EŞQ ƏTİRLİ ŞEİRLƏR...

EŞQ ƏTİRLİ ŞEİRLƏR...

Coşqun  İBRAHİMLİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü

       Bu yaxınlarda “Şur nəşriyyatında” şair Namiq Hacıheydərlinin “Ey Türk döğulan” adlı şeirlər kitabı nəfis tərtibatla işıq üzü görmüşdür. Kitabda gənc müəllifin əsasən son iki ildə qələmə aldığı poeziya nümunələri toplanmışdır. Oxucuları ilə yeddinci dəfə görüşə gələn Namiqin əvvəlki kitablarında olduğu kimi bu kitabında da onun  narahat qəlbinin  həyəcanlı döyüntüləri hiss olunur. Təmiz və ülvü ilahi düşüncələrlə, bəşəri hislərlə yazılan,  Turan məfkurəsi,  yurdsevərlik duyğuları sonsuz məhbbətlə tərənnüm olunan kitabı əlinə alan oxucu sözün həqiqi mənasında böyük mənəvi zövq alır. Şeirlər səni elə bil ki, ağuşuna alır, pəmbə buludlar kimi xoş və işıqlı gələcəyə, saf əxlaqlı və pak mənəviyyatlı gələcəyə uçurur. 

   Açığını deyim ki, bəzən elə olur ki hansısa kitabı əlinə alırsan və iki-üç şeiri oxuduqdan sonra kitabı qatlayırsan və qoyursan bir kənara. Amma  Namiqin mənə elə bu günlərdə - aprel ayının 14-də Atatürk Mərkəzində keşirilən təqdimat mərasimində bağışladığı kitabı məni özünə elə çəkdi ki, burada çap olunan şeirləri dönə-dönə oxudum və sanki, elə hiss etdim ki, onların bəzisinin müəllifi elə mən özüməm. Bu mənada “Atam” şeiri xüsusilə  təsirlidir:

       İzini qoşdu izlərə,

       “Vida” söylədi bizlərə,

       Getdi gedərgəlməzlərə,

       Bir də geri dönməz atam.

      ... Dünya heç idi gözündə,

      Allah vardı hər sözündə,

      ...Ulduz oldu göy üzündə,

      Daha bir də sönməz atam.

 Övladın ataya olan böyük sevgisi şairin “Üçün” adlı şeirindən götürülmüş  aşağıdakı misralarında  poetik bir dillə və zənnimcə mükəmməl şəkildə  ifadə olunmuşdur:

 Dünya bizə bomboş gəlir,

 Dərdi hər kəsə tuş gəlir, 

 Ölüm gələrsə, xoş gəlir;

Atama qovuşmaq üçün.

       “Yağış yağır...”, “Səndən sonra”, “Ata”, “Ağlamaqdan”, “Analar” adlı şerləri oxuduqda fikirləşdim ki,  kaş, bütün övladlar atalarını, analarını böyük məhəbbətlə sevəydilər, onlara ehtiram göstərəydilər. Bəlkə də belə olsaydı,  insanın başına gələn bəlalar bu qədər çox olmazdı...

   Kitabda türk dünyasına böyük məhəbbət, dünyanın çox yerində haqqı tapdanmaqda olan türkün işıqlı gələcəyinə inam, Türk olan, İnsan olan hər kəsə və Tanrının yaratdığı hər şeyə tükənməz sevgi cəmlənmişdir. 

 “Ey Türk doğulan” şeirində oxuyuruq:

Aradım düzdə, dağda,

Suda, göydə, torpaqda,

Səni gəzdim uzaqda,

Sən demə təndəsənmiş.

Səni canda bəslədim,

Çiçək kimi süslədim,

Eşqə, dinə səslədim,

Əzəldən dindəsənmiş.

...Ulu dünyaya şansan,

Ədalətə həyansan.

Ey Türk doğulan insan,

Nə mutlu bəndəsənmiş!

      Namqin şeir dili lakonikliyi, şirinliyi və ürəyəyatımlığı ilə diqqəti cəlb edir. Onun şeirlərində xalq ruhu, folklordan bəhrələnmə hər bənddə, hər misrada  hiss olunur. Geniş mövzu dairəsinə malik olan şairin məhəbbət şeirləri də, vətənpərvərlik, qəhrəmanlıq motivli poetik nümunələri də, ictimai-fəlsəfi baxışları özündə əks etdirən qələm məhsulları da oxunaqlıdır, inandırıcıdır, qəlbləri isidəndir. Ümumiyyətlə,  Namiqin “Ey Türk döğulan” kitabı mənim üçün gözəl bir hədiyyə - səmimiyyət ətirli, həyata sonsuz məhəbbət rayihəli əlvan şeirlərdən ibarət  poeziya çələngidir. Onun bütün – istər Tanrıya, istər yurda, istərsə də insana ünvanlanan -  şeirlərinin mayası Eşqdən yoğrulub.  Bunu kitab təqdimatında çıxış edən tanınmış ziyalılar  və söz adamları  da təsdilədilər. Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, Musa Ələkbərli, ədəbiyyatşünas Tahir Şirvanlı, Oqtay Rza, Əlisəmid Kür, Fərqanə Mehdi, Dayandur Sevgin, Yusif Dirili, Böyükağa Mikayıllı və başqaları kitab haqqında ürəkdolusu danışdılar və müəllifi təbrik edərək ondan yeni-yeni poeziya inciləri gözlədiklərini bildirdilər. Şübhəsiz, Namiq Hacıheydərlinin kitabı haqqında ədəbi tənqid öz fikrini bildirəcək, oxucular lazımi qiymətini verəcəklər.  Kitaba ön söz yazan Ə.Ağayevin təbirincə desək,  “Şairin şeir dünyası o qədər zəngin və rəngarəngdir ki,” kiçik bir yazıda kitabın bədii məziyyətlərini tam açmaq  mümkün deyildir. Şeirlərdən saysız-hesabsız nümunələr gətirməyə də ehtiyac hiss etmirəm.  Bütün şeirlər  yüksək bədii zövqlə qələmə alınmışdır.

          Bir sözlə, Namiqin “Ey Türk döğulan”  adlı kitabından və kitabın təqdimatından  aldığım təəssurat çox xoş  oldu, qəlbimi isitdi, duyğulandırdı  və sonda Namiq Hacıheydərliyə ünvanlanmış misralara çevrildi;

                  Vaxtı yaxşı seçmişdin,

Zaman gəldi xoşuma,

Təqdimatın keçdiyi,

Məkan gəldi xoşuma.

Sözdən çələng toxudun,

Kitabını oxudum,

Bahar ətri qoxudu – 

“Yaman” gəldi xoşuma.

Şeirlərin şipşirin,

Yolu bağlansın şərin,

Düşüncəsi pak, dərin,

İnsan gəldi xoşuma.

Mübarək yol - getdiyin,

Şeirdi kəşf etdiyin,

                  İlhamla vəsf etdiyin,

                  Turan gəldi xoşuma.

                  Gizli qalmaz həqiqət,

Ucalıqdır ləyaqət,

                  Türk oğlunda dəyanət,

İman gəldi xoşuma.

       Bir daha şair dostumu yeni kitabının çap olunması münasibəti ilə təbrik edir ona yeni-yeni yaradıcılıq üğurları, tükənməz ilham,  sonsuz oxucu məhəbbəti arzulayıram. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az