“GÜLƏR ƏHMƏDOVANIN ERMƏNİLƏRLƏ BİZNESİ OLUB”

“GÜLƏR ƏHMƏDOVANIN ERMƏNİLƏRLƏ BİZNESİ OLUB”

Sabiq YAP-çı deputatla bağlı daha bir sensasion iddia İqdırda müxbirimizə keçmiş deputat haqda şok faktlar veriblər; “Kürd əsilli təşkilat sədri vasitəsilə sabiq millət vəkili Ermənistana qida və geyim malları göndərirdi, bu işdə ”Kürd İsmayıl

Elşad Abdullayevin yaydığı mandat alveri videosu ilə ölkə gündəmindən düşməyən eks-deputat Gülər Əhmədova haqda daha bir iddia Türkiyədən gəldi. Bugünlərdə İqdırda olan əməkdaşımıza orda deyiblər ki, G.Əhmədovanın ASİM-DER-in (“İğdır Asılsız Erməni İddiaları ilə Mücadilə Dərnəyi”) keçmiş kürd əsilli başqanı ilə ticarət əlaqələri olub.

Mənbə müxbirimizə deyib ki, beynəlxalq erməni iddiaları ilə mübarizə dərnəyi olan ASİM-DER-in 12 fevral 2012-ci il tarixdə İqdırda təşkil etdiyi geniş toplantıda Azərbaycandan nümayəndə heyəti də iştirak edib: “Onların arasında o vaxt hakim partiyanı təmsil edən keçmiş deputat Gülər Əhmədova, ”Kürd İsmayıl" (Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri, DAK İdarə Heyətinin üzvü İsmayıl Ağayevi nəzərdə tutur-red.) da olub".

Məlumata görə, Gülər Əhmədova İsmayıl Ağayevin dəvəti ilə dərnəyin Türkiyənin İqdır şəhərində təşkil olunan geniş toplantısına qatılıb. Gülər Əhmədova həmin toplantıda Azərbaycan-Türkiyə əlaqələri və erməni iddiaları ilə bağlı geniş çıxış edib. İsmayıl Ağayev vasitəsilə toplantından sonra ASİM-DER-in başqanı Göksel Gülbeylə görüşən Gülər Əhmədova bir çox məsələlər ətrafında müzakirələr aparıb. 
İqdırdakı mənbəmiz həmin görüş barədə şok faktlardan da danışır: “Həmin görüşdə mən də iştirak edirdim. İndi rüşvət videosu ilə Azərbaycan gündəmindən düşməyən deputat Gülər Əhmədovanı ilk dəfə orada gördüm. İsmayıl Ağayevi isə çoxdan tanıyırdıq. Onun burada iri biznesi var. Üstəlik, o, kürd əsilli, Ermənistanda geniş ticarət əlaqələri quran ASİM-DER başqanı Göksel Gülbeylə ortaqdır. ”Kürd İsmayıl" ləqəbli bu şəxs Azərbaycandan İğdıra mal gətizdirir. Göksel Gülbeyin Ermənistanla geniş biznes əlaqələri var və bunu bilməyən yoxdur. O, İsmayıl Ağayevdən xahiş edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun güvənini qazanmağa ona kömək etsin. Həmçinin bildirib ki, burada ermənilər əleyhinə tez-tez konfrans və toplantılar təşkil edəcək. Azərbaycanın tanınmış siyasilərinin, millət vəkillərinin bu konfranslarda iştirakını təmin etmək tapşırığını da İsmayıl Ağayevə verir".
İqdırdakı mənbə deyir ki, həmin toplantıdan sonra ikinci dəfə İqdıra gələn Gülər Əhmədova ilə ASİM-DER başqanı böyük bir görüş keçirir. Həmin görüşdə Göksel Gülbey G.Əhmədova ilə bir masada biznes anlaşmalarını imzalayır. G.Əhmədova ticarət məsələlərini həll etmək üçün Bakıda İsmayıl Ağayevlə görüşür. İkinci onu əmin edir ki, bu əlaqələr onlara böyük gəlir gətirəcək. Ermənistanla böyük ticarət əlaqələrinə başlayan biznes ortaqları Bakıdan və Türkiyədən ərzaq və geyim sənayesinə aid malların Ermənistana ixracı ilə məşğul olurlar.
Məlum toplantında iştirak edən adının çəkilməsini istəməyən mənbəmiz isə deyir ki, Göksel Gülbey Dünya Azərbaycanlılarının 3-cü Qurultayında iştirak etmək üçün Gülər Əhmədovaya zəng vurub: “ASİM-DER başqanı onunla danışanda bildirdi ki, bu qurultayda onun iştirakını təmin etsin. Əsas məqsədi isə komitə sədri Nazim İbrahimovla görüşmək olub. Məqsəd isə ASİM-DER-ə Azərbaycanda maliyyə ayrılmasına nail olmaq idi. Gülər Əhmədova bu görüşün mümkünlüyü barədə söz verir. Amma qurultaya ASİM-DER başqanı dəvət olunmur. Bundan bərk qəzəblənən Göksel Gülbey Gülər Əhmədova ilə yollarının ayrıldığını bəyan edir. Ona zəng edərək olduqca qəzəbli və ağır tonda danışır. Bu olay ASİM-DER-in binası qarşısında Azərbaycan bayrağının endirilməsinə səbəb olur. Bu hadisə Türkiyə mediasında da böyük təpki ilə qarşılanır. Daha sonra dərnək başqanının müavini Serdar Ünsal bayrağın yerinə qaytarıldığı ilə bağlı mediaya açıqlama verir".
Məlumatlı mənbəmiz iddia edir ki, İ.Ağayev vasitəsilə bir müddət sonra tərəflər arasında barışıq olur və ticarət əlaqələri Gülər Əhmədova ilə bağlı məlum video söhbətinə kimi davam edir.

