Bu gün Dövlət Xəzər Dəniz Gəmiçiliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında 20 Yanvar hadisələrinin 23-ci ildönümünə həsr edilmiş mərasim keçirilib.
Vətəninfo.az-ın məlumatına görə, ilk olaraq Dövlət Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri, Akademiyanın tələbə və müəllim heyəti 20 Yanvar hadisələrinin 23-ci ildönümü münasibətilə şəhidlərimizin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanı ziyarət ediblər. Onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib və vətən oğullarının məzarı önünə əklil qoyublar.
Daha sonra Dövlət Dəniz Akademiyasında 20 Yanvar hadisələrinin 23-ci ildönümünə həsr edilmiş mərasim öz işinə başlayıb. Mərasimdə ölkəmizin azadlığı və torpaqlarımızın toxunulmazlığı uğrunda qurban gedən övladlarımızın xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə bildirilib ki, 1990-cı il yanvarın 20-də SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusunun hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə soxularaq silahsız insanları gülləbaran ediblər.
Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.
Xalqımız öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirir və onların xatirəsini ehtiramla yad edir. Ümumilikdə tədbirdə 20 Yanvar faciəsinin dəhşətlərindən və xalqımızın azadlıq mücadiləsindən danışılıb.
Bildirilib ki, ümummillli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib.
Həsən Həsənov
Vətəninfo.az