Əxlaqsızlıq yuvası kimi bağlanan bar yenidən açıldı

Əxlaqsızlıq yuvası kimi bağlanan bar yenidən açıldı

Dekabrın 12-də Heydər Əliyevin anım günü şadyanalıq edib, diskotekaya ara verilməyən və nəticədə ictimai qınağa səbəb olan, polisin müdaxiləsi ilə əxlaqsızlıq yuvası olub-olmadığı araşdırılan “İnfiniti” gecə klubu fəaliyyətini bərpa edib.

Axar.az-ın əməkdaşı gecə klubunun yerləşdiyi əraziyə baş çəkərkən “İnfiniti” barının yenidən  fəaliyyətə başladığını müşahidə edib.

“İnfiniti” barının əxlaqsızlıq yuvası olduğu barədə yayılan xəbərlərə rəğmən, klubun fəaliyyətini yenidən bərpa etməsi isə qaranlıq olaraq qalır.

Ötən həftə Nəsimi Rayon Polis İdarəsindən “İnfiniti” barının əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə daxil olan məlumatın araşdırıldığı bildirilmişdi.

Bu gün isə Nəsimi RPİ-nin 22-ci polis bölməsindən Axar.az-a bildirilib ki, klubun fəaliyyəti ilə bağlı növbəti həftə ətraflı məlumat veriləcək:

“Hazırda bölmə bələdiyyə seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tərəfimizdən dairə və məntəqələrdə səsvermə blankları və qutuların mühafizəsi təmin edilir. Sözügedən məsələ ilə bağlı növbəti həftə sizi məlumatlandırmağa çalışacaq”.

Qeyd edək ki, dekabrın 12-də Heydər Əliyevin anım günü “İnfiniti” gecə klubunda əyləncə təşkil olunaraq, yüksək tonla musiqi səsləndirilib. Ərazidə olan polis əməkdaşları bunun sayğısızlıq olduğunu deyərək musiqinin dayandırılmasını tələb edib. Ancaq "İnfiniti" klubunun rəhbərliyi polisin tələbinə əhəmiyyət verməyib. Bundan sonra əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gələrək sayğısızlıq edən klubda araşdırmalara başlayıblar.

“İnfiniti” gecə klubunun əxlaqsızlıq yuvası olduğu barədə isə uzun müddətdir mediada xəbərlər gedir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az