Fazil Mustafa: "Satqın dedikdə, Əli Kərimli yada düşür"
"Yaxşı olardı ki, Əli Kərimlinin "satılmaması” barədə danışanlar
1995-ci il və sonrakı tarixə bir də nəzər salsınlar. Onda yadlarına
düşər ki, Əli Kərimli hakimiyyətlə hansı danışıqlara gedib”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri SİA
-ya
açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili
Fazil Mustafa "Milli Şura”nın koordinasiya şurasının üzvü Gültəkin
Hacıbəylinin mətbuata verdiyi müsahibəsində Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (AXCP) sədri Əli Kərimlinin heç vaxt satılmaması barədə
irəli sürdüyü iddialarına münasibətini bildirərkən deyib.
BQP başqanı eyni zamanda bildirib ki, ümumiyyətlə, onun (Əli
Kərimlinin) Əbülfəz Elçibəyə qarşı apardığı mübarizənin arxasında hansı
xəyanətlərin və satqınçılığın dayandığını, eləcə də Kərimlinin
yanındakıların da kimlər olduğunu xatırlayanlar yaxşı bilirlər: "Ona
görə də kimlərinsə tərəfindən tarixin bu dərəcədə təhrif olunması heç də
ciddi qəbul edilmir. Azərbaycan Xalq Cəbhəsində satqınçılığın əsasını
Əli Kərimli və bu gün onun yanında olan adamlar qoyub. Bu səbəbdən də
Xalq Cəbhəsi dağılmağa məhkum oldu”.
Fazil Mustafa AXCP sədri barədə bu cür iddia ilə çıxış edən Gültəkin
Hacıbəylinin Cəbhə haqqında danışmağa mənəvi haqqının olmadığını da
vurğulayıb və bildirib ki, əslində Azərbaycanda satqın dedikdə, birinci
olaraq, Əli Kərimli yada düşür: "Onu da qeyd edim ki, bu gün Əli
Kərimlinin "satılmamasını” iddia edən tərəflərin bu cür danışmağa mənəvi
haqları yoxdur. Çünki xəyanət, satqınçılıq dedikdə ilk olaraq,
təsəvvürlərdə məhz Əli Kərimlinin obrazı canlanır”.