"Görüş konstruktiv oldu"- Elmar Məmmədyarov
"İnanırıq ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”
AZƏRTAC-ın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Sankt-Peterburqda Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş görüşünə münasibətdə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir.
"Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika qatmaq barədə razılığa gəliblər”.
Report-un xəbərinə görə bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov üçtərəfli görüşdən sonra deyib.
Xəbərdə qeyd edilir ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanma prosesində dayanıqlı inkişafın əldə olunması ilə bağlı üçtərəfli bəyanatı müzakirələr ediblər.
"Son günlər Dağlıq Qarabağda atəşkəsə əməl olunur. Dövlət başçılarının görüşündə onları müşayiət edən şəxslər və köməkçilər iştirak etməyiblər”, S.Lavrov bildirib.
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serzh Sarkisian sonuncu dəfə bu ilin mayında Vyanada görüşüblər.
Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən daha 7 rayonu işğal ediblər.
Bu müharibədə hər iki tərəfdən ümumilikdə 30 minədək adam ölüb.
Bu il aprelin 2-dən 5-dək Dağlıq Qarabağdakı təmas xəttində yenidən qızğın döyüşlər gedib, hər iki tərəf onlarla itki verib.
Rusiyanın vasitəçiliyi ilə atəşkəs mayın 5-də yenidən bərpa edilib.
Miq.az