Gülər Əhmədova: “Onunla Azərbaycanda olanda da görüşmüşük, İqdırda da”

Bu iddialara Gülər Əhmədovanın da mövqeyini öyrəndik. “Yeni Müsavat”a açıqlamasında G.Əhmədova bildirdi ki, sözügedən toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov ümumiyyətlə iştirak etməyib: “O zaman Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ gündəmdə idi. Bu məsələ ilə bağlı Beynəlxalq Diaspor Mərkəzi tədbir keçirmişdi, mən də orada iştirak etmişəm. O toplantıdan çəkilən videomaterial youtube-da da var. Nazim İbrahimov o toplantıda yox idi. Nəinki Nazim İbrahimov, onun rəhbərlik etdiyi təşkilatdan heç kim toplantıda olmayıb”.
Göksel Gülbeye gəlincə, Gülər Əhmədova onu Azərbaycanın təəssübünü çəkən şəxs kimi tanıdığını deyir: “Onunla Azərbaycanda görüşmüşük, İğdırda da. Bildiyim qədəri ilə o, Azərbaycan-Türkiyə münasibətlərində yaxınlaşmanın, Ermənistanla bağlı məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyən insan olub. Onun Ermənistanda biznesinin olması haqda bilgim yoxdur. Təbii, mənim onunla ortaq biznes qurmağım haqqında deyilənlər də cəfəngiyyatdı. Onun ümumiyyətlə biznes həyatı ilə bağlı məlumatım yoxdur. Onun çıxışlarını eşitmişəm, yazılarını oxumuşam. Onu da deyim ki, Göksel bəy sosial şəbəkələrdə də olduqca fəaldır. Oradakı statuslarında da hər zaman Qarabağla, Azərbaycanla bağlı birmənalı şəkildə pozitiv fikirlər yazıb. Heç zaman eşitməmişəm ki, o, Azərbaycanın əleyhinə, Qarabağın statusu ilə bağlı hər hansı Azərbaycanın maraqlarına xidmət etməyən söz desin. Görüşümüz zamanı yalnız bu məsələləri müzakirə etmişik. Bundan başqa, o zaman mübahisəli bir məsələ yaranmışdı. Qars Universitetində erməni dili fakültəsi açmaq, Ermənistandan oraya müəllimlər gətirmək ideyası var idi. Bəziləri bunun təbliğat vasitəsi olacağını deyirdi, ancaq mən birbaşa əleyhinə çıxmışdım. O zaman hətta universitetin rektoru məni məhkəmə ilə hədələmişdi. Biz Göksel bəylə bu məsələni də müzakirə etmişdik və o, mənim mövqeyimin haqlı olduğunu demişdi”.
Gülər Əhmədovanın sözlərinə görə, ASİM-DER Macarıstanda erməni zabitini qətlə yetirdiyi üçün ömürlük həbs cəzası alan Ramil Səfərovun ilk müdafiəçiləri sırasında olub: “Azərbaycanda hələ bu məsələ ilə bağlı aktiv müdafiə o qədər də vüsət almamışdı, ancaq ASİM-DER təşkilat olaraq Ramil Səfərovun müdafiəsinə qalxmışdı. İnsanın haqqını yemək olmaz”.

İsmayıl Ağayev: “Bizim onlarla əməkdaşlıq protokolumuz var”

Bu məsələdə adı hallanan digər bir şəxs- Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri, DAK İdarə Heyətinin üzvü İsmayıl Ağayev deyir ki, Göksel Gülbeyin Gülər Əhmədova ilə ortaq biznesinin olmasından xəbərsizdir. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi təşkilat ASİM-DER-lə müttəfiqdir: “ASİM-DER erməni yalanlarına qarşı yaradılan bir təşkilatdır. Bizim onlarla əməkdaşlıq protokolumuz var. Tədbirlərdə tez-tez bir araya gəlirik. Fəaliyyətimizin əsas istiqaməti Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, qondarma erməni yalanlarını ifşa etməkdir”.
İ. Ağayev Gülər Əhmədovanın Göksel Gülbeylə birgə biznes əlaqələrinin olmasında adının vasitəçi kimi hallandırılmasına da aydınlıq gətirdi: “Doğrusu, ASİM-DER başqanının burada hansısa dövlət adamı, deputatla münasibətdə olması, biznes əlaqəsinə girməsi barədə xəbərsizəm və bunu birinci dəfə eşidirəm. Deyildiyi kimi, tərəflərin biznes anlaşmasında vasitəçi kimi iştirak etməmişəm. Özü də Göksel Gülbey heç vaxt Azərbaycan bayrağını aşağı endirən bir insan olmayıb. Bu əsilsiz iddialar İqdırda bir-biriləri ilə keçinə bilməyən təşkilatların ortaya atdığı bir yalandır”.

Musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az