Ermənistan DALANDA: Sülh müqaviləsi haçan imzalanır? - DETALLAR

Ermənistan DALANDA: Sülh müqaviləsi haçan imzalanır? - DETALLAR

"Zəngəzur dəhlizinin açılmasına maneə törədən qüvvələr təkcə Ermənistanın daxilində deyil. Təbii ki, biz burada Ermənistanın baş naziri Nikol Paşinyanın da ikili, üçlü oyunlarını müşahidə edirik”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilnin fikrincə, səmimi etiraf etmək lazımdır ki, bu dəhlizin açılmasına ən böyük maneə yaradanlardan biri də İrandır:

"Yəni müharibə qurtarandan dərhal sonra İran Azərbaycanla sərhəddə 100 minlik ordu yığdı. Orada xüsusi hərbi təlimlər keçirdi. Bu, əvvəllər heç vaxt müşahidə olunmayan bir hal idi. Son zamanlar onların ali dini liderləri səviyyəsində bildirildi ki, "Ermənistanın sərhədlərinin dəyişdirilməsi bizim üçün qırmızı xəttdir”. Bu ifadələr Türkiyə, Rusiya və İran dövlət başçılarının iştirakı ilə gerçəkləşən Tehran sammitində söylənilmişdi. İlahiyyatçılar, din xadimləri müharibə ritorikalarından uzaq olmalıdırlar. Onların belə siyasi ritorikaları izsiz ötüşmür. Eyni zamanda, Ermənistanın daxilində də kifayət qədər qüvvələr var ki, Zəngəzur dəhlizinin açılmasında, eləcə də Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qətiyyən maraqlı görünmürlər. Onlar hələ də köhnə eyforiyadan ayrılmayıblar. Hələ də müharibə ritorikasından danışırlar. Belə olan halda təbii ki, təxribatlara yol açılır”.

Nəsib Məhəməliyev düşünür ki, həmin təxribatlar müəyyən xarici qüvvələr tərəfindən də dəstəklənir:

"Belə bir təəssürat formalaşır ki, Rusiya-Ukrayna müharibəsi fonunda digər lokal münaqişələrin olması zərurəti meydana çıxır. Prosesi tam açıqlamaq istəmirəm, amma beynəlxalq münasibətlər sistemində bu cür praktikalardan istifadə olunub. İctimai rəyi başqa istiqamətə yönəltmək üçün böyük qüvvələrə arada gərginlik ocaqları sərf edir. Bu cür gərginlik ocaqlarının "yaradılması” onlar üçün "zərurətə” çevrilir. Bu baxımdan, Ermənistanın öhdəliklərindən boyun qaçırması və mütəmadi olaraq təxribatlara əl atması yuxarıda sadaladıqlarıma söykənə bilər. Amma ümumilikdə götürdükdə, tam mənası ilə demək olar ki, Ermənistanla böyük sülh müqaviləsinin imzalanması bütövlükdə tarixi erməni xəstəliyinin, yəni "Böyük Ermənistan” xülyasının məhv olması deməkdir. Bu ideyaların arxivə atılması anlamına gəlir. Təbii ki, bu nüans da qlobal güclərə sərf eləmir”.

Ekspert hesab edir ki, bu amil ələlxüsus, Cənubi Qafqaz və Yaxın Şərq regionunda öz təsir imkanlarını saxlamaq istəyən qlobal güclərin marağında deyil:

"Bunu tam açıqlığı ilə söyləmək lazımdır. Ona görə də əgər Avropa Birliyi özünün başlatdığı nizamlanma prosesində prinsipial mövqe sərgiləsə, Ermənistanı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etsə, kommunikasiyalar açıla bilər. Hətta bu halda iqtisadi əməkdaşlığın başlaması da mümkündür. Bunun üçün Avropa İttifaqının kifayət qədər imkanları var. Belə olan halda kommunikasiyalar açılacaq, əməkdaşlıq başlayacaq. Qarabağın dağlıq hissəsindən erməni terrorçu dəstələri çıxarılacaq. Amma böyük sülh müqaviləsinin imzalanması ilə bağlı nikbin deyiləm. Bunun üçün bütün tərəflərin – həm daxili, həm də xarici qüvvələrin istəyi lazımdır. Onlarda bu istək hələlik görünmür. Ona görə də hücum diplomatiyamızı davam etdirməliyik. Bu cür diplomatik addımlarımızı daha da gücləndirməliyik. Ermənistan artıq dalana dirənib. İndi divar da qurtarır... Əgər beynəlxalq birliyin bir qədər təzyiqləri olarsa, o zaman müəyyən müsbət nəticələr əldə etmək mümkündür”.

Tural Turan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az