Ermənistan substantiv danışıqlara mane olmağa çalışır-Azərbaycan XİN

Ermənistan substantiv danışıqlara mane olmağa çalışır-Azərbaycan XİN

"Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetindəki çıxışı zamanı ənənələrinə sadiq qalaraq beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa çalışıb”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
 
Onun sözlərinə görə, E. Nalbandyan məqsədli şəkildə Vyana və Sankt-Peterburq görüşlərinin mahiyyəti və nəticələrini təhrif edib: " Ermənistan xarici işlər naziri tərəfinsən əsassız olaraq ikinci və üçüncü dərəcəli texniki məsələlər gündəmə gətirilməklə, əsas hədəfdən yayınmaq siyasəti yürüdülür. Sankt-Peterburq görüşünün əsas nəticəsi ondan ibarət idi ki, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə substantiv danışıqlara başlamalıdır. Substantiv danışıqların da yekun nəticəsi mövcud "status-kvo”nun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır. Danışıqlar prosesinin mahiyyəti və məğzi bundan ibarətdir. Substantiv danışıqlar prosesi gedir. Sadəcə olaraq Ermənistan tərəfi müxtəlif təxribatlarla, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif atəş hazırlığı məşqləri və digər təxribatçı addımlar həyata keçirməklə, bu prosesə mane olmağa çalışır". 
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az