermir. Göründüyü kimi, rəsmi Paris istər Əlcəzair, istərsə də Azərbaycanın öz tarixinə dair həqiqətləri öyrənməsində maraqlı deyil. Paralel olaraq, Əlcəzair Fransanın ərazisində keçirdiyi nüvə sınaqlarına dair qovluğun açılması, aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələrin təqdim edilməsi, sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və təzminat ödənilməsi tələbini də irəli sürür. Bu haqlı tələb qarşısında hər yeni Fransa Prezidenti fərqli və gülməli bəhanələr gətirərək məsələyə baxılmasını uzadır.
Azərbaycan tərəfini Ermənistanın mülki obyektlərini atəşə tutmaqda ittiham edən Fransa, Əlcəzair ərazisində həyata keçirtdiyi nüvə silahı sınaqları nəticəsində ərazinin ekoloji vəziyyətinə və əhalinin sağlamlığına ciddi ziyan dəydiyini yaxşı anlayır. Məsələnin ən dəhşətli tərəfi odur ki, yeraltı sınaqların hamısı Əlcəzair müstəqil olduqdan sonra gizli şəkildə həyata keçirilib. Yəni, Fransa müstəqil dövlətin ərazisində onun razılığı olmadan kütləvi qırğın silahının sınağını gerçəkləşdirib. Özünü müstəqil adlandıran Fransa məhkəməsinin məsələ ilə bağlı qərarı bu günə qədər verməməsi də Fransa demokratiyasının durumu ilə bağlı sual doğuran daha bir məqamdır. İkiüzlülüyün daha bir simvolu kimi Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını kəskin tənqid edən Fransanın müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəllə sümüyünü Parisdə muzeydə nümayiş etdirməsi ilə bağlıdır. Əlcəzair həmin kəllə sümüklərinin 500-nün əlcəzairlilərə məxsus olduğunu xatırladaq onları geri istəyir. Fransa isə vaxtı ilə müstəmləkə zülmü verdiyi, istismar etdiyi və öldürdüyü həmin xalqların hisslərini aşağılayan, təhqir edən bu muzey nümayişini dayandırmır, həmin kəllələri qənimət kimi saxlamağa üstünlük verir. Vurğulanması vacib olan əsas məqam isə Fransanın Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməkdən imtina etməsi ilə bağlıdır.
Hətta Prezident Emmanuel Makron daha da irəli gedərək Əlcəzairin Fransanın müstəmləkəsi olmasından əvvəl bir millət olaraq mövcud olub-olmamasını şübhə altına almış və Əlcəzairdə hakimiyyətin hərbi-siyasi sistem tərəfindən idarə etməsinə dair fikirlər səsləndirmişdi. Həmin fikirlər Əlcəzairdə qəzəblə qarşılanıb.
Qeyd olunmalıdır ki, Makronun cari ilin 25 avqust tarixində Əlcəzairə səfəri zamanı 12 fransız və əlcəzairli tarixçidən ibarət qarşılıqlı komissiyanın yaradılması da elan edilib. Komissiya ikin mərhələdə müstəmləkə və müharibə dövrünü əhatə edən hər iki ölkənin arxivlərinə daha geniş çıxışın təmin edilməsini nəzərdə tutur. Lakin, Fransanın komissiya yaratmaqla, Əlcəzairdə törətdiyi soyqırımı ilə bağlı vaxtı uzatmaq, məsələni tarixçilər səviyyəsinə endirməklə ona qarşı səsləndirilən ittihamları "tarixçilər tərəfindən iş aparılır” arqumenti ilə gündəlikdən çıxartmaq məqsədi daşıdığı görünür. Tarixçilərdən ibarət komissiyanın bu məsələni araşdırmalı olduğunu tələb edən Fransa, nədənsə "erməni soyqırımı” məsələsinə gəldikdə türk və erməni tarixçilərdən ibarət komissiyanın məsələni araşdırmasına ehtiyac görmür, birbaşa Türkiyə tərəfini soyqırımı törətməkdə ittiham edir.
Göründüyü kimi, ikili standartlar və riyakarlıq yuxarıda sadalanan bütün məqamlarda Fransanın dövlət siyasətinin əsas xəttini təşkil edir. Bu riyakarlıq isə demokratiya pərdəsi altında ədalətli yanaşma kimi təqdim olunur. (APA)