"Əsgərin mənəviyyatı, tərbiyəsi olmasa döyüş əzmi olmaz"-KOMANDİRİN QEYDLƏRİ
Zahid TEYMUROV
Ehtiyyatda olan POLKOVNİK
Daxili Qoşunların sabiq Qərərgah rəisi
KOMANDİRİN QEYDLƏRİ: MİLLİ QÜSURLAR SİLSİLƏSİNDƏN...
1993-cü il fevralın 3-də cəbhə bölgəsində yerləşən, alaydan briqadaya çevrilməkdə olan qurumun komandiri kimi təyinat aldım. Qərargahın yerləşdiyi məktəbə gəldim. Artırmanın altında, sanki samosvaldan boşaldılmış silah topasını yerbəyer edən gizir ilk gördüyüm şəxsi heyətim idi. 6500 - də tabeçiliyimdə olmuşdu. Görüşdük, hal-əhval tutduq. Özünü sərbəst aparmağından anladım ki, komandiri olduğumdan xəbəri yoxdur. Çay, mürəbbə, limon. Qatıq, dovğa. Kefi kök idi, millət qayğısın çəkirdi. Silahları yoxlayıb siyahıya alırdı.
- Yoxlayıb yazılı arayışı mənə verərsən.
Təəcübləndi:
- Nəyinizə gərəkdi?
Açıqlama verdim. Əyin - başını səliqəyə salıb təzim etdi. Dedim, otur, danışaq. Xeyli söhbət etdik.
Axırda köksünü ötürüb dedi:
- Cənab polkovnik, vallah bura sizin yeriniz deyil. Siz aristokrat, tərbiyəli, mədəni adamsınız. Burda həris, oğru, torpaq, döyüş bilməyənlər də var. Siz dediyinizi həzm etməyəcəklər. Qırğın düşəcək. Yazıq əsgər, bunların əlində başını itirib. "Neujenniy" bir çarə tapmadınız ki, oturasız Bakıda?
İndi mən köksümü otürdüm:
- Əslində, mən əminəm ki, müharibə elə aristokratların, tərbiyəli, insanların yeridir. Əsgərin mənəviyyatı, tərbiyəsi olmasa döyüş əzmi olmaz. Müharibədə birinci cərgədə millətin ən dəyərli İnsanları olmalıdır.
TƏƏSSÜF Kİ, ONLARIN ÇOXUNU DÖYÜŞ SƏNGƏRLƏRİNDƏ GÖRMƏDİK. Torpaqdan dəm vuranda da, özlərini nəzərdə tutmurdular.
Mənim isə hərbi elmim, savadım, tərbiyyəm, mədəniyyətim bir Əsgərə çevrilməyimə ancaq bəs elədi.
Miq.Az