General Ali Baş Komandana SƏSLƏNDİ: "Xalq düşmənlərinə YOX deyərək..."

General Ali Baş Komandana SƏSLƏNDİ:

73 saylı Lənkəran şəhər Seçki Dairəsindən öz təşəbbüsüylə deputatlığa namizədliyini irəli sürən Azərbaycan Silahlı Qüvvələrinin sabiq korpus komandiri, general Qabil Məmmədov namizədliyinin qeydə alınmaması ilə bağlı şikayət edəcəyini açıqlamışdı. Mərkəzi Seçki Komissiyasının barəsində qəbul etdiyi qərəzli qərarından Bakı Apelliyasiya Məhkəməsinə şikayət ərizəsi verən və şəbəkələşmiş saxtakar məmur-oliqarxlara qarşı mübarizəsini hüquqi müstəvidə davam etdirəcəyini bildirən general özünün şəxsi feysbuk səhifəsində ölkə prezidentinə və ictimaiyyətə müraciət edib:


"Dəyərli Dostlar!

Davam etdirdiyim fəaliyyətlər haqqında Sizləri məlumatlandıraraq bildirmək istəyirəm ki, yanvarın 13-də, Bakı Apelliyasiya Məhkəməsi mənim şikayət ərizəmə baxmaqdan imtina etdiyindən, dünən saat 17-də, növbəti şikayət ərizəmi (Bakı Apelliyasiya Məhkəməsinə qarşı) Ali Məhkəməyə ünvanlayaraq Apelliyasiya Məhkəməsində təhvil verdim. Düşünürəm ki, yaxın 2 gün ərzində məhkəməm baş tutar. Görün artıq namizədliyimin təsdiqi məsələsi, məcburikən məni haralara gətirib çıxarıb. Əgər bir general hələ də ədalətə nail ola bilməyibsə, onda görün bu oliqarx-məmur şəbəkəsi sıravi vətəndaşların başına hansı oyunları açırlar.

73 saylı SDK sədri Kərim Heydərov, imzaladığı Qərar vasitəsilə, mənə qarşı saxta ittihamlar irəli sürəndə fikirləşmədi ki, onunla birlikdə Lənkəranın bir qrup korrupsioner vəzifəli şəxsləri (saxta sənədlər vermiş Polis rəisi və Daşınmaz Əmlak xidməti rəisi, Göyşaban kənd Bələdiyyə Nümayəndəsinin müavini və piramidanın başında duran şəhər icra hakimi) və MSK sədri, aldıqları rüşvət müqabilində öz maddi maraqlarını dövlət maraqlarından üstün tutmaqla mənə yox, ilk öncə ölkəmizin imicinə, qanunun aliliyinə, Dövlət Rəhbərinin apardığı islahatların sütununa, MM keçirilən Seçkilərin mahiyyətinə qarşı çox qəddarcasına və sarsıdılmaz zərbələr vururlar. Bunun adı birdir – düşünülmüş təxribat, nümayişkarcasına qanunları tapdalamaq, öz havadarlarının göstərişi əsasında Dövlət Rəhbərinin əmr və sərəncamları ilə hesablaşmamağı rüsvaycasına xalqımıza və müşahidəçi-monitorinq missiyasını yerinə yetirən xarici nümayəndələrə nümayiş etdirmək.

Dəyərli Dostlar!

Bu tip məmurlar Dövlətimizin düşmənləridirlər. Prezidentimiz onlar düz adlandırıb – ANTİ MİLLİ ÜNSÜR, VƏTƏN XAİNLƏRİ VƏ SATQINLAR. Belələrini meydanlara çıxarıb nümayişkarcasına Dar Ağacından asmaq və ya Çində olduğu kimi güllələmək lazımdır.

Bu səhifəmdən Dövlət Rəhbərim, Prezidentim və Ali Baş Komandanıma səslənərək xahiş edirəm:

Siz, vətəndaşlarımızın hüquqlarının əsas təminatçısı və Dövlətimizin taleyinə cavabdeh olan Ali Rəhbər kimi, Azərbaycanın gələcəyi və inkişafı, Qarbağımızın işğaldan azad olunması və şəxsən öz adınızdan tariximizə qızıl səhifələr yazmaq naminə, bu tip şərəfsiz milii satqın və xainlərə, xalq düşmənlərinə YOX deyərək dövlət orqan və strukturlarını onlardan təmizləyin, onlara qarşı nümayişkarcasına amansız mübarizə aparın. Xalq bunlardan bezib və səbrsizcəsinə atacağınız addımları gözləyirlər.
Bu işdə mən və mənim kimi minlərlə vətənpərvər, vicdanlı, namuslu və qeyrətli vətən övladı, olan bir quru canımızı da, düşünmədən Dövlətimizə, onun gələcəyi naminə fəda etməyə hazırıq.

Allah vətənimiz Azərbaycanı qorusun!"

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az